Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. Belə ki, millimiz 2-ci qrupa düşüb. Komandamızın rəqibləri isə Serbiya, İsrail və Estoniya yığmaları olub. Bu qrupun oyunları gələn ilin yanvar ayında Bakıda keçiriləcək. DÇ-2014-ün final mərhələsinə çıxmaq üçün komandamız qrup lider olmalı və ya üç ən yaxşı qrup ikincisindən biri adını qazanmalıdı. Qeyd edək ki, dünya çempionatının final mərhələsi gələn il sentyabr-23-dən oktyabr-12-dək İtaliyada keçiriləcək. Yarış İtaliyanın Milan, Roma, Triesta, Verona, Modena və Bari şəhərlərində təşkil olunacaq. Apennin yarımadasının təmsilçisi meydan sahibi olduğu üçün mundialda birbaşa iştirak etmək hüququ qazanıb. Bu komanda ilə yanaşı Avropa çempionatının finalçıları - Rusiya və Almaniya millisi də DÇ-yə birbaşa vəsiqə qazanıb. Final mərhələsinin iştirakçıları hərəsində altı komanda olmaqla dörd qrupa bölünəcəklər.
Məlumat üçün bildirək ki, Azərbaycan millisi sonuncu dəfə 2006-cı ildə Yaponiyada keçirilən dünya çempionatında iştirak edib.