Xəbər verdiyimiz kimi, qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatına az vaxt qalır. Məlumat üçün bildirək ki, komandamız da bu mötəbər yarışda qüvvəsini sınayacaq. Faiq Qarayevin yetirmələri Rusiya, Belarus və Xorvatiya millisi ilə C qrupunda qərarlaşıb. Qitə çempionatına az müddət qalmasına baxmayaraq yığma komandalar hazırlıqlarını davam etdirir, baş məşqçilər və voleybolçular maraqlı müsahibələr verirlər. Belarus millisinin baş məşqçisi Viktor Qonçarov qrup mərhələsində oynayacaqları Azərbaycan, Rusiya və Xorvatiya millilərinin imkanlarını dəyərləndirib.
- Avropa çempionatının final mərhələsinə hazırlıq necə gedir?
- Hazırlığa avqustun 1-dən başlamışıq. Təlim-məşq toplanışına Staykada başladıq, Raubiçidə davam etdirdik. Səfərdə Belçika millisi ilə 3 matçda gücümüzü yoxladıq. Polşada keçəcəyimiz sonuncu təlim-məşq toplanışında 2 turnir və 1 neçə yoxlama matçda da işitrakımız nəzərdə tutulub. Sentyabrın 4-də Drezdendə olmalıyıq. Orada 2 gün sonra Rusiya yığmasına qarşı mübarizə aparacağıq. Həmçinin, Azərbaycan və Xorvatiya yığması ilə oynayacağıq. Bu qrupun matçlarının nə dərəcədə gərgin olacağını da demək çətindir. Çünki, bütün komandalar vaxtı ilə Avropa çempionatının final mərhələsində oynayıblar.
- Avropa çempionatında imkanlarınızı necə qiymətləndirirsiniz?
- Əlbəttə, Rusiya ilə matç çox çətin olacaq. Çünki onların reytinqi və təcrübəsi yüksəkdir. Rusiya Super Liqasında mübarizə aparan voleybolçular güclü olduğundan məşqçilər oyunçu seçimi baxımından çətinlik çəkmirlər. Son vaxtlar dünya və Avropa çempionatlarının təsnifat mərhələlərində Azərbaycan millisi ilə tez-tez qarşılaşırıq. Bu oyunlar ərzində bir dəfə onlara qalib gəlmişik, qalan görüşlərdə isə Azərbaycan millisi qələbələrə sevinib.
Bu yaxınlarda Nazarbayevin şərəfinə keçirilən yarışda da onlarla üz-üzə gəldik. Həmin görüşdə qalib gələn tərəf biz olduq. Həmin vaxt rəqib tərəfdən 4, bizim isə 3 aparıcı voleybolçumuz mübarizə aparmırdı. Buna görə də hesab edirəm ki, Avropa çempionatının final mərhələsində şanslar bərabər ola bilər. Xorvatiya millisinə gəlincə, onları gözlənilməz rəqib saymaq olar. Heyətlərində çoxlu təcrübəli oyunçular var və Polşa, Rusiya, İtaliya çempionatlarında çıxış edirlər. Xorvatlar bütün təşkilati və maliyyə məsələlərini həll etsələr, çox güclü komanda formalaşdıracaqlar. Nəticədə isə onlar ən yüksək yerlərə iddia edə bilərlər. Bir sözlə, Azərbaycan və yaxud Xorvatiya komandası ilə keçirilən oyunlarda qalib gəlib növbəti mərhələyə çıxmaq lazımdır.
- Voleybolçuların fiziki vəziyyəti sizi qane edirmi?
- Əlbəttə, istərdim ki, voleybolçuların fiziki formaları bir az da yaxşı olsun. Oyunçuların çoxu məzuniyyətdə olub: bəziləri məşq edib, digərləri yox. 1 ay ərzində heç bir çalışdırıcı bütün oyunçuları optimal formaya çatdıra bilməz. Təbii ki, hansısa hazırlıq mərhələsinə biz çatacağıq. Məzuniyyətdən sonra ilk növbədə texniki, taktiki hazırlığa fikir verilir. Bəzən məşqlər zamanı qızlarda zədələr əmələ gəlir. Bizim yüksək ixtisaslı həkimlərimiz əlindən gələn hər şeyi edirlər ki, onlar final mərhələsində optimal formada olsunlar. İndi gündə 2 dəfəyə 5-5,5 saat məşq edirik.
- Avropa çempionatına aparacağınız heyət məlumdurmu?
- Hazırda məşqlərdə 16 oyunçu iştirak edir ki, onlardan 14-ü Drezdenə gedəcək. Təbii ki, mənə hər hansı voleybolçunu komandadan ayırmaq çətindir. a