Rusiyanın Ufa şəhərində keçirilən gənc güləşçilər arasında dünya çempionatına yekun vurulub. Yarışda qüvvəsini sınayan Azərbaycan pəhləvanları uğurla çıxış edərək dünya çempionatını 1 qızıl, 4 gümüş və 6 bürünc medalla başa vurublar. Yunan-Roma güləşçilərimiz çempionatda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Qızıl medalı ölkəmizin aktivinə Həsrət Cəfərov (67 kq) yazdırıb. Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) və Nihat Məmmədli (60) isə bürünc medallara sahib olublar. Çempionatın yekununda 101 xal toplayan yunan-Roma güləşi üzrə seçməmiz komanda hesabında Rusiya və İrandan sonra üçüncü pillədə qərarlaşıb.
Sərbəst güləşçilərimiz isə ölkəmizin aktivinə 3 gümüş və 2 bürünc medal yazdırıblar. Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramov (74 kq) ilə Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıblar. Yığmamız yekunda 122 xal toplayaraq, komanda hesabında İran, Rusiya və ABŞ millilərindən sonra dördüncü yeri tutub.
Qeyd edək ki, sərbəst güləş üzrə yığmamız medalların sayına görə son beş ilin ən yaxşı nəticəsinə imza atıb. Komandamız sonuncu dəfə 2016-cı ildə Fransanın Makon şəhərində keçirilən gənclərin dünya çempionatında beş medal qazanıb.
Qadın güləşçilərimizdən isə Jalə Əliyeva (59 ) və Birgül Soltanova (62 kq) çempionatı bürünc medalla başa vurublar. Komanda hesabında 44 xal qazanan qadın güləşçilərimiz 11-ci olublar.