Məşhur şahmatçı və təcrübəli diplomat

Məşhur şahmatçı və təcrübəli diplomat

Məşhur şahmatçı Xose Raul Kapablanka 1910-1930-cu illər ərzində bir sıra beynəlxalq səviyyəli rəsmi turnirlərin qalibi olub. Partiyaları virtioz üsulla mittelşpil və endşpil qaydası ilə əla oynamağı bacaran kubalı şahmatçı ictimaiyyət arasında “şahmat avtomatı” adını alıb.  
Xose-Raul Kapablankanı dünya şahmatı tarixində həm də şahmat ədəbiyyatçısı kimi tanıyırlar. Uzun müddət Kuba Xarici İşlər Nazirliyinin səlahiyyətli və fövqəladə səfiri işləmiş Kapablanka işini bilən bacarıqlı diplomat kimi tanınmışdır.
Kapablanka 1909-cu ildən etibarən yüksək səviyyədə keçirilən şahmat turnirlərində oynadığı 34 partiyanın hamısında tam qələbə qazanıb. O, 1916-cı ildən 1924-cü ilə qədər dünya şahmatı tarixində məğlubedilməz şahmatçı səviyyəsinə yüksəlib. 


Dörd yaşlı uşaq atasına irad tutub

Xose Raul Kapablanka-i-Qraypera 1888-ci il noyabrın 19-da Kubanın paytaxtı Havana şəhərində anadan olub. O vaxtlar Kuba İspaniyanın müstəmləkəsi idi və bir ölkə kimi öz dövlət müstəqilliyini yalnız 1898-ci ildə qazanmışdı. Kapablanka ordu zabiti Xose Mariya Kapablanka və imkanlı ailənin qızı olan Mariya Qrayperanın ailəsində doğulub.  
Kapablanka şahmatı 4 yaşında atasından öyrənməyə başlayıb. Zəka və bilik oyununu sevən atası Xose Mariya boş vaxtlarında həmkarları ilə birgə şahmat taxtası arxasında əyləşməyi çox xoşlayırdı. Atasının öz dostu ilə şahmat oyununu iki gün dalbadal diqqətlə izləyən kiçik Kapablanka fiqurların gedişini asanlıqla öyrənib və üçüncü gün atasına düzgün oynamadığı barədə iradını bildirib. Oğlunun bu hərəkətindən çox təəccüblənən Xose Mariya oğlunu oyuna dəvət edib. Nəticə inanılmaz idi: balaca Kapablanka böyük Kapablankaya qalib gəlib. Övladının istedadından fərəhlənən ata dostlarının köməyi onu Havanadakı şahmat klubuna yazdırır. 5 yaşlı Kapablankanın kubalı şahmatçı İqlesasa qalib gəlməsi Kubada böyük əks-səda doğurur. Növbəti oyunda iki partiyadan sonra məşhur Avropa şahmatçısı Taybenqanza (ingilis) üçtün gəlməsi kiçikyaşlı Kapablankanı tez bir zamanda məşhurlaşdırır.  
O, 8 yaşına qədər şahmat klubunda məşqlərinə davam edir. Sonra atasının işi ilə əlaqədar ailəsi ilə birgə üç il müddətinə Kubanı tərk etməli olur. Vətənə qayıtdıqdan sonra ölkənin ən güclu şahmatçıları ilə iki partiyadan ibarət təşkil olunan görüşdə qüvvəsini sınayır. Bu görüşdə yalnız Kuba çempionu Xuan Korsoya güzəştə gedən 11 yaşlı şahmatçı digər partiyalarda uğur qazanır.   


Ölkə çempionu ilə görüş

1901-ci ilin noyabr və dekabr aylarında 12 yaşlı Kapablanka və çempion Korso arasında matç təşkil olunur. Reqlamentə görə, görüş dörd qələbəyə qədər olur. İlk iki partiyanı udan Korso 6 partiyanı heç-heçə başa vurur. Onun rəqibi Kapablanka isə dörd partiyanın hamısında irəli çıxır. Şahmat mütəxəssisləri təcrübəli ölkə çempionunun məğlbuiyyətini Kapablankanın endşpildə üstünlüyü ilə izah edirdilər. 
Kapablanka 1904-cü ildə ailəsi ilə birgə ABŞ-ın Nyu-York şəhərinə köçür. O,  ingilis dilini təmiz öyrəndikdən sonra Kolumbiya Universitetinə daxil olmaq istəyirdi. Nyu-York şəhərində yaşadığı illər ərzində Kapablanka şahmatı da yaddan çıxarmır. O, Manhetten şəhərindəki üzvü olduğu şahmat klubunda müntəzəm olaraq məşqlərə getməkdə davam edir. 1906-cı ildə Kolumbiya universitetinə daxil olur və  burada təhsil aldığı illərdə formada qalmaq üçün beysbol idman növü ilə məşğul olur. Kapablanka 1906-cı ildə dünya çempionu Laskerin iştirakı ilə keçirilən blits-turnirdə I yeri tutur. Bu hadisədən iki il sonra universiteti yarımçıq tərk edərək yaradıcılığını bütünlüklə şahmata həsr edir. 
Kapablanka 1908-1909-cu illərin qış aylarında şahmat seanslarında iştirak etmək üçün ABŞ-ın şəhərlərinə səfər edir. Bu səfərlərdən sonra o, dünyanın məşhur şahmatçısı, ABŞ çempionu Frenk Marşalla 8 qələbədən ibarət görüşü qazanmaq üçün şahmat taxtası arxasında əyləşir. Marşall-Kapablanka matçı 1909-cu ilin aprelindən iyununa kimi ABŞ-ın müxtəlif şəhərlərində keçilirir. Çox maraqlıdır ki, Marşallın şöhrəti Kapablankaya böyük hesablı qələbə əldə etmək üçün mane ola bilmir: +8-1 =14.      


Dünya çempionluğuna namizəd 
 

Kapablanka Avropada bir şahmatçı kimi ilk debütünü 1910-cu ildə dünyanın ən güclü şahmatçılarının toplaşdığı Hamburq turnirində etməli idi. Lakin səhhəti kubalı şahmatçıya bu mötəbər turnirdə iştirak etməyə imkan vermədi. 1911-ci ildə San-Sebastyan şəhərində təşkil olunan növbəti mötəbər turnirdə Laskerdən başqa dünyanın ən güclü şahmatçıları qüvvələrini sınayırdılar. Turnirin şərtlərinə görə, bu yarışda ancaq son illər ərzində yüksək səviyyəli turnirlərdə yer tutanlar iştirak edə bilərdilər. Nimtsoviç və Bernşteyn elə də yüksək nəticələri olmayan gənc Kapablankanın San-Sebastyan turnirinə dəvət olunmasına etiraz edirdilər. Amma təcrübəli şahmatçılar səhvə yol verirdilər. Çünki nəticə göz qabağında idi: Kapablanka Rubinşteyn və Vidmarı yarım xal qabaqlayaraq yarışın qızıl medalına layiq görüldü. San-Sebastyan turniri dünya çempionu Laskeri görüşə çağırmaq üçün Kapablankaya əla imkan yaratdı. Kapablanka-Lasker matçını Havanada keçirmək qərara alındı. Lakin tərəflər razılığa gəlmədiyindən matç baş tutmadı. Kapablanka Laskerin irəli sürdüyü tələblərin ədalətsiz olduğunu bildirəndə, əks tərəf ondan mətbuat vasitəsilə üzr istəməyi tələb etdi. Xoşagəlməz insident iki şahmatçı arasında münaqişənin əsasını qoydu və onların münasibətindəki soyuqluq Peterburq (indiki Sankt-Peterburq) turnirinə qədər davam etdi. 


Diplomatın səfəri 

1913-cü ildə Kapablanka 4 beynəlxalq turnirin iştirakçısı kimi Nyu-Yorkda üç dəfə I yeri, Havanada isə II yeri tutdu. Bu illər həm də Xose Raul Kapablankanın siyasi karyerası üçün əlamətdar idi. Elə həmin ilin sentyabrında o, Kuba Xarici İşlər Nazirliyində ölkənin fövqəladə və səlahiyyyətli səfiri vəzifəsinə təyin olundu. Bu, ona bir səfir kimi diplomatik işlərlə bağlı dünyanın müxtəlif ölkələrinə səyahət etmək və şahmat tunrirlərində iştirak etmək imkanı yaratdı. Kapablanka ömrünün son gününə kimi işini bilən, səriştəli diplomat kimi fəaliyyət göstərib. 
Kubanın Rusiyada səfiri vəzifəsinə təyin olunan Xose Raul bu ölkəyə səfəri zamanı bəzi Avropa ölkələrinə turneyə çıxır. Bu müddət ərzində o, bir çox şahmatçılarla görüşməklə seans yarışlar təşkil etməyə müvəffəq olur. Onun ən guclu rəqibləri Reti, Tartakover, Alyoxin, Bernşteyn və digər güclü şahmatçılar idi. Nümunəvi partiyalarda 19 dəfə qələbə qazanan Kapablanka 4 partiyada heç-heçə oynayaraq yalnız Aurbaxa uduzub. Moskva, Kiyev, Riqa şəhərlərində şahmat seansları təşkil edən Kapablanka 1914-cü ilin yazında Peterburqda keçirilən beynəlxalq turnirin də iştirakçısı olub. Şahmatçı bu turnirdə 2 dövrədən ibarət 5 ən yaşxı şahmatçının iştirak etdiyi final görüşündə Laskerdən yarım xal geridə qalaraq II yeri tutub. Turnirin 3-cü mükafatçısı Alyoxin Kapablankadan cəmi 3 xal geridə qalıb. Vətəninə qayıdan kubalı şahmatçı çoxdankı arzusunu reallaşdıra bilir: o, Laskeri 10 partiyadan ibarət  blits-matçda 6,5:3,5 hesabı ilə məğlubiyyətə uğratmağı bacarır. 


Əsas hazırlıq deyil, dərin zəka və dəqiq intuisiyadır

I Dünya müharibəsi illərində Kapablanka yaşadığı Nyu-York şəhərində təşkil edilən 3 turnirdə iştirak edir. 1915-ci ildə Frenk Marşalla oynadığı 14 partiyalıq oyunu iki heç-heçə ilə başa vuran şahmatçı qalibdən yalnız 1 xal geridə qalır. 1916-cı ildə yenə də Nyu-York şəhərində keçirilən şahmat yarışı Peterburq turnirinə uyğun sistemlə aparılırdı. 3-cü turnir (1918) daha çox Kapablanka-Marşall oyunu ilə yadda qalır. Bu oyun kubalı şahmatçının dəqiq intuisiyaya, dərin zəka və bacarığa malik olmasından xəbəb verirdi. Onun rəqibi Marşall bu görüşə nə az, nə çox, düz 9 il hazırlaşmışdı. Lakin yuxarıda sadalanan müsbət keyfiyyətləri Kapablankaya şahmat taxtası arxasında güclü rəqiblə layiqli mübarizə aparmaq üçün stimul verdi və o, rəqibini asanlıqla məğlubiyyətə uğratdı. Bu qarşılaşmada Marşallın istifadə etdiyi ispan partiyası dünya şahmat aləmində hələ də öz aktuallığını qoruyub saxlayır. 
Nyu-York turnirindən sonra Kapablanka Kostiçdən təklif alır. Kostiç -Kapablanka görüşü 1919-cu ilin mart-aprel aylarında baş tutur. Oyunun şərtlərinə görə, ilk 8 partiyanı udan şahmatçı qalib hesab olunurdu. Matç Kapablankanın dalbadal 5 qələbəsi ilə başlayır. Kostiç oyunu yarımçıq saxlayaraq məğlub olduğunu bildirir. Elə həmin il Qastinqsdə I Dünya müharibəsi müttəfiqlərinin qələbəsinin şərəfinə keçirilən şahmat turnirində iştirak edən Kapablanka Kostiçdən sonra 2-ci yeri tutur.  

Ardı var...

Azər Əlizadə