ABŞ komandası qızıl medala sahib çıxıb

ABŞ komandası qızıl medala sahib çıxıb


Qadın voleybolçular arasında keçirilən Şimali Amerika və Karib Dənizi Hövzəsi ölkələrinin (NORCECA) çempionatına yekun vurulub.
ABŞ millisi bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi adını qazanıb. Heyətində Azərbaycan Super-liqasında forma geyinəcək Kayla Banvart ("Rabitə”), Lauren Paolini ("İqtisadçı”) və Lauren Gibbemeyerin ("Lokomotiv”) yer aldığı amerikalılar finalda Dominikan Respublikasının millisi ilə üz-üzə gəliblər. Birinci hissə ABŞ yığmasının qələbəsi ilə yekunlaşıb. İkinci hissədə də onlar rəqibindən üstün oyun nümayiş etdirib. Üçüncü hissədə isə Dominikan Respublikası qələbəyə sevinib. Lakin onların bundan artığına gücü çatmayıb. Belə ki, növbəti hissədə də qalib gələn ABŞ komandası qızıl medala sahib çıxıb. Məlumat üçün bildirək ki, gümüş mükafatçıların heyətində də azarkeşlərimiz üçün tanış simalar yer alıb. Belə ki, dominikanlılar "Rabitə” ilə Azərbaycan çempionu olan Brenda Kastillo və "Lokomotiv”in yeni transferi Prisilla Riveranın köməyindən istifadə ediblər. Bürünc medallar uğrunda mübarizədə isə Puerto-Rika yığması ilə Kanada millisi üz-üzə gəlib. Hər üç hissədə rəqibini məğlubiyyətə uğradan Puerto-Rika millisi fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Qeyd edək ki, yarışın simvolik yığmasında Super-liqada mübarizə aparan voleybolçular da yer alıblar. Kastillo ən yaxşı top qəbuledici seçilib, Kruz isə ulduzlar komandasının 2 ən yaxşı hücumçusundan biri olub.