Böyük Britaniyada Vindzor qəsrinin ərazisindəki ənənəvi “Kral Atçılıq Şousu”nda Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı olub.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından OlimpNews.az-a verilən məlumata görə, Britaniyayadək böyük yol qət etmiş 15 Qarabağ atının iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqramı tamaşaçılar yüksək rəğbətlə qarşılayıb.
5 000 tamaşaçının tribunalardan və milyonlarla insanın ekran qarşısında canlı baxdığı 6 dəqiqəlik “Odlar yurdu” tamaşasında süvarilərin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqi sədaları altında milli rəqslər izləyiciləri valeh edib.
Həftəsonu Azərbaycan heyətinin daha 3 çıxışı nəzərdə tutulur. Həmin tədbirlər İngiltərənin böyük izləyici kütləsinə malik televiziya kanallarında və internet platformalarında canlı təqdim olunacaq.