Sentyabrın 6-da Almaniya və İsveçrədə qadın voleybolçular arasında Avropa çempionatına start verildi. Komandamız Rusiya, Belarus və Xorvatiya kimi yığmalarla birlikdə C qrupunda qərarlaşmışdı. Məlumat üçün bildirək ki, millimiz 5-ci dəfə idi ki, qitə çempionatında iştirak edirdi. İlk dəfə 2005-ci ildə bu mötəbər yarışda mübarizə aparan Faiq Qarayevin yetirmələri artıq final mərhələlərinin ənənəvi iştirakçılarına çevriliblər. Ardıcıl 5-ci dəfə Avropa çempionatının həlledici mərhələsinə vəsiqə qazanan komandamızın geridə qalan 4 yarışda ən yaxşı nəticəsi 4-cü yer olub. 8 il əvvəlki debütdə yarımfinala yüksələn, lakin son 2 oyunu məğlub olaraq medala sahib çıxa bilməyən millimiz növbəti 3 çempionatda heç ilk "səkkizliyə” də düşməyib. Amma komanda 1 uğurlu üstünlüyü ondan ibarətdir ki, o heç vaxt mübarizəni qrupda dayandırmayıb. Final mərhələsində ən pis nəticəsi 12-ci yer olan təmsilçimiz bu turnirlərdə 7 qələbə qazanıb, 16 dəfə məğlub olub.
Budəfəki qitə yarışında isə komandamızın hansı nəticə göstərəcəyi maraqla gözlənilirdi. Voleybolçularımız yarışa qədər bir neçə dəfə təlim-məşq toplanışlarında olmuşdular. Bundan başqa, yığmamız bir neçə dəfə beynəlxalq turnirlərdə qüvvəsini sınamışdı. Buna görə komandamızın, ən azı, qrup mərhələsini keçməsini gözləmək olardı.
Faiq Qarayevin yetirmələri birinci turda Xorvatiya millisi ilə üz-üzə gəldilər. Çoxları xorvatiyalıları qitə çempionatının tapıntısı hesab edirdi. Rəqibin millimiz üzərində qələbə qazanması heç də inandırıcı görünmürdü. Buna baxmayaraq, İqor Lovrinovun yetirmələri oyuna daha fəal başladılar. Birinci hissədə ardıcıl xallar qazanan xorvatlar bu üstünlüklərini sonadək qorudular və qələbə qazandılar. İkinci hissədə isə millimiz mütləq qalib gəlməli idi. Çünki bu hissədə məğlub olacağımız təqdirdə işimizi bir qədər çətinləşdirə bilərdik. Buna görə komandamız bu hissədə xala-xal prinsipi ilə mübarizə apardı. Lakin voleybolçularımız yenə məğlubiyyətlə üzləşdilər.
Onlar heç cür öz oyunlarını göstərə bilmirdilər. Təmsilçilərimiz daha çox səhvlərə yol verirdilər. Komandamızın aparıcı üzvləri Natalya Məmmədova və Polina Rəhimova onlara bəslənilən ümidləri doğrulda bilmirdilər. Düzdür, Polina Rəhimovanın zədəsi yeni sağaldığından onu başa düşmək olardı. Lakin Natalya Məmmədova qitə çempionatına kimi öz formasını bərpa etmişdi. Üçüncü hissədə də Xorvatiya millisi üstünlüyü ilə yadda qaldı. Bunun məntiqi nəticəsi kimi, onlar bu hissədə də üstün olaraq Avropa çempionatına qələbə ilə başladılar. Millimiz isə bu məğlubiyyətlə turnir cədvəlində işini çətinləşdirdi. Oyundan sonra Xorvatiya komandasının baş məşqçisi İqor Lovrinov maraqlı açıqlama verib. "Azərbaycanla oyunda təcrübə böyük rol oynadı. Əlbəttə ki, startdakı qələbə bizim üçün əla oldu. Bu qələbə həm də qarşıdakı oyunlar üçün stimuldur. Biz Natalya Məmmədovanı zərərsizləşdirməyə böyük qüvvə sərf etdik. Bu da ki öz nəticəsini verdi. Ümid edirəm ki, komandam bu səviyyədə çıxışını davam etdirəcək, xüsusilə də Rusiya ilə oyunda”, - deyə o bildirib. Komandamızın aparıcı üzvü Natalya Məmmədova isə ilk oyunda uduzduqları üçün çox məyus olduğunu deyib: "İlk növbədə özümün göstərdiyim oyuna görə çox məyusam.
Bizdə Xorvatiya komandasının qurduğu taktikaya uyğun oyun alınmadı. İndi biz bu məğlubiyyəti tez unutmalıyıq. Qarşıdan gələn Belarus millisi ilə oyunda isə öz gücümüzü göstərməliyik”.
Xorvatiya millisinin kapitanı Sanya Popoviç isə Avropa çempionatına çox yaxşı hazırlaşdıqlarını vurğulayıb. "Avropa çempionatına çox yaxşı hazırlaşmışıq. Üstəlik yaxşı formadayıq. Özü də bu formaya lazım olan anda çatmışıq. Son yoxlama oyunları ilə müqayisədə böyük irəliləyiş etmişik. Biz Azərbaycanla oyuna yaxşı başladıq. Bu üstünlüyü matçın son zərbəsinə qədər qoruya bildik”, - deyə o bildirib. Azərbaycan - Xorvatiya oyunundan sonra ən məhsuldar oyunçunun adı məlum olub. Belə ki, balkanlıların üzvü Sanya Popoviç 17 xal toplamaqla komandasının 3:0 hesablı qələbəsinə töhfə verib. Azərbaycan millisinin ən yaxşısı isə Polina Rəhimova olub. O, 15 xalla matçın 2-cisidir. Komandamızın lideri və kapitanı Natalya Məmmədova isə bu dəfə 9 xalla oyunun 5-cisi, millimizin 2-cisi kimi fərqlənib. Millimizin oynadığı C qrupunda keçirilən digər görüşdə isə Rusiya millisi Belarus komandasından üstün olub. I turun digər görüşlərinə gəldikdə isə, A qrupunda yer alan Türkiyə millisi Hollandiya yığmasını məğlubiyyətə uğradıb. Almaniya komandası isə İspaniya millisini hər üç hissədə məğlub edərək qitə çempionatına qələbə ilə başlayıb. B qrupunda İtaliya yığması meydan sahibi İsveçrəni ilk oyunda xalsız qoyub. Belçika millisi Fransa komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. D qrupunda isə Avropa çempionatının ilk sensasiyası qeydə alınıb. Belə ki, Bolqarıstan komandası Avropa çempionatının favoritlərindən hesab edilən Serbiya millisinə qalib gəlib. Marçello Abbondanzanın yetirmələri əzmkar mübarizə apararaq 3:2 hesabı ilə qalib gəliblər. Məlumat üçün bildirək ki, Marçello Abbondanza bizim ölkə üçün yad məşqçi deyil. Belə ki, italiyalı mütəxəssislə "Rabitə” klubu dəfələrlə yüksək nailiyyətlər əldə edib. Çexiya millisi isə Polşa komandasına qalib gəlib. İkinci turda təmsilçilərimiz Belarus millisi ilə qarşılaşıb. Komandamızın turnir cədvəlindəki vəziyyətini nəzərə alsaq, voleybolçularımız bu oyunda mütləq qələbə qazanmalı idilər. Çünki qeydə alınan növbəti məğlubiyyət komandamız üçün pis nəticələnə bilərdi. Üstəlik rəqib də bizim üçün yad deyildi. Viktor Qonçarovun yetirmələri ilə yığmamız bir neçə dəfə üz-üzə gəlmişdi. Məlumat üçün bildirək ki, bu komandalar arasında keçirilən oyunlarda Belarus millisi komandamızı bir dəfə məğlubiyyətə uğradıb. Digər oyunlarda isə millimiz qələbə qazanıb. Bu oyunda isə hansı nəticənin qeydə alınacağı maraqla gözlənilirdi. Birinci hissədə hər iki komanda bərabər səviyyədə mübarizə apardı. Lakin sevinən tərəf Belarus millisi oldu. Artıq birinci hissədə qeydə alınan məğlubiyyət komandamızdakı psixoloji gərginlikdən xəbər verirdi. Çünki voleybolçularımız oyunlarını göstərə bilmirdilər. İkinci hissədə də belaruslar qələbəni bayram etdi. Üçüncü hissədə isə oyunun gedişi dəyişdi. Belə ki, bu dəfə yığmamız qalib gələrək əlavə ruh yüksəkliyi qazandı. Lakin bundan artığına komandamızın gücü çatmadı. Beləliklə, millimiz ardıcıl olaraq qrup mərhələsinin ikinci oyununda da məğlubiyyətlə üzləşdi. Bu məğlubiyyətdən sonra komandamız növbəti mərhələyə keçmək şansını sual altına qoydu. Çünki voleybolçularımız növbəti mərhələyə yüksəlmək üçün III turda Rusiya millisinə 3:0 hesabı ilə qalib gəlməli idi. Bu isə inandırıcı görünmürdü. İkinci turda digər qruplarda yer alan komandaların oyununa gəldikdə isə heç bir sensasiya qeydə alınmayıb. A qrupunda yer alan Almaniya millisi Hollandiya komandasından üstün oyun nümayiş etdirib. Türkiyə yığması isə İspaniya komandasını hər üç hissədə məğlubiyyətə uğradıb. B qrupunda İtaliya millisi Fransa komandasından üstün olub. Meydan sahibi İsveçrə isə bu dəfə də xalsız qalıb. D qrupunda Serbiya millisi Çexiya komandasına, Bolqarıstan yığması isə Polşa millisinə qalib gəlib.
Üçüncü turda növbəti mərhələyə yüksələcək komandaların adlarına aydınlıq gələcəkdi. Düzdü, yarışın 2-ci turundan sonra 7 komanda növbəti mərhələyə yüksəlmişdi. Belə ki, 2-ci qələbəsini qazanan Almaniya, Türkiyə, Belçika, İtaliya, Rusiya, Serbiya və Polşa yığmaları özləri üçün ən azı pley-offa vəsiqəni təmin etmişdilər. Digər 5 komandanın adına isə son tur aydınlıq gəlməli idi. Lakin bu 7 komanda da son turda da 1-ci olmaq üçün mübarizə aparacaqdılar ki, pley-offda deyil, birbaşa 1/4 finalda oynasın. 16 komandanın iştirak etdiyi yarışın ilk 2 günündə məğlub olan Azərbaycan yığmasının taleyinə isə sonuncu turda aydınlıq gəlib. Bu turda millimiz qrup liderlərindən sayılan Rusiya millisi ilə üz-üzə gəlirdi. Komandamız mütləq bu oyunda 3:0 hesabı ilə qalib gəlməli idi. Çünki hissələrin fərqinə görə komandamız Belarus millisindən geridə qalırdı. Bundan başqa rusların heyətində aparıcı oyunçu hesab edilən Anna Matiyenkonun oynamamısı da, bizə əlavə üstünlük verirdi.
Belə ki, 32 yaşlı təcrübəli voleybolçunun Belarusla I turun oyununda aldığı zədənin ciddi olduğu aşkarlanmışdı. Sol əlinin barmağı sınan Anna, ən azı, 6 həftə voleybol oynamayacaq. Bu isə onun üçün Avropa çempionatının bitməsi deməkdir. Oyuna ruslar fəal başlayıblar. Yenə komandamızın üzvləri çoxlu səhvlərə yol veriblər. Blokda və top qəbulunda səhvlər edən voleybolçularımız ardıcıl olaraq xallar itiriblər. Bunun sayəsində şimal qonşularımız 9 top fərqi ilə qalib gəliblər. İkinci hissə də eyni ssenari ilə davam edib. Üçüncü hissədə isə komandamız əzmkarlıq göstərməyə çalışıb. Lakin bu da heç bir fayda verməyib. Beləliklə, hər 3 oyunda məğlub olan komandamız qitə çempionatı ilə erkən vidalaşıb. Bununla da Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Avropa çempionatı final mərhələlərində özünün ən zəif nəticəsini göstərib. Ardıcıl 5 dəfə qitə birinciliyinin həlledici mərhələsində iştirak edən yığmamız anti-rekord müəyyənləşdirib. Belə ki, Almaniya və İsveçrənin ev sahibliyi etdiyi yarışda Faiq Qarayevin rəhbərlik etdiyi komanda ilk dəfə qrupda qalıb. Buna qədər belə bir nəticə qeydə alınmamışdı. Millimiz, ən azı, 1 qələbə qazanaraq, mərhələ adlamışdı və ən pis göstəricisi 12-ci yer olmuşdu. Bu dəfə isə Xorvatiya, Belarus və Rusiyaya millilərinə məğlub olan voleybolçularımız qrupda 4-cü pilləni tutaraq, yarışla vidalaşan 4 yığmanın sırasına düşdü. Bu, azmış kimi, ilk dəfə aktivinə cəmi 1 set yazan təmsilçimiz xal və hissə fərqinə görə də Bolqarıstanla İsveçrədən geri qaldı. Yalnız bir set belə qələbə qazanmayan ispanları qabaqlamağımız isə yarışda 15-ci olmağımızla nəticələndi. Bu da tariximizə anti-rekord kimi düşdü. Üçüncü turdan sonra növbəti mərhələyə keçən komandaların adına aydınlıq gəlib. C qrupunda Azərbaycana qalib gələrək, mərhələ adlayan Xorvatiya və Belarus yığmalarının rəqiblərinin adları da məlum olub. Onlar, müvafiq olaraq, Türkiyə və Hollandiya ilə münasibətlərinə aydınlıq gətirəcəklər. Digər cütlüklərdə İtaliya Polşanı, Çexiya isə Fransa millisini sınağa çəkəcək. Bu mərhələdə güclü olan yığmalar 1/4 finala yüksələcəklər . Bu mərhələdə isə onlar turnir cədvəlinin birinci pilləsində qərarlaşmış komandalarla üz-üzə gələcəklər. Məlumat üçün bildirək ki, Almaniya, Belçika, Rusiya və Serbiya qrup lideri kimi növbəti mərhələyə yüksəlmişdi.