Bu gün Respublika Olimpiya Mərkəzində “Zəfər günü”nə həsr olunmuş “Uşaq aletikası” yarışının final mərhələsinin açılış mərasimi keçirilib. Avropa Atletika Assosiyasiyasının dəstəyi ilə Azərbaycan Atletika Federasiyasının təşkil etdiyi "Uşaq atletikası" yarışı Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) çərçivəsində keçirilir. Yarışın açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, federasiyanın baş katibi Məhərrəm Sultanzadə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov iştirak ediblər.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yarışın əhəmiyyəti barədə danışıb. “Biz artıq neçənci dəfədir ki, “Uşaq atletikası” proqramını həyata keçiririk. Bu dəfə yarışların formatını dəyişərək OCEP məktəbliləri arasında keçirməyi qərara aldıq. OCEP məktəblilərindən 18 məktəb bu yarışda iştirak etdi. İlkin mərhələlərdə qalib məktəblərin komandaları bu gün keçirilən final yarışında mükafatlar uğunda mübarizə aparacaq. OCEP layihəsi Azərbaycan Milli Olimpiya Komitəsinin proqramıdır və hazırda bütün Avropada yayılıb. İlk dəfə biz bu proqramı 2019-cu ildə Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında nümayiş etdirdik. Ölkənin bütün məktəbləri bu proqramda çox fəal iştirak etdilər. OCEP layihəsi Slovakiyada keçirilən növbəti Avropa Gənclər Yay Olimpiya Festivalında da davam etdirildi. Azərbaycan məktəblərinin nümayəndə heyəti də Slovakiyada keçirilən bu tədbirdə iştirak etdilər. Beynəlxalq Atletika Federasiyasında uşaqların idmana cəlb olunması üçün böyük işlər həyata keçirilir. Azərbaycan da bu sahədə mühüm yerlərdən birini tutur. Mən bu gün bu yarışda iştirak edən uşaqları təbrik edirəm. Ümid edirəm ki, belə yarışlar uşaqların böyük idmana olan qapısını açacaq, bundan sonra idmana olan həvəsini artıracaq və onların arasından Azərbaycanın gələcək idman ulduzları, Olimpiya çempionları çıxacaq”, - deyə Çingiz Hüseynzadə bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov çıxış edərək yarışda nazirliyin rolu haqqında məlumat verib. “OCEP layihəsi 2019-cu ildən Elm və Təhsil Nazirliyinin və Milli Olimpiya Komitəsinin birgə əməkdaşlığı çərçivəsində Bakıda fəaliyyət göstərən məktəblilər arasında həyata keçirilir. Bu layihədə Təhsil Nazirliyinin qarşısında qoyulan hədəflər olaraq bir çox kriteriyalar öz əksini tapır. Layihə həm məktəblilərin fiziki sağlamlığının inkişaf etdirilməsndə, həm də mədəniyətimizin, tariximizin beynəlxalq səviyyədə dünya ictimaiyyətinə məktəblilər tərəfindən çatdırılmasında bir platforma rolunu oynayır. Fürsətdən istifadə edib, uşaqların inkişafı naminə belə bir layihədə bizimlə birgə iştirak etdiyinə görə Milli Olimpiya Komitəsinə təşəkkür edirəm. Bu il Milli Olimpiya Komitəsi öz yubileyini qeyd edir. Təhsil ictimaiyyəti adından komitənin kollektivini təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq”, - deyə H.Salmanov qeyd edib.
Çıxışlardan sonar final mərhələsinə start verilib. Yarışda ümumilikdə 18 məktəb iştirak edir. Yarışların təsnifat mərhələsi oktyabrın 26-28-də keçirilib. Finalda ən güclü 6 məktəbin komandası iştirak edir.
Qaliblər, diplom, medal və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
“Zəfər günü”nə həsr olunmuş “Uşaq aletikası” yarışının final mərhələsi keçirilir