Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək. Milli yığmamız Rusiya, Belarus və Xorvatiya kimi komandalarla birlikdə C qrupunda qərarlaşıb.
Bu qrupda yer alan millimizin növbəti mərhələyə çıxmaq şansları çoxdur. Çünki digər komandalara nisbətən yığmamız daha inamlı təsir bağışlayır. İnanırıq ki, voleybolçularımız onlara bəslənilən ümidləri doğruldacaq. Komandamızın keçdiyi təlim-məşq toplanışı belə deməyə əsas verir.
Məlumat üçün bildirək ki, komandamız iyun ayından Avropa Çempionatının finalına hazırlıqlarına start vermişdi. Milli komandamız əvvəlcə Latviyanın paytaxtı Riqa şəhərində təlim-məşq prosesi keçdi. Bunun ardınca yığmamız qitə çempionatının final mərhələsinə hazırlıq xarakteri məqsədi ilə Qazaxıstanın Pavlodar şəhərində 20-ci dəfə keçirilən "Prezident Kuboku” turnirində qüvvəsini sınadı.
Daha sonra yığmamız Türkiyədə təlim məşqlərini davam etdirdi. Qeyd edək ki, Türkiyə millisi də Avropa Çempionatının Finalında mübarizə aparacaq. Millimiz qonşu ölkənin komandası ilə bir neçə yoldaşlıq görüşü keçirib. Faiq Qarayevin yetirmələri birinci oyunda 3:0 hesabı ilə məğlub olublar. Belə ki, voleybolçu qızlarımız birinci hissədə 8 top fərqi ilə məğlubiyyətə uğrayıblar. İkinci hissədə də komandamız qələbə qazana bilməyib. Üçüncü hissədə isə qarşılaşmanın taleyinə aydınlıq gəlib. 6 top fərqi ilə komandamızdan üstün olan Türkiyə millisi qalib gəlib. Ardınca millimiz Bakıda keçirilən beynəlxalq turnirin qalibi olub. Faiq Qarayevin yetirmələri hər 3 görüşü inamlı qələbə ilə bitirib. Belə ki, ilk matçda "Uraloçka”ya 3:0 (25:20, 25:20, 27:25) hesabı ilə qalib gələn komandamız ikinci sınağında əvəzedici heyəti ilə üz-üzə gəlib. Voleybolçularımız bu dəfə də (25:21, 25:20, 25:21) qələbə qazanıblar. Üçüncü oyununda Avropa çempionatının ev sahiblərindən biri olan İsveçrə ilə gücünü yoxlayan millimiz yenə məğlub olmayıb - 3:1 25:21, 16:25, 25:20, 26:24). İkinci yeri yalnız əsas komandaya məğlub olan əvəzedicilər qazanıb. "Uraloçka”nın 3-cü olduğu turnirdə İsveçrə yığması sonuncu olub. Faiq Qarayevin yetirmələri hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Voleybolçularımız Bakıda səfərdə olan "Uraloçka” (Rusiya) ilə qarşılaşıb. Görüş bu 3:1 hesabı ilə rəqibin xeyrinə yekunlaşıb. Əsas komandamızla yanaşı, millimizin əvəzedici heyəti də sınaq oyununa çıxıb. Həmyerlilərimiz ölkəmizdə təlim-məşq toplanışı keçən İsveçrə yığması ilə qarşılaşıb və onlar da məğlub olublar - 0:3. "Uraloçka”ya (Rusiya) 3:1 hesabı ilə məğlub olan komandamız növbəti gün eyni hesabla Rusiya təmsilçisini məğlub edib - 3:1 (25:13, 19:25, 25:23, 25:22). Daha sonra komandamız İsveçrədə təlim-məşq toplanışında olub. Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 3 dəfə məğlub etdiyimiz ev sahibləri ilə qarşılaşıb. Komandamız Sürixdə də isveçrəlilərə qalib gəlib. Belə ki, hesabda 2 dəfə geri düşən yığmamız sonda rəqibindən güclü olduğunu sübut edib - 3:2 ( 22:25, 25:21, 23:25, 26:24, 15:8). İsveçrədə komandamız daha bir yoxlama matçında qüvvəsini sınayıb. Faiq Qarayevin yetirmələri Sürixdə yerli "Volero” ilə qarşılaşıblar. Oyun voleybolçularımızın 3:1 (25:22, 21:25, 28:30, 20:25) hesablı qələbəsi ilə yekunlaşıb. İnanırıq ki, bu hazırlıqlarda güc toplayan voleybolçularımız qitə çempionatında layiqli yer tutacaqlar.