İsveçrə Milli Olimpiya Komitəsi (IMOK) Beynəlxalq Olimpiya Komitəsini (IOC) Pekin-2022 Qış Olimpiya Oyunlarını təxirə salmağa çağırıb. Təklifi İsveçrə Olimpiya Komitəsinin prezidenti Ralf Ştokli irəli sürüb. O, hər gün idmançıların koronavirus infeksiyasına yoluxmasının dərin narahatlıq doğurduğunu qeyd edərək Beynəlxalq Olimpiya Komitəsini olimpiadanı ertələməyə çağırıb: “Hər gün idmançıların koronavirusa yoluxduğu barədə yeni xəbərlər eşidirik. Bizim Qış Olimpiya Oyunlarının açılış mərasiminədək az vaxtımız var. Belə olan halda yarışın təxirə salınması barədə düşünə bilərik. Əgər Olimpiadaya güclü idmançılar getməyəcəksə, bu zaman vəziyyət daha pis olacaq. Bu, tələb deyil. Biz bu variantın müzakirə olunmasını istəyirik. Qış idman növlərinin inkişaf etdiyi Avropa ölkələrində vəziyyət daha çətindir. Bütün bunlar nəzərə alınmalıdır”, - deyə Ralf Ştokli bildirib.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Pekin-2022-nin təxirə salınmayacağını bildirib. “İdmançıların arzularının puç olmaması üçün hər şeyi etməyə çalışacağıq. Bunun üçün Oyunlarda müəyyən edilmiş təhlükəsizlik həyat tərzinə çevrilməlidir”, - deyə Tomas Bax qeyd edib.
Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarının fevralın 4-20-də keçiriləcək. Hələlik olimpiadaya Azərbaycan fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova lisenziya qazanıb.