“Ötən illə müqayisədə heyətimiz daha yüksək səviyyədədi”

“Ötən illə müqayisədə heyətimiz daha yüksək səviyyədədi”


Xəbər verdiyimiz kimi, sentyabrın 6-da qadınlardan ibarət yığma komandalar arasında Avropa çempionatı keçiriləcək. Məlumat üçün bildirək ki, voleybolçularımız Xorvatiya, Rusiya və Belarus millisi ilə birlikdə C qrupunda yer alıb. Qitə yarışında qüvvəsini sınayacaq komandalar təlim-məşq toplanışların davam etdirirlər. Bu yaxınlarda, rəqibimiz olacaq Xorvatiya millisinin baş məşqçisi İqor Lovrinov Avropa çempionatı ilə bağlı açıqlama verib.
İlk matçını Drezdendə millimizə qarşı keçirəcək komandanın baş məşqçisi hələ heyəti tam formalaşdırmadığını bildirib. "Qitə çempionatında iştirak edəcək komandanın heyətini tam formalaşdırmamışıq. Yarışda hansı voleybolçunun iştirak edəcəyinə təlim-məşq prosesinin sonunda aydınlıq gələcək. Hazırda heyətlə bağlı ciddi bir problemimiz yoxdur. Maya Polyak yenidən komanda yoldaşları ilə birgə hazırlıq keçməyə başlayıb və bir neçə günə tam formada olacaq. Əlimizdən gələni edirik ki, yarış zamanı bir problemimiz olmasın. İntizamlı şəkildə məşqlərimizi davam etdiririk. Bir sözlə bizim iddiamız həqiqətən böyükdür. Çünki, ötən illə müqayisədə heyətimiz daha yüksək səviyyədədir. Ümumiyyətlə, biz hazırlıq keçdiyimiz Maribordakı şəraitdən gileylənə bilmərik. Yəni bu cəhətdən heç bir bəhanəmiz yoxdur”, - deyə o əlavə edib. Təcrübəli mütəxəssis qrupda yer alan komandalar barəsində də fikir söyləyib. İqor Lovrinov rəqiblərinin oyunları barəsində məlumatlar toplanıldığını da qeyd edib: "Bizim statistiklər ilk matçda üz-üzə gələcəyimiz Azərbaycan yığması barədə məlumatlar toplayır. Eyni zamanda, Rusiyanın Qran-pridəki çıxışını da diqqətlə izlədik. Onlarla bağlı artıq 2 videoyazımız da var. Bunu azərbaycanlılarla görüşdən sonra təhlil edəcəyik”.
Xorvatiya millisinin voleybolçusu Sanya Popoviç də Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Xorvatların lideri qrup mərhələsinin oyunlarına nikbin baxır. O bildirib ki, hazırda Mariborda təlim-məşq toplanışında olan komandada hər şey qaydasındadır: "Hazırlıqlarımız yüksək səviyyədə keçir. Gənclər, yeniyetmələr və əsas yığmada üst-üstə 14 il çıxış etmişəm. Demək olar ki, 1999-cu ildən indiki rejimlə çalışmağa öyrəşmişəm. Söhbət Xorvatiya millisindən gedəndə, həmişə yüksək əhval-ruhiyyədə və nikbin olmuşam. Avropa çempionatı ərəfəsində də eyni ilə belədir”. Voleybolçunun sözlərinə görə millimizlə keçirəcəkləri oyunla bərabər, Rusiya və Belarusla görüşlərdə də əsas hədəfləri qələbə qazanmaq olacaq: "Düşünürəm ki, bizim üçün əsas I mərhələni keçməkdir. Sonra isə hər şey mümkündür. Yığmamızın əksər üzvləri güclü klublarda çıxış edirlər. Bu səbəbdən son yarışlarla müqayisədə daha da güclənmişik. İnanıram ki, yığmadakı ən yaxşı oyunlarımız qarşıdakı turnirdə olacaq”.
Qeyd edək ki, xorvatlar qrupumuzun oyunlarına ev sahibliyi edəcək Drezdenə gəlincə bir neçə yoxlama matçı keçirməyi də planlaşdırırlar.