Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının rəhbər şəxslərinin iclası keçirilib.
Azərbaycan Şahmat Federasiyasından Olimpnews.az-a verilən məlumata görə, FIDE prezidenti Arkadi Dvorkoviç ölkələr arasında mədəni və idman əlaqələrinin genişlənməsində şahmatın xüsusi rol oynadığını bildirib.
Toplantı zamanı təşkilatın nizamnaməsinin hazırlanması və növbəti il üçün təqvim müzakirə olunub. Eyni zamanda katibliyin idarə olunması, o cümlədən təşkilatın maliyyələşməsi ilə bağlı təkliflər irəli sürülüb.
Ötən il Beynəlxalq Şahmat Federasiyasına üzv qəbul edilən təşkilata hazırda Türkiyə Şahmat Federasiyası rəhbərlik edir. 2026-cı ildən isə Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına sədrlik Qazaxıstan Şahmat Federasiyasına ötürüləcək.
İclasda təşkilatın katibliyinə rəhbərlik Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimovaya həvalə olunub.
Türkiyə dekabrın 6-14-də Qaziantep şəhərində 16 yaşlı şahmatçılar arasında türkdilli ölkələrin komanda yarışını təşkil edəcəyini açıqlayıb.