Əliabbas Rzazadə: “Zəfər Günü ərəfəsində erməni idmançıya məğlub ola bilməzdim”

Əliabbas Rzazadə: “Zəfər Günü ərəfəsində erməni idmançıya məğlub ola bilməzdim”

Bu günlərdə Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilər arasında dünya çempionatı keçirilib.
2017-ci ildən keçirilən bu yarışda Azərbaycan pəhləvanları da qüvvələrini sınayıblar. Komandamız bu yarışda rekord nəticəyə imza atıb. Belə ki, bundan öncəki 3 dünya çempionatında (2017, 2018, 2019) cəmi 2 qızıl medal əldə olunmuşdusa, bu dəfə bir yarışda 3 güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Belqradda 3 qızıl və 3 bürünc medal qazanan Azərbaycan medalların əyarına görə dünya üçüncüsü olub. Ölkəmiz yalnız Rusiya və Ukraynadan geri qalıb.
Komandamıza qızıl medal qazandıran idmançılar arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyində olan  “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin yetirməsi Əliabbas Rzazadə (57 kq) də var.
1988-ci il mayın 21-də Astara rayonunun Rudəkənar kəndində anadan olan Əliabbas 8 yaşından sərbəst güləş növü ilə məşğul olmağa başlayıb. Şəxsi məşqçisi Aslan Ağayev olan Ə.Rzazadə bir müddətdən sonra məşqlərini “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyində davam etdirir. Karyerası ərzində 3 dəfə Azərbaycan çempionu adını qazanan pəhləvanımız həmçinin Avropa çempionatının ikiqat bürünc, bir dəfə isə gümüş mükafatçısı olub. O, bundan başqa həmçinin, dünya çempionatının da bürünc mükafatçısı adını qazanıb.
Bu günlərdə Serbiyada dünya çempionu adını qazanan güləşçimizlə və onun təmsil olunduğu “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sədri Fazil Hadıbəyovla əlaqə saxladıq. Həm pəhləvanımız, həm də idman cəmiyyətinin sədri qələbə barədə təəssüratlarını qəzetimizlə bölüşdü.
Zəfər Günü ərəfəsində çempionluq sevinci yaşayan pəhləvanımız qələbəsini Vətən müharibəsinin şəhidlərinə, qazilərinə və bütün Azərbaycan xalqına həsr etdiyini bildirib.
 “Dünya çempionatına çox yaxşı hazırlaşmışdıq. Yarışdan əvvəl Xasavyurtda iki həftə təlim-məşq toplanışında iştirak etdik. Federasiya rəhbərliyi və məşqçilər heyəti bizim üçün hərtərəfli şərait yaratmışdı. Bizə yaradılan şəraitə görə, federasiya rəhbərliyinə, məşqçilərə və təmsil olunduğum “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinə minnətdarlığımı bildirirəm. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı və sevinirəm ki, belə gözəl bir gündə, Zəfər Günü ərəfəsində  çempionluq adına sahib çıxdım. Qələbəmi xalqımıza, şəhidlərimizə və qazilərimizə həsr edirəm”, - deyə sərbəst güləşçimiz qeyd edib.  
Pəhləvanımız yarış haqda danışarkən 1/4 finalda erməni idmançı üzərində qazandığı qələbənin sevinc təəssüratlarını da bizimlə bölüşdü.
“Çempionatda ilk görüşüm Almaniya idmançısına qarşı oldu. Bu görüşdə rəqibimə 5:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazandım. 1/8 finalda Tacikistan idmançısını mübarizədən kənarlaşdırdım. 1/4 finaldakı rəqibim isə erməni güləşçisi oldu. Erməni idmançı ilə güləşəndə məsuliyyətim daha çox idi. Qalib gələcəyimə inanırdım. Çünki Zəfər Günü ərəfəsində erməni idmançıya məğlub ola bilməzdim. Bu qələbə isə mənim üçün ikiqat sevincli oldu. Görüş gərgin keçsə də, bütün gücümü ortaya qoyub növbəti mərhələyə vəsiqə qazandım. Finala vəsiqə uğrunda qarşılaşmada hindistanlı güləşçi ilə qarşılaşdım. Bu görüş həqiqətən də çox gərgin alındı. Amma buna baxmayaraq rəqibimə qalib gələrək finala vəsiqəni təmin etdim. Həlledici görüşdə isə qırğızıstanlı güləşçini 7:6 hesabı ilə məğlub edərək dünya çempionu adını qazandım. Bu qələbənin karyeramda xüsusi yeri var. Çalışacağam ki, gələcək yarışlarda da bu uğurumu təkrarlayım və Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanım”, - deyə Əliabbas Rzazadə qeyd edib.
 
 “Bu qələbə Zəfər Günü ərəfəsində bizim üçün
ikiqat bayrama çevrildi”

 
“Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sədri Fazil Hadıbəyov isə bu qələbənin idmançımızın gələcək karyerasında yeni səhifə açacağına və növbəti böyük qələbələrin başlanğıcı olacağına inandığını qeyd edib.


““Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi yaranandan bu günədək, Azərbaycan idmanı üçün yeni adlar, simalar bəxş edib. Təsadüfi deyil ki, bu cəmiyətin yetirmələri arasında dünya, Avropa çempionları və Olimpiya mükafatçıları var. Cəmiyyətin yetirmələri hər zaman öz uğurları ilə yığma komandanın tərkibində yer alıblar. Əliabbas Rzazadə də belə idmançılarımızdan biridir. “Zenit”in perspektivli idmançılarından olan Əliabbasın Zəfər Günü ərəfəsində qazandığı qələbəsi hər birimiz üçün sevindirici oldu. Düzdür, onun bütün görüşləri gərgin mübarizə şəraitində keçdi. Amma erməni güləşçi ilə mübarizəni xüsusilə fəqləndirmək olar. Bu qələbə Zəfər Günü ərəfəsində bizim üçün ikiqat bayrama çevrildi. İnanıram ki, Serbiyada qazandığı qızıl medal Əliabbasın gələcək karyerasında bir stimul olacaq.
Qeyd edim ki, pandemiya şəraitinə görə uzun müddət idi ki, klub və cəmiyyətlər bağlı idi. Amma buna baxmayaraq idmançılarımız öz fiziki hazırlıqlarını qorumağa çalışırdılar. Əliabbas pandemiyadan sonra gözəl forma yığaraq, çempion adını qazandı. Bu qələbədə onun məşqçilərinin də böyük əməyi var. Mən medal qazanan bütün idmançıları və onların məşqçilərini təbrik edir, onlara yeni qələbələr arzulayıram”, - deyə Fazil Hadıbəyov bildirib.  
 

            Azər Əlizadə