Xəbər verdiyimiz kimi, qadın voleybolçular arasında Avropa çempionatına az müddət qalır. Milli yığmamız Rusiya, Belarus və Xorvatiya kimi komandalarla birlikdə C qrupunda qərarlaşıb. Voleybolçularımızla bərabər digər komandalar da qitə çempionatına hazırlıqlarını davam etdirir. Artıq Rusiya və Xorvatiya millisi yekun heyəti müəyyənləşdirib. Belarus millisi isə hazırlıqlarını davam etdirir. Məlumat üçün bildirək ki, belaruslar ötən həftə 3 yoxlama oyununda qüvvələrini sınadılar. Viktor Qonçarovun rəhbərlik etdiyi komanda birinci və ikinci görüşdə rəqibinə 3:2 hesabı ilə məğlub olublar. Üçüncü görüşdə isə belçikalılar rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Nəzərə alsaq ki, Qonçarov yeni bir komanda yaradıb və heyətin əsas hissəsini gənclər təşkil edir qitə çempionatında onların işi heç də asan olmayacaq. Çünki Avropa çempionatında kifayət qədər güclü komandalar işitrak edir. Buna görə onların medalçılar sırasına düşməsi inandırıcı görsənmir. Xorvatiya millisinə gəldikdə isə, onların imkanları yüksək qiymətləndirilmir. Voleybol mütəxəssisləri onları bu çempionatın tapıntısı kimi qiymətləndirirlər. Rusiya millisi bizim qrupda favorit göstərilsə də, onların da imkanları azdı.
Çünki Şimal qonşularımız Dünya Qran-prisində uğurlu nəticə göstərə bilmədilər. Voleybolçular onlara bəslənilən ümidləri doğrulda bilmədilər. Bəzi oyunçular bu məğlubiyyətin onlar üçün faydalı olduğunu söyləsələr də, bu özünə bəraət qazandırmaqdan başqa bir şey deyil. Voleybolçular həmin yarışa itirdikləri gücü qitə çempionatına sərf edəcəklərini bildirirlər. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, bu qrupda yer alan millimizin növbəti mərhələyə çıxmaq şansları çoxdur. Voleybolçu qızlarımız səylə öz üzərlərində işləyirlər. Oksana Parxemonkonun yenidən zədələnməsi isə komandamız üçün heç də yaxşı olmadı. O, Türkiyədə təlim-məşq toplanışı zamanı zədə alıb. Həkimlərin rəyinə əsasən o, 3 ay meydana çıxa bilməyəcək. Bu isə o deməkdir ki, Oksana Avropa çempionatında iştirak edə bilməyəcək. Buna baxmayaraq, inanırıq ki, digər voleybolçularımız onlara bəslənilən ümidləri doğruldacaqlar. Bunu deməyə komandamızın keçdiyi təlim-məşq toplanışı əsas verir. Məlumat üçün bildirək ki, komandamız iyun ayından Avropa Çempionatının finalına hazırlıqlarına start verib. Milli komandamız əvvəlcə Latviyanın paytaxtı Riqa şəhərində təlim-məşq prosesi keçdi. Bunun ardınca yığmamız qitə çempionatının final mərhələsinə hazırlıq xarakteri məqsədi ilə Qazaxıstanın Pavlodar şəhərində 20-ci dəfə keçirilən "Prezident Kuboku” turnirində qüvvəsini sınadı. Təcrübəli mütəxəssis Faiq Qarayev bu yarışda əsasən gənc voleybolçulara üstünlük vermişdi. Bu da başa düşülən idi. Çünki, baş məşqçi belə turnirlərdə gənc voleybolçulara daha çox oynamaq imkanını verərək onların oyun təcrübəsini artırır. Lakin komandamız bu turnirdə onlara bəslənilən ümidləri doğrulda bilmədi. Millimiz birinci turda Çinin "Lyaonin” klubu ilə qarşılaşmışdı. Çin təmsilçisi ilk turda qalib gəlmişdi. İkinci turda isə komandamız meydan sahiblərinin ikinci komandası ilə qarşılaşmışdı. Voleybolçularımız birinci turda olduğu kimi, ikinci turda da onlara bəslənilən ümidləri doğrulda bilmədilər. Üçüncü turda isə komandamız Qazaxıstan yığmasının əsas komandası ilə qarşılaşmışdı. Bu oyunda komandamıza qələbə mütləq lazım idi. Çünki iki turda komandamız məğlubiyyətlə üzləşmişdi. Birinci hissə komandamız üçün yaxşı başlamadı. İkinci hissə də Qazaxıstan millisinin qələbəsi ilə yekunlaşdı. Növbəti hissədə isə yığmamız öz oyununu nümayiş etdirərək qalib gəldi. Dördüncü hissə də, komandamızın xeyrinə yekunlaşdı. Qalib gələn tərəfin adına aydınlıq gətirmək üçün komandalar tay-brekdə qüvvələrini sınamalı oldular. Burada isə bəxt bizdən üz döndərdi. Meydan sahibləri bu hissədə də qalib gələrək aktivlərinə növbəti xalları əlavə etdi. Qadın voleybolçulardan ibarət yığmamız dördüncü turda Rusiyanın "Uraloçka” klubunun əvəzedicilərinə məğlub oldu. Rəqib hər 3 setdə millimizdən üstün olub. "Lyaonin”ə (Çin) qalib gələn Qazaxıstan millisi isə vaxtından əvvəl çempionluğu bayram etdi. Komandamız sonuncu turda Belarus millisi ilə qarşılaşdı. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə komandamız bütün oyunlarda məğlub olaraq özlərinə layiq olan oyunu göstərə bilmədilər. Daha sonra yığmamız Türkiyədə təlim məşqlərini davam etdirdi. Qeyd edək ki, Türkiyə millisi də Avropa Çempionatının finalında mübarizə aparacaq. Millimiz qonşu ölkənin komandası ilə bir neçə yoldaşlıq görüşü keçirib. Faiq Qarayevin yetirmələri birinci oyunda 3:0 hesabı ilə məğlub olublar. Belə ki, voleybolçu qızlarımız birinci hissədə 8 top fərqi ilə məğlubiyyətə uğrayıblar. İkinci hissədə də komandamız qələbə qazana bilməyib. Üçüncü hissədə isə qarşılaşmanın taleyinə aydınlıq gəlib. 6 top fərqi ilə komandamızdan üstün olan Türkiyə millisi qalib gəlib. Ardınca millimiz Bakıda keçirilən beynəlxalq turnirin qalibi olub. Faiq Qarayevin yetirmələri hər 3 görüşünü inamlı qələbə ilə bitirib. Belə ki, ilk matçda "Uraloçka”ya 3:0 (25:20, 25:20, 27:25) hesabı ilə qalib gələn komandamız ikinci sınağında əvəzedici heyəti ilə üz-üzə gəlib. Voleybolçularımız bu dəfə də (25:21, 25:20, 25:21) qələbə qazanıblar. Üçüncü oyununda Avropa çempionatının ev sahiblərindən biri olan İsveçrə ilə gücünü yoxlayan millimiz yenə məğlub olmayıb - 3:1 25:21, 16:25, 25:20, 26:24). İkinci yeri yalnız əsas komandaya məğlub olan əvəzedicilər qazanıb. "Uraloçka”nın 3-cü olduğu turnirdə İsveçrə yığması sonuncu olub. Sentyabr ayında start götürəcək qadınlar arasında Avropa çempionatında mübarizə aparacaq komandamız təlim-məşq toplanışlarını hələ də davam etdirir. Faiq Qarayevin yetirmələri hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Voleybolçularımız Bakıda səfərdə olan "Uraloçka” (Rusiya) ilə qarşılaşıb. Görüş bu 3:1 hesabı ilə rəqibin xeyrinə yekunlaşıb. Əsas komandamızla yanaşı, millimizin əvəzedici heyəti də sınaq oyununa çıxıb. Həmyerlilərimiz ölkəmizdə təlim-məşq toplanışı keçən İsveçrə yığması ilə qarşılaşıb və onlar da məğlub olublar - 0:3. "Uraloçka”ya (Rusiya) 3:1 hesabı ilə məğlub olan komandamız növbəti gün eyni hesabla Rusiya təmsilçisini məğlub edib - 3:1 (25:13, 19:25, 25:23, 25:22). Hazırda komandamız İsveçrədədir. İsveçrədə təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Rəqib Bakıda 3 dəfə məğlub etdiyimiz ev sahibləri olub. Komandamız Sürixdə də isveçrəlilərə qalib gəlib. Belə ki, hesabda 2 dəfə geri düşən yığmamız sonda rəqibindən güclü olduğunu sübut edib - 3:2 ( 22:25, 25:21, 23:25, 26:24, 15:8). Komandamızın bir neçə yoxlama oyununda qüvvəsini sınayacağı gözlənilir.