Astara rayonun Çayoba kəndində Vətən müharibəsi iştirakçısı, sahibkar Ümüdvar Məmmədovun təşəbbüsü və şəxsi vəsaiti hesabına inşa edilən açıq və qapalı minifutbol və voleybol meydançalarının açılışı olub. Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak edib.
Məmmədov Ümüdvar Vaqif oğlu Vətən müharibəsi başlanan ilk gündən sahibkarlıq fəaliyyətini dayandıraraq ehtiyatda olan zabit kimi döyüşlərə qatılıb, Xocavənd, Füzuli, Qubadlı və Zəngilan rayonlarının azad edilməsində qəhrəmanlıqla döyüşüb, Zəfər Gününü cəbhədə qeyd edib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə”, “Zəngilanın azad edilməsinə görə”, “ Xüsusi şücaətə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Müharibədən sonra sahibkarlıq fəaliyyətini davam etdirən Ümüdvar Məmmədov gənc nəslin fiziki cəhətdən sağlam böyüməsində idmanın əvəzsiz rol oynadığını nəzərə alaraq rayonun Çayoba kəndində idman meydançasının inşasına başlayıb. Geniş ərazidə müasir standartlara uyğun salınmış idman meydançalarına süni ot örtüyü döşənib, işıqlandırma sistemi qurulub, qoruyucu məhəccərlərlə əhatəyə alınıb.
Açılışda çıxış edən icra başçısı belə bir təşəbbüsə görə Ümüdvar Məmmədova təşəkkür edib. Gənc nəslin sağlam böyüməsi üçün idmanın əhəmiyyətini vurğulayan Qəzənfər Ağayev bildirib ki, xalqımıza Qələbə sevincini yaşadan, müharibədə şücaəti ilə fərqlənən oğullardan biri də Ümüdvar Məmmədovdur. O, Qələbənin əldə edilməsində fiziki cəhətdən sağlam gənclərin böyük rolunu görərək idman meydançasının salınmasını zəruri hesab edərək bu işi uğurla başa çatdırıb.
Sonda şəhid övladlarına hədiyyələr təqdim edilib, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları üçün ziyafət süfrəsi təşkil olunub.