Azərbaycanı CEV kubokunda təmsil edəcək "Lokomotiv” daha bir voleybolçu ilə razılığa gəlib. Cənubi Koreya millisinin toppaylayıcısı Sa-Ni Kim Boluda təlim-məşq toplanışında olan "dəmiryolçular”ın düşərgəsinə qatılıb. Bununla da "Lokomotiv” 7 voleybolçu ilə hazırlığını davam etdirir. Qonşu ölkədə hazırlıq sentyabrın 10-dək nəzərdə tutulub.
Qeyd edək ki, baş məşqçi və 7 oyunçu ilə müqavilə bağlayan "dəmiryolçular” Lauren Gibbemeyerin ardından Uitni Dosti ilə danışıqları müsbət yekunlaşdırıb və 1 illik rəsmi müqavilə bağlayıb. 190 sm boya malik voleybolçu Cənubi Koreyanın "Huenqkuk” klubundan transfer edilib. Öz ölkəsinin yığmasında da çıxış edən 25 yaşlı Dosti İsveçrə və Puerto-Rikada da legioner həyatı yaşayıb. Qeyd edək ki, "dəmiryolçular” amerikalılar Lauren və Uitnidən əvvəl Cənubi Koreya millisinin voleybolçusu Sa-Ni Kimi və Serbiya yığmasının liberosu Suzana Sebiçi transfer edərək, ötənilki heyətdən Mariya Filipova (Bolqarıstan), Olqa Palçevskaya, Vera Klimoviç (hər ikisi Belarus) və Aleksandra Samoylova (Rusiya) ilə müqavilənin müddətini artırıblar.