Transfer mövsümünün başa çatmasına baxmayaraq, bəzi voleybol klubları heyətinə yeni voleybolçular cəlb edirlər. Ötən mövsüm medalçılar sırasına düşə bilməyən "Lokomotiv” heyətini gücləndirməkdə davam edir. Belə ki, "dəmiryolçular” Dominikan Respublikasının voleybolçusu Prisilla Rivera ilə razılığa gəliblər. Klub rəhbərliyi təcrübəli oyunçu ilə 1 illik müqaviləyə imzalayıb. O, yeni klubuna Puerto-Rikanın "Pinkin de Korozal” klubundan transfer edilib. 29 yaşlı hücumçu komandası ilə birilkdə 3 dəfə İspaniya çempionatının qızıl medalını qazanıb. Bundan başqa, Rivera komandası ilə 4 dəfə bu ölkənin kubokuna da yiyələnib. Prisillanın medal kolleksiyasında İspaniya Super-kuboku da var.
Uğurlu çıxışları ilə dəfələrlə iştirak etdiyi turnirlərin ən dəyərli voleybolçusu seçilən yeni transferin ən sevimli nömrəsi "14”dür.
Qeyd edək ki, Riveranın gəlişi ilə "Lokomotiv”də oyunçuların sayı 12 olub. Bakı klubu buna qədər Valdone Petrauskayte (Litva), Aleksis Krimes, Lauren Gibbemeyer, Uitni Dosti (hər üçü ABŞ), Sa-Ni Kimi (Cənubi Koreya), Gizem Giraygil (Türkiyə), Katarina Barun (Xorvatiya) və Suzana Sebiçi (Serbiya) transfer edərək, ötən- ilki heyətdən Mariya Filipova (Bolqarıstan), Vera Klimoviç (hər ikisi Belarus) və Aleksandra Samoylova (Rusiya) ilə müqavilənin müddətini artırıb.