Azərbaycan komandası Gürcüstanın Stepantsminda qəsəbəsində keçirilən "Red Bull Ger Getİt 2013” beynəlxalq ekstremal estafet yarışlarında 3-cü yeri qazanıb. Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 14-də keçirilən yarışlarda 15 komanda iştirak edib. Onlardan dördü Gürcüstanı, 10-u isə digər ölkələri təmsil edib.
Azərbaycan və Türkiyə komandalarının da qatıldığı nüfuzlu yarışlarda ölkəmizi Rauf Zeynalov (qayayadırmanma), Aqşin Bağırlı (dağçılıq velosipedi), İsmayıl Məmmədov (qaçış) və Emre Ertək (kayak) təmsil ediblər. Azərbaycan komandasının iştirakçıları bu tədbirə qədər bir-biri ilə tanış olmadıqlarına baxmayaraq, düzgün təşkil olunmuş iş və qarşılıqlı səmimiyyət komandaya üçüncü yeri qazandırıb. Birinci və ikinci yerlərə isə Gürcüstan komandaları çıxıblar. Yarışda AAF-ın dəstəyi ilə çıxış edən Rauf Zeynalov ən çətin sınaqlardan keçib. Səhhətində problem yaranmasına baxmayaraq, (həmin vaxt onun yüksək hərarəti olub) idmançımız kayak növündə çıxış edən idmançıdan estafeti alaraq velosipedçi İsmayıl Məmmədova ötürüb.
Komandamızın digər iştirakçısı Aqşın Bağırlı da çətinliklərlə üzləşib. O, qısa məsafələr və sprint üzrə ixtisaslaşsa da, yarışda yeddi kilometr məsafəni qaçmalı olub. Aqşin də, digər idmançılarımız da birgə tapşırıqların öhdəsindən şərəflə gələ biliblər. Gürcüstanda keçirilmiş beynəlxalq ekstremal estafet yarışı ölkəmizin idmançıları üçün yeni, maraqlı və şübhəsiz ki, uğurlu bir təcrübə olub. Qeyd edək ki, sözügedən yarışlar özündə bir neçə ekstremal idman növlərini - kayakinq (su turizmin növündən biri), dağçılıq velosipedi, dağlarda qaçış və qayayadırmanmanı birləşdirir.