Azərbaycan Qolf Federasiyasının inzibati binasının açılışı olub

Azərbaycan Qolf Federasiyasının inzibati binasının açılışı olub



Oktyabrın 2-də Azərbaycan Qolf Federasiyasının və Qolf Akademiyasının inzibati binasının açılış mərasimi keçirilib. Açılış mərasimində Olimpiya çempionları, Milli Məclisin deputatları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Qolf Federasiyası 2012-ci ilin yanvar ayında yaradılıb. Federasiyanın əsas missiyası Azərbaycanda qolfu bir idman növü kimi inkişaf etdirmək və onu geniş kütləyə çatdırmaqdır. Eyni zamanda, Azərbaycanda həvəskar və peşəkar qolf çempionatlarının keçirilməsi, məktəblərdə bu idman növü ilə bağlı təlimlərin təşkili, eləcə də qolf meydançalarının yaradılması federasiyanın əsas hədəflərindəndir.
Xatırladaq ki, qolf idman növü kimi 1900 və 1904-cü illərdə yay Olimpiya Oyunlarınin proqramına daxil edilmiş, daha sonra bu proses dayandırılmışdı. Sonra qolfun Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi barədə qərar qəbul edildi.

Mərasimdə Prezident İlham Əliyevin iştirakı ilə bir neçə gün əvvəl Qubada regionun ən böyük qolf meydançası açıldığı və bunun Azərbaycanda idmanın kütləviliyinin artırılması istiqamətində həyata keçirilən köklü islahatların nəticəsi oldugu bildirildi. Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Bakıda Qolf Akademiyasının açılışının bütün Azərbaycan üçün, o cümlədən ölkə idmanı üçün əlamətdar bir hadisə oldugunu vurğuladı və federasiyanın fəaliyyət göstərdiyi qısa dövr ərzində gördüyü işləri yüksək qiymətləndirdi. Daha sonra çıxış edən Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov isə çıxışında federasiyanın missiyası və hədəfləri barədə danışdı. A.Məmmədov federasiyanın əsas hədəflərindən birinin 2016-cı ildə keçiriləcək növbəti yay Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək qolf oyunçularının yetişdirilməsi oldugunu qeyd etdi. O dedi: "Hədəfimiz - 2016-cı il Olimpiadasında iştirakdır. Bu uğura nail olmağa çalışmaq lazımdır”.
Mərasimin sonunda Azərbaycan Qolf Federasiyasının inzibati binasının açılışı oldu. Məlumat verildi ki, ümumi sahəsi 2 min 400 kvadratmetr olan Qolf Akademiyası binasının tikintisinə 2012-ci ilin aprelindən başlanılıb. Binanın tikintisi zamanı Avropanın aparıcı qolf akademiyalarının təcrübələrindən istifadə olunub. Binada yeraltı parkinq, soyunma otaqları, duş, iki qolf simulyator otağı və kafe fəaliyyət göstərir. Akademiya ərazisinə 2 qolf simulyator daxildir. "Sport Coach Systems” şirkətinin istehsalı olan bu simulyatorlarda dünyadakı ən aparıcı qolf sahələrinin xəritələri var. Bu simulyatorlar 130 virtual qolf meydançasında qolf oynaya imkan verir.
Akademiyanın ərazisində, həmçinin "Championship 8 hyole mini qolf” konsepsiyasında dizayn edilmiş və son nəsil sintetik ot örtüyündən ibarət qolf meydançası yerləşir. Meydançada PGA (Professional Golf Association) dərəcəli instruktorlar maraqlananlara qolf təlimləri keçir. Bundan əlavə, akademiyanın meydançası qolf oynamaq istəyənlər üçün açıqdır.