İtaliyada təlim-məşq toplanışında olan "Lokomotiv” daha bir yoldaşlıq görüşündə gücünü yoxlayıb. Ölkəmizi CEV kubokunda təmsil edəcək Bakı klubu A seriyasında mübarizə aparacaq "Ornavasso” ilə qarşılaşıb. Görüş "dəmiryolçular” üçün yenə uğursuz alınıb. Belə ki, argentinalı Kladio Kuellonun gəlişi ilə yeni formalaşan komanda bu dəfə də qələbəyə həsrət qalib. Onlar apenninlilərə 3:1 hesabı ilə məğlub olublar. Komandamızın heyətində belaruslu Vera Klimoviç məhsuldarlığı ilə yadda qalıb. O, "Lokomotiv”in aktivinə 17 xal yazdırıb. Matçın bombardiri adına isə Diana Mureşan layiq görülüb. O, "dəmiryolçular”dan 19 xal alıb. Məlumat üçün bildirək ki, "dəmiryolçular” yeni mövsümün başlanmasına qədər bir neçə voleybolçunun keçidini reallaşdıraraq heyətini gücləndirmişdi. Belə ki, komanda Lauren Gibbemeyerin ardından Uitni Dosti ilə danışıqları müsbət yekunlaşdıraraq və 1 illik rəsmi müqavilə bağlamışdı. 190 sm boya malik voleybolçu Cənubi Koreyanın "Huenqkuk” klubundan transfer edilib. Öz ölkəsinin yığmasında da çıxış edən 25 yaşlı Dosti İsveçrə və Puerto-Rikada da legioner həyatı yaşayıb. Qeyd edək ki, "dəmiryolçular” amerikalılar Lauren və Uitnidən əvvəl Cənubi Koreya millisinin voleybolçusu Sa-Ni Kimi və Serbiya yığmasının liberosu Suzana Sebiçi transfer edərək, ötənilki heyətdən Mariya Filipova (Bolqarıstan), Olqa Palçevskaya, Vera Klimoviç (hər ikisi Belarus) və Aleksandra Samoylova (Rusiya) ilə müqavilənin müddətini artırıblar.