58 ölkənin karateçiləri Bakıda yarışacaqlar 

58 ölkənin karateçiləri Bakıda yarışacaqlar 

Sentyabrın 2-4-də Bakıda ilk dəfə Dünya Karate Federasiyasının (WKF) ən prestijli turnir yarışı olan Karate1 Premyer Liqa turniri keçiriləcək. Yarış Karate1 Premyer Liqa turniri seriyasından mövsümün 4-cü mərhələsi olacaq. Milli komandamızın 16 üzvü yarışa qatılacaq. Kişilərin baş məşqçisi Qurban Tağıyev -60 kq çəki dərəcəsində Əminağa Quliyev və Sultan Hüseynovu, -67 kq-da Tural Ağalarzadə, Firdovsi Fərzəliyev və Rafiz Həsənovu, - 75 kq-da Fərid Ağayevi, -84 kiloqram çəki dərəcəsində Turqut Həsənov, Pənah Abdullayev və Ayxan Mamayevi, 84+ kq çəkidə isə Asiman Qurbanlı və Murad Hacızadəni heyətə cəlb edib. Böyük məşqçi Şahin Xudaverdiyev və Rəşad Hüseynov da idmançıları yarışda müşayiət edəcək. Qadınların baş məşqçisi Denis Morozov İnci Əzizovanın (-50 kq), Mədinə Sadiqovanın (-55 kq), Ayla Rzazadənin (-61 kq), İrina Zaretskanın (-68 kq) və Fəridə Əliyevanın (68+ kq) liqa turnirinə qatılmasına üstünlük verib.
 
Premyer Liqanın Bakı mərhələsində 58 ölkədən 347 tanınmış karateçi iştirak edəcək. Onların arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçılar var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçiriləcək. 12 kateqoriyanın hər birində 32-dək idmançı mübarizə aparacaq. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.
 
Karate1 Premyer Liqa turniri dairəvi sistemlə (Robin round) keçirilir. Hər bir döyüşə görə idmançıların yığdığı xallar dünya reytinq cədvəlində və Premyer Liqaların xüsusi reytinq cədvəlində toplanacaq. Bu xallar həmçinin növbəti Avropa Oyunlarına vəsiqələrin verilməsində rol oynayacaq. 
 
Yarışı 22 ölkədən 55 hakim idarə edəcək. Federasiyanın baş hakimi və beynəlxalq hakim Cahangir Babayev başda olmaqla 10 beynəlxalq və 6 milli dərəcəli hakimimiz yarışı idarə edənlər atrasında olacaq. Turnirdən bir gün əvvəl isə məşqçilərin növbəti beynəlxalq kursu keçiriləcək. 
 
Premyer Liqanı izləmək üçün WKF-in prezidenti Antonio Espinosla yanaşı, dünya karatesinin bir sıra nüfuzlu rəsmi şəxsləri də paytaxtımızda bir neçə gün qonaq olacaq. Karate1 Premyer Liqa turnirinin Bakı mərhələsi Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək. 1 Sentyabrda yarışla bağlı Mətbuat Konfransında (Hyyat Regency oteli, saat 17:00) WKF-in prezidenti Antonio Espinos və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov iştirak edəcək.  
 
Turnirin ilk iki günü seçmə mərhələnin çıxışları, bazar günü isə medallar uğrunda görüşlər və mükafatklandırma mərasimi keçiriləcək. Mükafatlar uğrunda həlledici görüşlər televiziya ilə canlı yayımlanacaq.
 
Oktyabrda mövsümün beşinci və son Premyer Liqa mərhələsi ilə hər kateqoriya üzrə ilboyu ən yüksək nəticə göstərmiş karateçilərinə "Grand Winner" xüsusi mükafatı təqdim ediləcək. O üzdən tanınmış karateçilər Premyer Liqa turnirlərinə qatılmaqla xallarını artırıb bu mötəbər mükafata layiq olmaq istəyirlər.