Avropa Voleybol Konfederasiyası (CEV) qadın klublarının yeni reytinq cədvəlini açıqlayıb. Son 4 ildə rekordlarını yeniləyə-yeniləyə irəliləyən Azərbaycan tarixində ilk dəfə ən yüksək pilləyə qalxıb. Belə ki, ölkəmiz avrokuboklar üçün açıqlanan yeni siyahıda 4-cü yerdə qərarlaşıb. 1 il əvvəl Avropada 6-cı olan Azərbaycan xal hesabını 339,66-ya çatdırmaqla 2 pillə irəliləyib. Ümumilikdə, 55 ölkənin yer aldığı siyahıda Azərbaycan Polşa və Fransanı geridə qoyub. Toplanan xallar isə qadın komandalarımızın son 3 mövsümdəki çıxışlarına əsasən hesablanıb. Bu 3 ildə "Rabitə” 2 dəfə Çempionlar Liqasının gümüş medalını qazanıb. "Azərreyl” və "Lokomotiv” isə "Çelenc Cup”ın qalibi adına yiyələniblər. Bundan başqa, "Bakı” və "Lokomotiv” 1 dəfə finalda oynayıblar. Bu reytinqə əsasən qadın komandalarımız 2014/2015-ci illər mövsümündə də Çempionlar Liqasında və CEV kubokunda 2 klubla təmsil olunmaq hüququ qazanıblar. "Çelenc cup”da isə 1 təmsilçimiz iştirak edə bilər.
Reytinq cədvəlinin ilk 3 pilləsində dəyişiklik baş verməyib. Qitə voleybolunun nəhəngləri yenə ön sıralarda - Azərbaycandan irəlidə qərarlaşıblar: Türkiyə (414,67) liderliyini, Rusiya (399,00) isə ikinciliyini qoruyub. Bu da hər 2 ölkəyə Çempionlar Liqasında 3 komanda ilə oynamaq hüququ verib. Üçüncü olan İtaliyanın (349,67) isə təmsilçisinin sayı Azərbaycan qədər olacaq.
Lakin Azərbaycan və İtaliyanın da Çempionlar Liqasına 3-cü komandası yollana bilər. Belə ki, qitənin ən nüfuzlu klub turnirinə 22 vəsiqəni 13 ölkə arasında bölən CEV daha 2 yeri güzəştli kartla ("wild card”) verəcək. Bu isə yarış ərəfəsində dəqiqləşir.
Qeyd edək ki, bu il Azərbaycan Çempionlar Liqasına 3 klubla qatılsa da, onlardan "Rabitə” və "Azərreyl” həmin hüququ rəsmi şəkildə qazanıblar. "İqtisadçı” isə yarışda güzəştili kartla ("wild card”) qüvvəsini sınayacaq.