İdmanla məşğul olmaq həm də riskdir
İdman yarışlarında, bədən tərbiyə dərslərində, məşqlərdə, turist düşərgələrində bədbəxt hadisələr də baş verir. Görəsən, bu bədbəxt hadisələrin, xoşagəlməz halların baş verməsinə səbəb nədir və onların əsasında hansı amillər durur?
Hər il minlərlə adam aviasiya, dəmiryolu, avtomobil qəzalarında, təbii fəlakət nəticəsində həyatlarını itirir. Biz bütün bunları ürək ağrısı ilə qəbul edir və təəssüflənirik. Baş vermiş bu cür halları bədbəxt hadisə və ya faciə kimi qiymətləndiririk. İdmanda isə vəziyyət başqa cürdür. İdmançı, məşqçi və yarışın təşkilatçılarını bir sual düşündürür: nəyin bahasına olursa, olsun 1-ci yeri qazanmaq, mükafata layiq yer tutmaq və nəhayət, medal əldə etmək! Gəlin görək, yarış prosesində idmançının onurğasının zədələnməsi, dizinin əzilməsi həkim və məşqçini nə dərəcə narahat edir? İtirilən xallar, itirilmiş medal, havayı sərf edilən vəsait daha vacibdir, yoxsa zədə almış idmançının taleyi?
“İdmançının sağlamlığı"
nəyə xidmət edir?
1982-ci ildə Moskvanın "Bədən tərbiyə və idman" nəşriyyatı Erix Doyzerin "İdmançının sağlamlığı" kitabını çapdan buraxıb. Kitab bu sahədə çalışan mütəxəssislər üçün çox faydalıdır. "İdmançının sağlamlığı" nəşrinin müəllifi uzun illər dünyanın müxtəlif ölkələrində futbol komandaları və digər idman növləri üzrə mütəxəssislərlə çiyin-çiyinə çalışan almaniyalı idman həkimidir. O kitabında yazır: “İdman həmişə risk tələb edir, amma sağlamlıq üçün ən böyük zərbəni insan orqanizminin bioloji imkanlarının tab gətirə bilmədiyi fasiləsiz gərgin məşqlər və mütamadi keçirilən yarışlarla bağlı fiziki gərginlik durur”.
Bu məsələ barədə Olimpiya çempionu Valeri Brumelin fikirləri çox maraqlıdır: "Mən bir dəfə Olimpiya çempionu Robert Savlakadzedən: "Sənin bir yerin ağrıyırmı", - deyə soruşduqda o mənə: "Sən soruş, haran ağrımır", - deyə cavab vermişdi". V.Brumel etiraf edirdi ki, atletlərin hamısı məşq və yarış prosesində aldıqları zədələrdən daima şikayət edirlər.
Müasir beşnövçülük üzrə rusiyalı idmançı Valeri Piçujkin vəfat edəndə 30 yaşı belə yox idi. Həmin idman növü üzrə Olimpiya çempionu, 33 yaşlı Albert Makeyev də həyatını məşq prosesində dəyişib. Həkimlər ölümündən sonra onun ürəyində 17 çapıq aşkar etmişdilər. Tibbi müayinə idmançının 17 dəfə gizli mikroinfarkt keçirdiyini aşkar edib.
Gənc idmançıların erkən həyatla vidilaşması ilə bağlı onlarla belə nümunə göstərmək olar. Formula-1 yarışlarının üçqat dünya çempionu Ayrton Sennanın ölümünü azarkeşləri, onu sevənlər heç cür qəbul edə bilmirdilər. Fiqurlu konkisürmə üzrə istedadlı idmançı, Olimpiya çempionu Sergey Qrinkovun buzun üstündə məşq edərkən həyata qəfil "əlvida" deməsi azarkeşləri və onu sevənləri çox məyus etdi. Bir neçə il bundan əvvəl vəfat etmiş I qrup əlil, əməkdar idman ustası, gimnast Yelena Muxina (bu barədə qəzetimizin N19 (419) saylı (17-19 mart 2007-ci il) nömrəsində məlumat dərc edilib) idman travması nəticəsində uzun müddət yataq xəstəsi olmuşdu.
Səbəb və amillər
Mütəxəssislər idman travmatizmini əmələ gətirən səbəblərin əsasında xarici və daxili amillərin olduğunu göstərirlər. Xarici amillərə məşq prosesində məşqçi və müəllim tərəfindən idman prinsiplərinin pozulması, idmançıların sığorta edilməsi, təhlükəsizlik qaydalarının pozulması, idman avadanlıqlarının, inventarın, geyim və ayaqqabının, eləcə də meydança, zal və stadionların keyfiyyətinin aşağı olması, intizamsızlıq, hakimlərin qeyri-peşəkarlığı, idmançıların yarış meydançalarına nəzarətsiz buraxılması halları daxildir. Daxili amillərə isə idmançıya xas anadangəlmə xüsusiyyətləri və yaxud məşq prosesində və yarışlarda daxili və xarici amillərin qarşılıqlı təsiri altında onun vəziyyətində əmələ gələn dəyişikliklər, sistematik məşqlərin uzun müddətə təxirə salınması nəticəsində idmançıda əzələlərin zəifləməsi, idmançının gərgin və ya yüksək koordinasiyalı tapşırıqları yerinə yetirmək üçün fiziki hazırlığının aşağı səviyyədə olmasını aid etmək olar.
Mütəxəssislər idmanda baş verən ölüm hallarını üç qrupa bölürlər. Onlar I qrupa daxil olan ölüm hallarını idmançıların xəstə halda məşq prosesinə qatılması və bu halda həkimin icazəsi olmadan yarışlarda iştirak etməsi nəticəsində yarandığını iddia edirlər. II qrupu təşkil edən ölüm hallarına idmançının həddindən artıq yüklənməsini və emosional gərginliyi, yüksək və aşağı tempratura dözə bilməmək qabiliyyəti ilə izah edirlər. III qrupa daxil olan ölüm hallarını yaradan səbəblər isə idmançıların zədə almasıdır. Xüsusilə, baş, ürək, qarın zədələri, onurğa sınığı idmançının həyatı üçün son dərəcə təhlükəlidir. Baş və ürək nayihəsində baş verən nasazlıqlar, məsələn, beyinə qan sızması, ürəkdə çatlaqlar xarici təsirlərin nəticəsində yaranır. Qarın nayihəsində baş verən travmalar zamanı daxili orqanlar zədələnə, yaralana və kəsilə bilər. Bunun da nəticəsində idmançı şokdan və daxili qanaxmadan ölə bilər. Qılıncoynatma və atıcılıq idman növlərində ürək və ağciyər zədələnmələri daha tez-tez baş verir.
Məşqçi-müəllim heyətinin
nəzəri və təcrübi hazırlığı
mühüm amildir
İdman travmalarının əksəriyyəti insan toxumalarının fizioloji müqavimətinin tab gətirmədiyi və orqanizmin struktur və funksiyasının pozan güc təsirinin nəticəsində yaranır. İdmançının ölümü zədələnmədən deyil, kəskin ürək-damar çatışmamazlığından da baş verə bilər. Bu hal ürəkdə olan bu və ya digər dəyişikliklərlə bilavasitə bağlıdır.
İdmançının bir neçə qabırğasının sınması, döş qəfəsinin açıq və qapalı travmaları, ağciyər və ürək-damar sistemində nasazlıqlar yüksək sürət tələb edən idman növlərində və hündürlükdən tullanma hallarında özünü büruzə verir. Bu da əsasən motoidman, atçılıq idmanı, dağ xizəyi idmanı, kirşə idmanı və alpinizm növlərində özünü daha çox göstərir. Məşq və yarışlarda həyatını dəyişən idmançıların tibbi analizi göstərir ki, ölüm hallarının əsas səbəbləri anadangəlmə ürək qüsurları, hipertoniya xəstəliyi, beyin arteriyasının anevrizmi, pnevmaniya, şişlər və s. xəstəliklərdir.
Daxili orqanların psixologiyası ilə əlaqədar ölüm halları, adətən, futbolçular və xizəkçilər, veteran idmançılar arasında baş verir. Bu sahədə ən təhlükəli idman növü alpinizmdir. Mütəxəssislərin fikrinə görə, fiziki məşqlər zamanı əsəb, ürək-damar sistemi və dayaq-hərəkət sisteminin uyğunlaşması idmançının yalnız qabiliyyətindən deyil, həm də idman həkimlərinin və məşqçi-müəllim heyətinin nəzəri və təcrübi hazırlığından asılıdır.
İdmanda baş verən
fövqəladə hallara və
bədbəxt hadisələrə
düzgün qiymət verilməsi
İdmanda fövqəladə hallar və bədbəxt hadisələrdən danışarkən nəzərə almaq lazımdır ki, onların böyük əksəriyyəti təsadüf və ya qəza nəticəsində baş verir. Bu halda futbolda və hokkeydə idmançıların rəqib oyunçunu meydançadan çıxarmaq üçün qəsdən zədələmə hallarına yol vermələri istisna təşkil edir. Oyun qaydalarının pozulması, oyunda idmançının kobudluğu ilə inzibati hüquq pozuntuları arasında elə bir fərq yoxdur. İdman təcrübəsi göstərir ki, kobud oyun və ya hokkey meydançasında rəqib oyunçuların bir-biri ilə əlbəyaxa davasına da cinayət işi kimi baxılmır. Bu, yarış qaydalarının pozulması kimi qiymətləndirilir və günahkarlar bir neçə aylığa həbs kamerasına deyil, 5-10 dəqiqəlik cərimə skamyasına göndərilir və ya qısa müddətə diskvalifikasiya olunurlar.
Dünyanın bir çox ölkələrində idmançılara oyun meydançasında etdiyi kobud hərəkətlərə görə məhkəmə cəzası kəsilir. Məsələn, Oslo məhkəməsi hokkeyçi Tommi Eriksenə xuliqanlığa görə 3 aylıq məhkəmə cəzası kəsib. Cəzaya səbəb matç zamanı oyunçunun hokkey çubuğunu tribunaya, tamaşaçılar oturan salona tullaması nəticəsində iki nəfərin zədələməsi olub. İdmançı bu hadisədən bir neçə ay əvvəl polislə yumruq döyüşünə də çıxıbmış. Norveç Hokkey Federasiyası Erikseni yarım il müddətə şərti diskvalifikasiya etməyə məcbur olub.
İdmanda fövqəladə hal və bədbəxt hadisələrin baş verməsi, əsasən, şəraitin ekstremallığı ilə izah edilir. Lakin bunun da obyektiv və subyektiv səbəbləri ola bilər. Məsələn, alpinizm idman növündə dağlara ilk gələn yeni idmançı və artıq bu işdə “saç ağartmış”, təcrübəli idmançını müqayisə edək. Vəziyyət birinci üçün ekstremal olduğu halda, ikinci üçün adi günlərdən biridir. Ekstremal vəziyyət motosikl, velosiped, sualtı və idmanın bu və ya digər növlərində daha çox rast gəlinir. Bu idman növlərinin hər birinin özünə görə spesifik xüsusiyyətləri var. Bunun üçün də bədbəxt hadisənin analizini, idmançı və məşqçinin hərəkətininə düzgün qiyməti yalnız həmin idman üzrə ekspert verə bilər.
Hansı zədələri idman
zədələri hesab etmək olar?
İdmanda əsasən, oynaq çıxığı və sümüyün sınığı (gimnastika), dirsək oynağının zədəsi (nizəatma), ayaq zədələri (futbol), onurğa zədəsi (güləş), damarların dartılması (maneələrlə qaçış), ayaqların donması (turist gəzintisi) halları daha tez-tez müşahidə olunur. Smolenskdə tələbələr arasında velosiped idmanı üzrə yarışlarda Çelyabinsk Pedaqoji İnstitutunun komandasının üzvlərindən biri faciəli sürətdə həlak olmuşdu ("Olimpiyskiy vestnik" N51.21-12.1995). Məlum olub ki, tələbə yaşadıqları mehmanxananın zirzəmisində yerləşən yürüş velosipedinin saxlanıldığı otağa daxil olarkən elektrik vurmasından həlak olub. Bu hadisəyə qiymət verərkən nəzərə almaq lazımdır ki, ən əvvəl bədbəxt hadisə idman yarışında baş verməyib və məişət xarakteri daşıyır. İdmançı öz növbəsində daxili qayda-qanuna, yarış keçirilən idman növünün qaydalarına əməl etməlidir. Yarışın təşkilatçıları idmançıların yerləşdirilməsi, qidalanması, nəqliyyatdan istifadə etməsinə və təhlükəsizliyinə zəmanət verir. Bu məsələdə idmançıların sığorta olunması son dərəcə vacibdir.
İdmanda aviaqəza halları və idmançıların bir yerdən başqa yerə daşınması ilə əlaqədar qəza və ölüm hallarına da rast gəlinir. Məsələn, Qərbi Qafqazda alpinist düşərgəsinin iştirakçıları yük maşını ilə Zuqdididə yerləşən bazaya göndərilir. Yolda, İnquri çayının yaxınlığında maşınlardan biri 300 metrlik dərinliyi olan yarğana aşır. Nəticədə 18 nəfər həlak olur, üç nəfərin isə cəsədi tapılmır. Bədbəxt hadisə üçün məsuliyyəti düşərgənin rəhbərliyi daşıyır. Buradan belə bir nəticə çıxartmaq olar: təlim-məşq prosesinin səmərəli və düzgün təşkili prosesində nəqliyyat məsələsi, daşınma, yerləşmə, qidalanma, təhlükəsizliyin təmin olunması əsas və vacib şərtlərdir və kompleks idman tədbirinin bünövrəsini təşkil edir. Buna görə də yarış ərəfəsində idmançının olduğu hər hansı zədəyə, dəyən ziyana idman hadisəsi kimi baxmaq lazımdır. Son nəticədə zədə alan idmançının ailəsi üçün vacib deyil ki, o, hansı şəraitdə zədələnib və həlak olub. Vacib odur ki, məşqdə, tədris-təlim məşq toplanışında, alpinist düşərgəsində nə baş verib? Niyə onun yaxın adamına, əzizinə bəla üz verib?
Tamaşaçıları hansı
idman növləri daha çox cəlb edir?
İdmanda faciəli və bədbəxt hadisələrlə bağlı problemlər və idmançıların təhlükəsizliyinin təmin olunması məsələləri qəzet və jurnal səhifələrində mütamadi işıqlandırılır, bu barədə radio və televiziya vasitəsilə tamaşaçılara və dinləyicilərə ətraflı məlumat çatdırılır. Boksçunun rinqdə, güləşçinin döşək üzərində, pilotun avtoralli yarışlarında qəzaya düşməsinə, faciə baş verməsinə çoxları adi hal kimi baxır və bunu idman qaydalarının tərkib hissəsi kimi qəbul edirlər. Sirr deyil ki, qədim Romada on minlərlə insan stadiona ona görə toplaşırdı ki, insanların döyüş meydanında biri-birilərini necə öldürdüyünə tamaşa etsinlər. XX əsr bu mübarizəyə avtomobil və aviasiya yarışlarını da əlavə etdi. İndi bu yarışlarda onlarla, yüzlərlə idmançı həyatını dəyişir. Mütəxəssislərin fikrinə görə, tamaşaçıları ölüm və həyat arasında balans yaradan idman növləri daha çox cəlb edir.