Qadın voleybolçulardan ibarət Serbiya millisinin heyəti açıqlanıb. Yığmanın baş məşqçisi Zoran Terziç sentyabrın 6-da Almaniya və İsveçrədə start götürəcək Avropa çempionatında güvənəcəyi oyunçuları müəyyənləşdirib. Rusiyanın "Omiçka” klubunu da çalışdıran təcrübəli mütəxəssis yekun "14-liy”ə Azərbaycan Super Liqasından 2 voleybolçunu da daxil edib. Bunlar "Rabitə”nin blokçusu Nataşa Krsmanoviç və "Lokomotiv”in liberosu Suzana Sebiçdir. Qeyd edək ki, Serbiya millisi Bolqarıstan, Polşa və Çexiya ilə birgə D qrupunda yer alıb.