Pekin-2022 Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev qısa proqramla çıxışından sonra yarış təəssüratlarını bölüşüb. Qısa proqramda 18-ci yeri tutan təmsilçimiz ilk işin öhdəsindən gəldiyini, bir gündən sonra isə sərbəst proqramla bacarığını nümayiş etdirəcəyini bildirib:
“İlk tapşırığın öhdəsindən gəldim. Hazırda istirahət etmək vaxtıdır. Çünki qarşıda məni böyük sınaq gözləyir. Lakin istirahət etmək üçün elə də çox vaxtım yoxdur. Sabah saat 6-da yenidən məşqlərə başlayacağam. Bir gündən sonra isə yenidən buz üzərinə çıxacağam. Hesab edirəm ki, həmin gün mənim üçün daha uğurlu olacaq. Mən gücümə inanıram”.
Qeyd edək ki, qısa proqramda 84,15 bal toplayan idmançımız 18-ci yeri tutub. O, bu nəticə ilə fevralın 10-da kişi fiqurlu konkisürənlərin sərbəst proqramında çıxış etmək hüququ qazanıb. Sərbəst proqramda iştirak edəcək 24 idmançı arasında yer alan Vladimir Litvintsev 7-ci olaraq buz üzərinə çıxacaq.