Azərbaycan çempionu "Rabitə” Çempionlar Liqasında iştirak ərizəsini Avropa Voleybol Konfederasiyasına təqdim edib. "Rabitəçilər” 2013/2014-cü illər mövsümü üçün 12 voleybolçu sifariş edib. Belə ki, bu ərizəyə əsasən yeni oyunçuların geyinəcəkləri formaların nömrələri də məlum olub. Komanda yeni ildə aşağıdakı heyətin xidmətindən istifadə edəcək:
Toppaylayıcılar: 3. Katarjina Skorupa (Polşa), 13. Nutsara Tomkom (Tailand yığması. Asiya çempionatının və kubokunun qalibi)
Hücumçular: 8. Aurea Kruz (Puerto-Riko), 4. Reyçel Rurk (Avstraliya), 18. Dora Horvat (Macarıstan yığması. 2004-cü ildən öz ölkəsinin yığmasının heyətinə cəlb olunan Horvat əsasən İtaliya klublarındakı uğurlu çıxışı ilə fərqlənib. Belə ki, 2003-2006-cı illərdə vətənində "Vaşaş”ın heyətində yer alan 187 sm boya malik voleybolçu Apennin yarımadasında "Minevra” (2006-2010), "Novara” (2010-2012) və "Modena” (2012) klublarında mübarizə aparıb. O, 2005-ci ildə Macarıstan çempionatının qalibi olub). 1. Katarjina Skovronska (Polşa, "Danter” (2001-2003), "Pila” (2003-2005, hər ikisi Polşa), "Viçentsa” (2005-2006), "Novara” (2006-2008), "Pesaro” (2008-2010, hamısı İtaliya) və "Fənərbaxça” (2010-2011, Türkiyə) klublarının şərəfini qoruyub. Bu klublarda kifayət qədər titula sahib çıxıb. Belə ki, Skovronska 2 dəfə İtaliya çempionu (2009, 2010) adına layiq görülüb. Həmçinin oyunçu 1 dəfə İtaliya kubokunu (2009), 2 dəfə superkubokunu (2008, 2009) qazanıb. Katarjina bundan başqa Çin çempionatının qızıl (2012) və gümüş (2013), Türkiyə Superliqasının (2010) və superkubokun qızıl medallarına (2011) yiyələnib. O, həmçinin 2010-cu ildə "Fənərbaxça” ilə klublararası dünya çempionatının və 2013-cü ildə "Quançjou Everqrand” ilə Asiya Çempionlar Liqasının qalibi olub. 2003-cü ildə öz ölkəsinin millisinin şərəfini qoruyan voleybolçu komanda ilə birlikdə 3 qat Avropa çempionu olub. Katarjina dünya çempionatının (2007), Çempionlar Liqasının "Dördlər finalı”nın (2008), Çin çempionatının (2013) və klublararası dünya çempionatının (2010) ən çox fərqlənən voleybolçusu seçilib. O, bundan əlavə, Polşada son 7 ildə 4 dəfə ilin voleybolçusu, Türkiyə Superkubokunun və klublararası dünya çempionatının ən dəyərli oyunçusu adına layiq görülüb). 15. Sanya Staroviç (Serbiya)
Blokçular: 5. Nataşa Krsmanoviç (Serbiya), 16. Foluke Akinradevo, 11. Britni Kuper (hər ikisi ABŞ)
Liberolar: 9. Brenda Kastillo (Dominikan Respublikası), 7. Kayla Banvart (ABŞ)
Baş məşqçi: Angiolino Frigoni (İtaliya)
Baş məşqçi köməkçisi: Pərviz Səmədov
Qeyd edək ki, "Rabitə” Çempionlar Liqasında "Omiçka” (Rusiya), "Beziers” (Fransa) və "Dresdner”lə (Almaniya) eyni qrupda yer alıb.