Yazının əvvəlini buradan oxuya bilərsiniz: https://www.olimpnews.az/post/22286/meshur-sahmatci-ve-tecrubeli-diplomat-2022-11-25-165932
Dünya çempionu
Kapablanka ilk dəfə Laskeri 1911-ci ildə, San-Sebastyandakı qələbəsindən sonra görüşə çağırmışdı. O, 1920-ci ilin yanvarında Hollandiya şahmat ittifaqının vasitəçiliyi ilə bu matçın Haaqada keçirilməsinə nail olur. Elə həmin ilin iyununda dünya çempionu Lasker Kapablankanın xeyrinə dünya çempionu titulundan könüllü olaraq imtina etdiyini bəyan edir. Lasker Kapablankanın bu titula ən layiqli namizəd olduğunu və kubalının kifayət qədər savad və təcrübəyə malik olduğunu bildirir. Dünya mətbuatı tanınmış şahmatçının dünya çempionu titulundan belə asanlıqla imtina etməsi ilə heç cür razılaşmaq istəmirdi. Qarşıdurmalar və etirazlar öz işini görür və dünya çempionu titulu uğrunda Lasker-Kapablanka qarşılaşmasının 1921-ci ildə Havana şəhərində keçirilməsi planlaşdırılır. Yarışın şətrlərinə görə, oyun 24 partiyadan ibarət olmalı idi. Lasker bununla razılaşmadığı üçün Kapablanka hələ matçı başlamadan yeni dünya çempionu elan olunur. Böyük şahmatçı, gözəl insan Lasker hələ oyundan əvvəl KİV nümayəndələrinə verdiyi müsahibəsində, hətta qələbə qazanacağı halda belə, qələbəni Kapablankaya verəcəyini bildirmişdi.
V.Panov "Kapablanka" kitabında bu oyunu belə xarakterizə edirdi: "Lasker kubalı şahmatçının ehtiyatında olan imkanları ilə bacara bilmir, ən yaxşı halda bərabər mövqedən çıxış edirdi. Nə vaxt ki, Lasker Kapablankanı çaşdırmağa çalışırdı, o, özünü itirmir, mübahisəli məsələlərdə özünü təmkinli aparır, anbaan qələbəyə yaxınlışırdı".
Kapablanka Laskerdən 20 yaş cavan idi və o, tropik Kuba iqliminə yaxşı öyrənmişdi. Lasker isə bu cür havanı heç sevmirdi. Kubalı 5-ci, 10-cu, 11-ci və 14-cü partiyları uğurla başa vurur. 14-cü partiyadan sonra Lasker məğlubiyyətini boynuna alır və mübarizəni dayandırır (+4 -0 +10).
O, müasirlərindən fərqlənirdi
1922-ci ildə Kapablanka ABŞ şəhərlərinə turne səyahətinə çıxır və səyahətdə olduğu müddət ərzində şahmat seanslarında fəal iştirak edir. Klivlenddə təşkil etdiyi şahmat seansında o, 103 şahmat taxtası üzərində oyun aparır ki, bu da dünya rekorduna bərabər idi. O, bu seansda yalnız bir heç-heçə etmişdi.
Kapablanka müasirlərindən öz üstün keyfiyyətləri ilə fərqlənirdi. O, bunu dünyanın ən güclü şahmatçılarının iştirak etdiyi London turnirində bir daha təsdiq etdi. Kubalı şahmatçı butun partiyaları uğurla başa vuraraq Alyoxini yarım xal qabaqladı. Kapablanka 1923-1927-ci illər ərzində dörd turnirdə iştirak edir. O, Nyu-York beynəlxalq turnirində (1924) Laskerdən yarım xal geridə qalaraq 2-ci yeri tutur. Lakin şəxsi görüşdə rəqibini məğlub etməyi bacarır. Qeyd edək ki, turnirdən əvvəl xəstələnən Kapablanka axıra qədər tam qüvvə ilə oynaya bilmir və 5-ci turda Petiyə məğlub olur. Bu onun 8 il şahmat karyerası ərzində rəsmi görüşlərdə ilk məğlubiyyəti idi (Bundan əvvəl o, 1916-cı ildə Çayeçə uduzmuşdu).
Uğurlu nəticələr
1925-ci ildə dünya çempionu 11 sovet və 10 xarici ölkə şahmatçısının iştirak etdiyi Moskva turnirində 3-cü yeri tutur. Turnir cədvəlini bir neçə heç-heçə ilə başlayan Kapablanka 7-ci turda İlyin-Jenevski ilə qarşılaşır. Bu görüşdə bir oyunu güzəştə gedir, bir oyunu isə heç-heçə ilə başa vurur. Bir turdan sonra isə Berlinskiyə uduzur. Matçdan əvvəl Leninqrada (Sankt-Peterburq) gedən şahmatçı orada təşkil etdiyi seansların birində 14 yaşlı Botvinnikə uduzur. Turnirin qalan oyunlarını isə uğurla başa vurur. Şahmatçı Moskvada olduğu müddət ərzində o dövrün yüksək dövlət məmurları (Voroşilov, Kuybışev və Krılenko) ilə də şahmat seansları təşkil edir. Həmin seans Pudovkinin səhnələşdirdiyi və Kapablankanın özünün baş rola çəkildiyi "Şahmat qızdırması" kinofilmində əks olunub.
“Şahmat qızdırması" filmindəki rolu
1927-ci ilin fevral-mart aylarında Nyu-York şəhərində keçirilən turniri dünya şöhrətli şahmatçılar Eyve və Prins Kapablankanın karyerasında ən vacib və yüksək pillə kimi qiymətləndirirdilər. Həmin turnirdə Kapablankadan başqa, Alyoxin, Nimtsoviç, Vidmar, Şpilman, Marşall kimi güclü şahmatçılar qüvvələrini sınayırdılar. Lasker bu turnirə dəvət olunmamışdı, Boqolyubovun isə əlavə qonorar tələbi yerinə yetirilmədiyinə görə o, bu turnirdə iştirak etməkdən imtina etmişdi. İki ən güclü şahmatçının yarışda iştirak etməməsi turnirin nüfuzunu bir qədər aşağı salırdı. Turnirin nəticələrinə görə, Kapablanka ən yüksək xal toplayaraq bütün matçları uğurla başa vurdu. Turnirin 2-ci mükafatçısı Alyoxin qalibdən 2,5 xal geridə qalırdı. Mütəxəssislərin analizləri dünya çempionunun oyununda yeni oyun keyfiyyətlərini aşkar etməyə imkan verirdi: şahmatçı gücünə qənaət edir, hər partiyada qələbə üçün mübarizə aparmır, yalnız turnirin sonunda həlledici qərar verirdi.
London protokolu
Hələ 1922-ci ildə London turnirində Kapablankanın məsləhəti ilə dünya çemponunu müəyyən etmək üçün London protokolu imzalanır. Bu protokolun şərtlərinə görə, çempion 6 partiya dalbadal heç-heçə olmadan qələbə qazanmalı idi. Bundan başqa, dünya çempionluğu uğrunda mübarizə aparan namizəd turnirin 10 000 dollar həcmində mükafat fondunu özü ödəməli idi. Bu mükafatın 20 faizi çempiona çatır, qalan məbləğ isə qalib və uduzanlar arasında 60:40 nisbətində bölüşdürülürdü. London protokolunu Alyoxin, Rubinşteyn, Boqolyubov, Peti, Marotsi, Vidmar və Tartakover kimi tanınmış şahmatçılar imzalamışdılar.
Tituldan məhrum olması
Dünya çempionluğuna namizədlərdən yalnız Alyoxinin mükafat fondu üçün ayrılan vəsaiti ödəmək imkanı var idi. Kapablanka-Alyoxin görüşü 1927-ci ildə Buenos-Ayres şəhərində keçirildi. Onun Buenos-Ayres turnirindəki uğurları çox gözəl təsir bağışlayırdı. Görüş London protokolu əsasında aparılırdı. Matç 2 ayadək davam edir və cəmi 34 partiya oynanılır. Alyoxin, mütəxəssislərin proqnozlarının əksinə olaraq, ilk partiyaları udur. Kapablanka yalnız 7-ci partiyadan sonra irəli çıxa bilir. Alyoxin də öz növbəsində 11-ci və 12-ci partiyaları uğurla başa vuraraq oyunun sonuna qədər üstünlüyü əldən vermir. Beləliklə, dünya çempionu titulu uğrunda Kapablanka-Alyoxin qarşılaşması sonuncunun qələbəsi ilə başa çatır.
Mütəxəssislərin fikrinə görə, Kapablankanın bu göüşdə məğlubiyyəti onun hazırlıq səviyyəsinin aşağı olmasında idi. O, demək olar ki, heç vaxt rəqibin oyun üslubu ilə maraqlanmır və debüt oyunlar üzərində işləmirdi. Kapablanka Buenos-Ayres turnirində də belə etmişdi. Rus şahmatçısı Alyoxin isə bu matça çox ciddi hazırlaşmışdı.
72 ildən sonra reallaşan təklif
1927-ci ildən sonra Kapablankanın idman karyerasında yeni mərhələ başlayır. O, dünya çempionluğu uğrunda yenidən Alyoxinlə eyni şahmat taxtası arxasında əyləşmək üçün yarışlarda fəal iştirak edir. 1928-1931-ci illər ərzində kubalı şahmatçı oynadığı 11 turnirdə I və II yerləri tutur. 1931-ci ildə M.Eyve ilə Hollandiyada keçirilən oyunda qələbə qazanır. 1928-ci ildə Berlində, 1928 və 1929-cu illərdə iki dəfə Budapeştdə, 1929-cu ildə Ramegeyt və Barselonada, 1929-1930-cu illərdə Qastinqsdə və 1931-ci ildə Nyu-Yorkda I, 1928-ci ildə Bad-Kissnigend, 1929-cu ildə Karlsbad, 1930-1931-ci illərdə Qastinqsdə II yeri tutur.
Rəqibinin inadkar olduğunu görən Alyoxin Kapablanka ilə London protokolunun qaydalarına əsasən matç-revanş oynamağa hazır olduğunu bildirir. 1928-ci ilin əvvəllərində Kapablanka əvvəlcə Alyoxinə, sonra isə FİDE-nin prezidenti Ryubeyə London protokolunda dəyişiklik etməyi məsləhət görür. Kapablanka rəqiblər arasında oynanılan partiyanın sayının 16-ya qədər məhdudlaşdırılmasını təklif edir. Beləliklə, birinci partiyanı udan şahmatçı daha çox xal toplayaraq görüşün qalibi olurdu. Kapablankanın fikrinə görə, partiyaların sayının çox olması oyunda dözülməz yorğunluq yaradaraq şahmatçıya psixoloji təsir göstərir. Lakin Kapablankanın təklifi qəbul olunmur. Onun Alyoxinlə revanş-matç uğrunda apardığı mübarizə də bir nəticə vermir və əksinə, keçmiş və həqiqi dünya çempionu arasında münasibətlərin kəskinləşməsinə gətirib çıxarır.
Keçmiş və həqiqi dünya çempionu Nottingem tunirinə qədər (1936) bir daha görüşmürlər. Kapablankanın London protokolunda dəyişikliklərlə bağlı təklifi yalnız 72 ildən sonra, 2006-cı ildə dünya çempionu uğrunda keçirilən Kramnik-Topalov görüşündə reallaşır. Reqlamentə görə, əsas oyun 12 partiyadan ibarət olmalı və oyun klassik vaxt nəzarəti ilə aparılmalı idi. Qaydaya görə, sürətli şahmat və əlavə partiyaların oynanılmasına əsas seriya heç-heçə başa çatdıqdan sonra icazə verilirdi.
Şahmata qayıdış
1932-1934-cü illər ərzində Kapablanka yarışlarda iştirak etmir və yalnız üzv olduğu Manhetten klubunda yüngül partiyalrla kifayətlənir. Eks-çempion şahmata qayıdışına Qastinqs turniri (1934-1935) ilə başlayır. O, bu turnirdə 4-cü yeri tutur. 1936-cı ildən yenidən möhtəşəm yarışlarda iştirak etməyə başlayan Kapablanka 3-cü Moskva turnirinin qalibi olur. Bu turnirdə Botvinniklə yenidən görüşən kubalı şahmatçı əla oyun nümayiş etdirərək Eyve, Lasker və Alyoxini geridə qoyur.
Kapablanka-Alyoxin qarşılaşması
İki güclü şahmatçı - Kapablanka və Alyoxin Nottingemdə bir araya gəlirlər. Bu zaman Alyoxin artıq dünya çempionu deyildi. Bu turnirdəki qələbə Kapablanka üçün son dərəcə böyük əhəmiyyət daşıyırdı. Moskva və Nottingem turnirləri kubalı şahmatçı üçün həm də ona görə vacib idi ki, o, bu yarışlarda Laskerdən yuxarı pillədə qərarlaşmışdı.
Ardı var...
Azər Əlizadə