Millimiz hazırlıqlarını davam etdirir

Millimiz hazırlıqlarını davam etdirir

Sentyabr ayında start götürəcək qadınlar arasında Avropa çempionatında mübarizə aparacaq komandamız təlim-məşq toplanışların davam etdirir. Faiq Qarayevin yetirmələri hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Voleybolçularımız Bakıda səfərdə olan "Uraloçka” (Rusiya) ilə qarşılaşıb. Görüş bu 3:1 hesabı ilə rəqibin xeyrinə yekunlaşıb. Əsas komandamızla yanaşı, millimizin əvəzedici heyəti də sınaq oyununa çıxıb. Həmyerlilərimiz ölkəmizdə təlim-məşq toplanışı keçən İsveçrə yığması ilə qarşılaşıb və onlara da məğlub olublar - 0:3. "Uraloçka”ya (Rusiya) 3:1 hesabı ilə məğlub olan komandamız növbəti gün eyni hesabla Rusiya təmsilçisini məğlub edib - 3:1 (25:13, 19:25, 25:23, 25:22).
Məlumat üçün bildirək ki, ıyun ayından Avropa Çempionatının finalına hazırlıqlara start verən milli komandamız əvvəlcə Latviyanın paytaxtı Riqa şəhərində təlim-məşq prosesi keçdi. Bunun ardınca yığmamız qitə çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə Qazaxıstanın Pavlodar şəhərində 20-ci dəfə keçirilən "Prezident Kuboku” turnirində qüvvəsini sınadı. Lakin komandamız bu turnirdə onlara bəslənilən ümidləri doğrulda bilmədi. Millimiz birinci turda Çinin "Lyaonin” klubu ilə qarşılaşmışdı.Çin təmsilçisi ilk turda qalib gəlmişdi. İkinci turda isə komandamız meydan sahiblərinin ikinci komandası ilə qarşılaşmışdı. Voleybolçularımız birinci turda olduğu kimi, ikinci turda da onlara bəslənilən ümidləri doğrulda bilmədi. Üçüncü turda isə komandamız Qazaxıstan yığmasının əsas komandası ilə qarşılaşmışdı. Bu oyunda komandamıza qələbə mütləq lazım idi. Çünki iki turda komandamız məğlubiyyətlə üzləşmişdi. Birinci hissə komandamız üçün yaxşı başlamadı. Belə ki, meydan sahibləri təmsilçilərimizi 10 top fərqi ilə məğlubiyyətə uğratdı. İkinci hissə də Qazaxıstan millisinin qələbəsi ilə yekunlaşdı. Növbəti hissədə isə yığmamız öz oyununu nümayiş etdirərək qalib gəldi. Dördüncü hissə də, komandamızın xeyrinə yekunlaşdı. Qalib gələn tərəfin adına aydınlıq gətirmək üçün komandalar tay-brekdə qüvvələrini sınamalı oldular. Burada isə bəxt bizdən üz döndərdi. Meydan sahibləri bu hissədə də qalib gələrək aktivlərinə növbəti xalları əlavə etdilər. Qadın voleybolçulardan ibarət yığmamız dördüncü turda Rusiyanın "Uraloçka” klubunun əvəzedicilərinə məğlub oldu. Rəqib hər 3 setdə millimizdən üstün olub. "Lyaonin”ə (Çin) qalib gələn Qazaxıstan millisi isə vaxtından əvvəl çempionluğu bayram etdi. Komandamız sonuncu turda Belarus millisi ilə qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə komandamız bütün oyunlarda məğlub olaraq özlərinə layiq olan oyunu göstərə bilmədilər. Daha sonra yığmamız Türkiyədə təlim məşqlərini davam etdirdi. Qeyd edək ki, Türkiyə millisi də Avropa Çempionatının Finalında mübarizə aparacaq. Millimiz qonşu ölkənin komandası ilə bir neçə yoldaşlıq görüşü keçirib. Faiq Qarayevin yetirmələri birinci oyunda 3:0 hesabı ilə məğlub olublar. Belə ki, voleybolçu qızlarımız birinci hissədə 8 top fərqi ilə məğlubiyyətə uğrayıblar. İkinci hissədə də komandamız qələbə qazana bilməyib. Üçüncü hissədə isə qarşılaşmanın taleyinə aydınlıq gəlib. 6 top fərqi ilə komandamızdan üstün olan Türkiyə millisi qalib gəlib. Ardınca millimiz Bakıda keçirilən beynəlxalq turnirin qalibi olub. Faiq Qarayevin yetirmələri hər 3 görüşü inamlı qələbə ilə bitirib. Belə ki, ilk matçda "Uraloçka”ya 3:0 (25:20, 25:20, 27:25) hesabı ilə qalib gələn komandamız ikinci sınağında əvəzedici heyəti ilə üz-üzə gəlib. Voleybolçularımız bu dəfə də (25:21, 25:20, 25:21) qələbə qazanıblar. Üçüncü oyununda Avropa çempionatının ev sahiblərindən biri olan İsveçrə ilə gücünü yoxlayan millimiz yenə məğlub olmayıb - 3:1 25:21, 16:25, 25:20, 26:24). İkinci yeri yalnız əsas komandaya məğlub olan əvəzedicilər qazanıb. "Uraloçka”nın 3-cü olduğu turnirdə İsveçrə yığması sonuncu olub.
Komandamızın yarışa qədər bir neçə yoldaşlıq oyununda da qüvvəsini sınayacağı gözlənilir.