Azərbaycan çempionu "Rabitə” yeni mövsümün hazırlıqlarına start verib. Bakı təmsilçisi yeni baş məşqçisi Angiolino Frigoninin rəhbərliyi altında ilk təlim-məşq toplanışına Bakıda start verib.
Komandanın bir neçə oyunçusu millisinin düşərgəsində olduğundan məşqlərə qatılmayıb. İlkin olaraq, fiziki hazırlıq üzərində çalışan "rabitəçilər” ardınca Türkiyəyə səfər etməyi planlaşdırır. Komanda orada beynəlxalq turnirdə də qüvvəsini sınayacaq.
Məlumat üçün bildirək ki, komanda bir neçə voleybolçunu heyətinə qataraq güclənib. Belə ki, "rabitəçilər” Polşa millisinin voleybolçusu Katarjina Skovronska ilə danışıqları müsbət yekunlaşdırıraq 30 yaşlı hücumçu ilə bir illik müqavilə imzalayıb. 189 sm boya malik voleybolçu Çinin "Quançjou Everqrand” klubundan transfer edilib. O, Asiya klubundan əvvəl "Danter” (2001-2003), "Pila” (2003-2005, hər ikisi Polşa), "Viçentsa” (2005-2006), "Novara” (2006-2008), "Pesaro” (2008-2010, hamısı İtaliya) və "Fənərbaxça” (2010-2011, Türkiyə) klublarının şərəfini qoruyub.
Skovronska bu klublarda kifayət qədər titula sahib sahib çıxıb. Belə ki, o, 2 dəfə İtaliya çempionu (2009, 2010) adına layiq görülüb. Həmçinin oyunçu 1 dəfə İtaliya kubokunu (2009), 2 dəfə superkubokunu (2008, 2009) qazanıb. Katarjina bundan başqa Çin çempionatının qızıl (2012) və gümüş (2013), Türkiyə Superliqasının (2010) və superkubokunun qızıl medallarına (2011) yiyələnib. O, həmçinin 2010-cu ildə "Fənərbaxça” ilə klublararası dünya çempionatının və 2013-cü ildə "Quançjou Everqrand” ilə Asiya Çempionlar Liqasının qalibi olub. 2003-cü ildən öz ölkəsinin millisinin şərəfini qoruyan voleybolçu komanda ilə birlikdə 3 qat Avropa çempionu olub. Katarjina dünya çempionatının (2007), Çempionlar Liqasının "Dördlər finalı”nın (2008), Çin çempionatının (2013) və klublararası dünya çempionatının (2010) ən çox fərqlənən voleybolçusu seçilib. Katarjina bundan əlavə, Polşada son 7 ildə 4 dəfə ilin voleybolçusu, Türkiyə Superkubokunun və klublararası dünya çempionatının ən dəyərli oyunçusu adına layiq görülüb.
"Rabitə” Katarjina ilə yanaşı Macarıstan millisinin aparıcı voleybolçusu Dora Horvatla da razılığa gəlib. Məlumat üçün bildirək ki, 25 yaşlı voleybolçu Rusiyanın "Ufimoçka” klubundan transfer edilib. O, qarşıdakı mövsümdə Azərbaycan çempionunun şərəfini qoruyacaq. 2004-cü ildən öz ölkəsinin yığmasının heyətinə cəlb olunan Horvat əsasən İtaliya klublarındakı uğurlu çıxışı ilə fərqlənib. Belə ki, 2003-2006-cı illərdə vətənində "Vaşaş”ın heyətində yer alan 187 sm boya malik voleybolçu Apennin yarımadasında "Minevra” (2006-2010), "Novara” (2010-2012) və "Modena” (2012) klublarında mübarizə aparıb. O, 2005-ci ildə Macarıstan çempionatının qalibi olub. Qeyd edək ki, "Rabitəçilər” Skovronskadan əvvəl avstraliyalı Reyçel Rurku heyətinə cəlb edib. Komanda Katarjina Skorupa (Polşa), Foluke Akinradevo (ABŞ) və Aurea Kruz (Puerto-Riko) ilə müqavilənin müddətini artırıb.