Ölkəmizi bu il qadınlar arasında keçiriləcək Çempionlar Liqasında 3 komanda təmsil edəcək. Belə ki, "Rabitə” və "Azəryol” mötəbər yarışa lisenziyanı ölkə çempionatında, müvafiq olaraq, I və II yeri tutaraq əldə ediblər. "İqtisadçı” klubu isə güzəştli "Wild cart” vasitəsilə analoji yarışda iştirak etmək hüququ qazanıb. Artıq "tələbələrin” qrupda keçirəcəkləri oyunların vaxtı müəyyənləşib. Məlumat üçün bildirək ki, komandamız "Srvena Zvezda” (Serbiya), "Dinamo” (Moskva, Rusiya) və "Pyaçentsa” (İtaliya) ilə birlikdə B qrupunda yer alıb. İlk dəfə ÇL-də iştirak edəcək komandamız debüt matçında "Srvena Zvezda” klubu ilə üz-üzə gələcək. Səfərdə təşkil olunacaq matçda komandamızın qələbə qazanacağı inandırıcı görünür. Çünki təmsilçimiz yeni transferlər həyata keçirərək kifayət qədər güclənib. Belə ki, komanda rəhbərliyi ABŞ yığmasının voleybolçusu Aleksandra Klinemanla müqavilə imzalayıb. 24 yaşlı oyunçu yeni komandasına İtaliyanın "Villa Kortese” klubundan transfer edilib. Aleksandra buna qədər "Stanford University” (2007-2010) və "Skovolini” (2011-2012) klublarının şərəfini qoruyub. Apennin yarımadasında son 2 mövsümdə ölkə kubokunun finalında mübarizə aparan voleybolçu bu il həmin yarışın qalibi olub. 2008-ci ildən öz ölkəsinin millisinə dəvət alan Klineman 2011-ci ildə Panamerika Oyunlarında komandası ilə birlikdə bürünc medal qazanıb. 195 sm boya malik voleybolçu həmçinin gənclər yığmasının heyətində də mükafatçılar sırasında yer alıb.”İqtisadçı” klubu Çin millisinin oyunçusu Vey Kiuyue ilə, razılığa gəlib. 25 yaşlı toppaylayıcı ilə də 1 illik müqavilə imzalanıb. O, yeni komandasına "Tianjin” klubundan transfer edilib. 182 sm boya malik toppaylayıcı "Tianjin”la 7 dəfə Çin çempionu, 3 dəfə Asiya Çempionlar Liqasının qalibi olub. O, həmçinin ölkə çempionatında gümüş medal da qazanıb. 2006-cı ildə əsas milliyə dəvət alan voleybolçu 200-dən artıq oyunda qüvvəsini sınayıb. Kiuyue Asiya Oyunlarının (2010), Asiya çempionatının (2011) və Asiya kubokunun (2008, 2010) qalibi olub. Çinli oyunçu qitə çempionatının 2 (2007, 2009), dünya Qran-prisinin 1 gümüş (2007), Pekin Yay Olimpiya Oyunlarının (2008) və dünya çempionatının bürünc (2011) medalına yiyələnib. Bakı təmsilçisi Çin millisinin toppaylayıcısı Vey Kiuyuenin ardınca orta sahə oyunçusu Yun Ven Manı da heyətinə cəlb edib.
189 sm boya malik 27 yaşlı voleybolçu ilə 1 illik razılıq əldə olunub. O, "İqtisadçı”ya "Şanxay” klubundan transfer edilib. Ma öz komandası ilə 3 dəfə (2009, 2010, 2012) Çin çempionu olub. 2005-ci ildən əsas yığmaya çağırılan oyunçu burada 189 oyunda qüvvəsini sınayıb. Millisi ilə o 2 dəfə Asiya kubokunun (2008, 2010), 2 dəfə Asiya çempionatının (2005, 2011) və 1 dəfə Asiya Oyunlarının (2010) qızıl medalına yiyələnib. O, həmçinin dünya Qran-prisinin (2007), Asiya çempionatının (2007, 2009) ikincisi, Pekin Olimpiadasının (2008) və Dünya kubokunun üçüncüsü olub. "İqtisadçı” Hollandiya millisinin voleybolçusu Manon Flier və İtaliya yığmasının sabiq oyunçusu Valentina Serena ilə danışıqları müsbət yekunlaşdırıb. 32 yaşlı toppaylayıcı yığması ilə 1998 ildə Avropa çempionu olub. O, həmçinin komandası ilə birlikdə Polşa çempionluğunu, ölkə və CEV kubokunu qazanıb. Bu cür təcrübəli voleybolçuların keçidini reallaşdıran "İqtisadçı” qarşısına "dördlər finalı”na vəsiqə qazanmağı məqsəd qoyub. Növbəti turda isə universitet tələbələri "Dinamo” klubu ilə münasibətlərinə aydınlıq gətirəcəklər. Üçüncü turda isə təmsilçimiz İtaliya təmsilçisi "Pyaçentsa” klubu ilə qarşılaşacaq. Birinci dövrə yekunlaşdıqdan sonra komanda ikinci dövrədə də həmin komandalarla yenidən görüşəcək. Digər təmsilçimiz "Rabitə” isə A qrupunda yer alıb. "Rabitəçilər” bu qrupda "Omiçka” (Rusiya), "Beziers” (Fransa) və "Drezdner” klubları ilə üz-üzə gələcək. Məlumat üçün bildirək ki, "Rabitə” ötən mövsüm ÇL-in finalına yüksəlmişdi. Komandamız yalnız finalda Türkiyənin "Vakıfbank” klubuna məğlub olaraq gümüş medal qazanmışdı. Bu il isə komandanın əsas məqsədi kuboka sahib olmaqdır. Bunun üçün klub rəhbərliyi bir neçə voleybolçunun keçidini reallaşdırıb. Belə ki, "rabitəçilər” Polşa millisinin voleybolçusu Katarjina Skovronska ilə danışıqları müsbət yekunlaşdıraraq birillik müqavilə imzalayıblar. 189 sm boya malik voleybolçu Çinin "Quançjou Everqrand” klubundan transfer edilib. O, Asiya klubundan əvvəl "Danter” (2001-2003), "Pila” (2003-2005, hər ikisi Polşa), "Viçentsa” (2005-2006), "Novara” (2006-2008), "Pesaro” (2008-2010, hamısı İtaliya) və "Fənərbağça” (2010-2011, Türkiyə) klublarının şərəfini qoruyub.
Skovronska bu klublarda kifayət qədər titula sahib çıxıb. Belə ki, o, komandası ilə 2 dəfə İtaliya çempionu (2009, 2010) adına layiq görülüb. Həmçinin oyunçu komandası ilə 1 dəfə İtaliya kubokunu (2009), 2 dəfə super-kubokunu (2008, 2009) qazanıb. Katarjina bundan başqa, Çin çempionatının qızıl (2012) və gümüş (2013), Türkiyə Super-liqasının (2010) və super Kubokun (2011) qızıl medalına yiyələnib. O, həmçinin 2010-cu ildə "Fənərbağça” ilə klublararası dünya çempionatının və 2013-cü ildə "Quançjou Everqrand” ilə Asiya Çempionlar Liqasının qalibi olub. 2003-cü ildə öz ölkəsinin millisinin şərəfini qoruyan voleybolçu komanda ilə birlikdə 3 qat Avropa çempionu olub. Katarjina dünya çempionatının (2007), Çempionlar Liqasının "dördlər finalı”nın (2008), Çin çempionatının (2013) və klublararası dünya çempionatının (2010) ən çox fərqlənən voleybolçusu seçilib. Katarjina bundan əlavə, Polşada son 7 ildə 4 dəfə ilin voleybolçusu, Türkiyə Super-kubokunun və klublararası dünya çempionatının ən dəyərli oyunçusu adına layiq görülüb.
"Rabitə” Katarjina ilə yanaşı, Macarıstan millisinin aparıcı voleybolçusu Dora Horvatla da razılığa gəlib. Məlumat üçün bildirək ki, 25 yaşlı voleybolçu Rusiyanın "Ufimoçka” klubundan transfer edilib. O, qarşıdakı mövsümdə Azərbaycan çempionunun şərəfini qoruyacaq. 2004-cü ildən öz ölkəsinin yığmasının heyətinə cəlb olunan Horvat, əsasən, İtaliya klublarındakı uğurlu çıxışı ilə fərqlənib. Belə ki, 2003-2006-cı illərdə vətənində "Vaşaş”ın heyətində yer alan 187 sm boya malik voleybolçu Apennin yarımadasında "Minevra” (2006-2010), "Novara” (2010-2012) və "Modena” (2012) klublarında mübarizə aparıb. O, 2005-ci ildə öz klubu ilə Macarıstan çempionatının qalibi olub. Qeyd edək ki, "rabitəçilər” Skovronskadan əvvəl avstraliyalı Reyçel Rurku heyətə cəlb ediblər. Komanda Katarjina Skorupa (Polşa), Foluke Akinradevo (ABŞ) və Aurea Kruz (Puerto-Riko) ilə müqavilənin müddətini artırıb. Qeyd edək ki, təmsilçimiz ilk oyununu Bakıda keçirəcək. Onlar Rusiyanın adlı-sanla klublarından hesab edilən "Omiçka” ilə qarşılaşacaq. Məlumat üçün bildirək ki, rəqibin heyətində Azərbaycan yığma komandasının üzvü Nataliya Məmmədova yer alıb. Nataliya əvvəllər "Rabitə” klubunun şərəfini qoruyub. Voleybolçumuzun köhnə komandasına qarşı mübarizə aparacağını nəzərə alsaq, oyunun gərgin və maraqlı keçəcəyini indidən gözləmək olar. İkinci turda komanda "Beziers” klubu ilə üz-üzə gələcək, üçüncü turda "Drezdner” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Birinci dövrədə olduğu kimi, ikinci dövrə də "Rabitə” həmin klublarla yenidən qarşılaşacaq. E qrupunda isə daha bir təmsilçimiz olan "Azəryol” "Yamamay”, "Qalatasaray” və "Konegliano” klubları ilə qüvvəsini sınayacaq. "Dəmiryolçular”ın güclü rəqiblərlə qarşılaşacağını desək, yanılmarıq. Çünki qrupumuzda yer alan komandaların hamısı öz ölkələrinin çempionatında titullu komandalardan hesab olunur. Güclü rəqiblərlə bərabər səviyyədə mübarizə aparmaq üçün "Azəryol” güclü voleybolçuları komandanın heyətinə cəlb edib. Belə ki, komanda ABŞ millisinin voleybolçusu Tom Loqanla razılığa gəlib. 32 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb. O, Bakı klubuna Braziliyanın "Unilever” klubundan transfer edilib. Loqan buna qədər "Stanford University” (1999-2002, ABŞ), "Minas” (2003), "Cesi” (2003-2004), "Çyieri” (2004-2005), "Novara” (2009-2010, hamısı İtaliya), "Volero” (2005-2006, İsveçrə), "Tenerife” (2006-2007, İspaniya), "Quançjou Everqrand” (2010-2011, Çin) və "Fənərbağça” (2010-2012, Türkiyə) klublarının heyətində çıxış edib. Yer aldığı bütün klublarda medal qazanan Tom avrokubokların da müxtəlif növ medallarına layiq görülüb. 2012-ci ildə isə o, "Fənərbağça” klubu ilə Bakıda Çempionlar Liqasının qızıl medalını qazanıb. O, yığmasının heyətində də kifayət qədər titula yiyələnib. 2000-ci ildən əsas komandada çıxış edən Tom dünya Qran-prisinin 4 dəfə qızıl (2001, 2010, 2011, 2012), 2 dəfə bürünc medalına (2003, 2004) sahib çıxıb. Pekin və London Olimpiadasının finalında qüvvəsini sınayan voleybolçu 2002-ci ildə dünya çempionatının gümüş medalına yiyələnib. Loqan Dünya kubokunun 1 gümüş (2011) və 2 bürünc (2003, 2007) medalına da yiyələnib. O, titul qazandığı yarışlarda dəfələrlə ən yaxşı voleybolçular arasında yer alıb. Qeyd edək ki,”Azəryol” Oksana Porxomenko, Kseniya Kovalenko ilə müqavilələrnin müddətini artırıb. Təmsilçimiz birinci oyun günündə İtaliyanın "Yamamay” klubu ilə üz-üzə gələcəklər. Rəqib kifayət qədər güclüdür. Qeyd edək ki, italiyalılar ötən mövsüm "dördlər finalı”na vəsiqə qazanmışdılar. İkinci turda komanda "Qalatasaray”la qarşılaşacaq. Birinci dövrənin son oyununda isə "dəmiryolçular” "Konegliano” ilə üz-üzə gələcəklər. İkinci dövrədə də komanda həmin klublarla yenidən görüşəcək.