Qadın güləşçilərdən ibarət millimizin baş məşqçisi Aslan Ağayev yeni vəzifəyə təyin olunub. Təcrübəli mütəxəssis bundan sonra Astara Olimpiya İdman Kompleksinin direktoru kimi fəaliyyətini davam etdirəcək. Məhz bu səbəbdən 2005-2016-cı illərdə sərbəst güləş üzrə yığmamızda məşqçi kimi işləyən, 2017-ci ildən isə qadınlardan ibarət komandanı çalışdıran A.Ağayev millimizin baş məşqçisi vəzifəsindən ayrılıb. Oktyabrın 26-da Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyi mütəxəssislə görüşüb.
Yığma komandaların məşqçiləri və güləşçilərinin də iştirak etdiyi tədbirdə federasiyanın prezident əvəzi Namiq Əliyev A.Ağayevin sərbəst və qadın güləşinin inkişafında göstərdiyi xidmətlərə toxunub və bu yolda sərf etdiyi əməyə görə məşqçiyə təşəkkürünü bildirib. A.Ağayevə yeni işində uğurlar arzulayan N.Əliyev mütəxəssisə federasiya adından xatirə hədiyyələrini təqdim edib.
A.Ağayev məşqçilik fəaliyyəti boyunca əlindən gələni əsirgəmədiyini qeyd etməklə yanaşı, güləşin inkişafında N.Əliyevin böyük rol oynadığını deyib. Astara Olimpiya İdman Kompleksinin qapılarının güləşçilərin üzünə açıq olduğunu bildirən mütəxəssis bu idman arenasında təlim-məşq toplanışlarının keçirilməsi üçün şərait yaradılacağını da diqqətə çatdırıb.
Sonda AGF-nin vitse-prezidenti Elçin Cəfərov çıxış edərək A.Ağayevə məsul vəzifədə uğurlar arzulamaqla yanaşı, onun Astarada sərbəst və qadın güləşinin inkişafına təkan verəcəyini, bu növlər üzrə millilərimizə yeni güləşçilər bəxş edəcəyinə inandığını dilə gətirib.
Qeyd edək ki, qadın güləşçilərimiz noyabrın 1-dən 7-dək Serbiyanın Belqrad şəhərində keçiriləcək U-23 dünya çempionatında millinin məşqçiləri Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi altında çıxış edəcək.