Azərbaycan çempionatına start verilib

Azərbaycan çempionatına start verilib




"Rabitəçilər” birinci oyunda qələbəni bayram ediblər

Qadın voleybolçular arasında Azərbaycan Super-Liqasının yeni mövsümünə start verilib. İlk oyun günündə 3 qarşılaşma keçirilib. 2013/2014-cü illər mövsümünün açılış matçında son illərin dəyişməz çempionu "Rabitə” "Telekom”la üz-üzə gəlib. Angiolino Frigoninin başçılıq etdiyi komandanın asan qələbə qazanacağını qabaqcadan düşünmək olardı. Çünki "rabitəçilər” rəqibə nisbətən güclü təsir bağışlayırlar. Oyun "Rabitə”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu oyundan sonra "Azəryol” "Azərreyl”i qəbul edib. Meydan sahiblərinin də asanlıqla ilk qələbəsini qazanacağını əvvəlcədən proqnozlaşdırmaq olardı. Lakin bu belə olmayıb. Belə ki, "dəmiryolçular” "Azərreyl”in müqaviməti ilə üzləşib. Bunun məntiqi nəticəsi kimi, rəqib meydan sahiblərini birinci hissədə məğlubiyyətə uğradıb. İkinci hissədə isə "Azəryol” qələbə qazanıb. Üçüncü hissə isə daha maraqlı keçib. Belə ki, xala-xal prinsipi ilə gedən oyunda sevinən tərəf yenə "Azəryol” olub. Dördüncü hissədə isə "Azərreyl” hissələrin sayını bərabərləşdirib. Qalib müəyyən etmək üçün komandalar tay-brekdə qüvvələrini sınamalı olublar. Burada isə meydan sahibləri inamlı mübarizə apararaq qələbə qazanıb.
Turun son görüşü isə ilk 2 matçla müqayisədə daha maraqlı olub. Çünki həmin qarşılaşmada "İqtisadçı” "Lokomotiv”lə gücünü yoxlayıb. Düzdür, universitet komandası rəqibi ilə müqayisədə güclüdür, lakin "dəmiryolçuların” da ciddi müqavimət göstərəcəyini gözləmək olardı. Bu oyun gec başa çatdığından daha ətraflı məlumatı növbəti sayımızda əldə edə bilərsiniz.
Məlumat üçün bildirək ki, ötən mövsüm voleybol üzrə Azərbaycan Super-liqası gərginliyi ilə yadda qalmışdı. Belə ki, əvvəl yalnız bir və yaxud iki komanda çempionluq uğrunda mübarizə aparırdısa, bu mövsüm həmin komandaların sayı artmışdı. Çempionat başlamamış bir neçə komanda güclü voleybolçuları transfer edərək heyətini gücləndirmişdi. Bu da başa düşülən idi. Çünki, hər bir komanda çempion olmaq iddiasında idi. "Azərreyl”, "Rabitə”, "Lokomotiv” və "İqtisadçı” komandaları ilk oyunlardan fəallıq nümayiş etdirməyə başladılar. Son illərin dəyişilməz çempionu olan "Rabitə” rəqiblərinə nisbətən güclü təsir bağışlayırdı. Birinci və ikinci dövrədə əsas mübarizə "rabitəçilər” ilə "İqtisadçı” komandası arasında getdi. Lakin "tələbələrin” mübarizəsi çox çəkmədi. Komandanın heyətində bir neçə dəfə baş məşqçi dəyişdirildi. Bu da komandaya öz təsirini göstərməyə bilməzdi. Beləliklə, "İqtisadçı” çempionluq uğrunda mübarizədən bir xeyli uzaqlaşdı. "Azərreyl” komandası da çempionat başlamamışdan əvvəl iddialı görünürdü. "Dəmiryolçular” ardıcıl olaraq bir neçə turda qalib gəldilər. Lakin onlar da bu uğuru sonadək qoruya bilmədilər. Ardıcıl itirilən xallar komandanın turnir cədvəlindəki mövqeyinə pis təsir etdi. "Lokomotiv” klubu da çempion olmaq üçün Super-liqa başlamamışdan əvvəl hazırlıq görmüşdü. Bundan başqa, komanda ilk dəfə Çempionlar Liqasında iştirak etmək hüququ qazanmışdı. Bu, komanda üçün ikiqat məsuliyyət idi. Həm ölkə çempionatında, həm də ÇL-də mübarizə aparmaq yeni yaranmış komanda üçün bir qədər çətin idi. Bu çətinliyə baxmayaraq, komanda ötən mövsüm yaxşı təsir bağışladı. Belə ki, "Lokomotiv” ilk dəfə çıxış etməsinə baxmayaraq Çl-in qrup mərhələsində inamla çıxış edərək qrup lideri kimi növbəti mərhələyə yüksəldi. Püşkatma mərasimi isə komandamız üçün uğurlu olmadı. Belə ki, püşkatmanın nəticəsinə əsasən komanda digər bir təmsilçimiz olan "Azərreyl”lə üz-üzə gəldi. Burada isə güclü tərəf "Azərreyl” oldu. ÇL-də çıxışını bitirdikdən sonra komanda bütün gücünü ölkə çempionatına sərf etdi. Çempionatın oyunları get-gedə yekunlaşdıqca mübarizə gərginləşirdi. Hətta "İqtisadçı” komandası turnir cədvəlinin birinci pilləsində qərarlaşmış "Rabitə” ilə aralarındakı xal fərqini azaldaraq çempionata bir qədər də maraq qatdı. Lakin onların bundan artığına gücü çatmadı. Super-liqanın sonuna 3 tur qalmış isə "Rabitə” çempion oldu. Çempion bəlli olsa da, birinci və ikinci yerin sahibləri son turda bilindi. Belə ki, çempionatın son turunda əvvəlcə "Telekom” komandası "Lokomotiv Biləcəri” komandasını qəbul etdi. Bu oyunda "Telekom” komandasının qalib gələcəyi heç kimdə şübhə doğurmurdu. Meydan sahibləri də sonuncu turda onlara bəslənilən ümidləri doğrultdular. Çempionat başlayandan zəif təsir bağışlayan "Lokomotiv Biləcəri”nin qələbə qazanmaq istəyi bu dəfə də reallaşmadı. Məlumat üçün bildirək ki, bu komandalar arasında təşkil olunan birinci oyunda sevinən tərəf Telekom” komandası olmuşdu. Onlar rəqiblərini hər üç hissədə məğlub edərək 3 xal qazanmışdılar. İkinci görüş də bu hesabla "Telekom”un xeyrinə yekunlaşmışdı. Üçüncü oyunda isə "Lokomotiv Biləcəri” bu komandanı məğlub edərək 3 xala sahib çıxmışdı. Sonuncu görüşdə isə "Telekom” komandası qalib gəldi. İkinci oyunda görüşün daha maraqlı keçəcəyi əvvəlcədən gözlənilirdi. Çünki burada çempionatın iki güclü komandası - "Lokomotiv”lə "İqtisadçı” üz-üzə gəlirdilər. Məlumat üçün bildirək ki, "İqtisadçı” klubu bu oyunda qalib gələcəyi təqdirdə çempionatın gümüş medallarına sahib çıxa bilərdi. Bir şərtlə ki, onlar bu oyunda qalib gəlib, "Azərreyl”in məğlub olmasına sevinməli idilər. Xatırladaq ki, bu komandalar arasında təşkil olunan birinci və ikinci görüşdə sevinən tərəf universitet klubu olmuşdu. Üçüncü oyunda "dəmiryolçular” qələbəni bayram etmişdilər. Budəfəki qarşılaşmada isə hansı komandanın qalib gələcəyi hamıda maraq doğururdu. Birinci hissə Cüzeppe Kuçarinin komandasının qələbəsi ilə yekunlaşdı. Bu, onların hissə ərzində qazandığı son qələbə oldu. Ardıcıl olaraq növbəti hissələrdə rəqibini məğlubiyyətə uğradan "tələbələr” medala bir qədər də yaxınlaşdılar. Çempionatın son oyununda isə "Rabitə” ilə "Azərreyl” üz-üzə gəldilər. "Rabitə” vaxtından əvvəl çempion olduğu üçün bu oyunda xal daha çox "Azərreyl”ə lazım idi. Çünki "dəmiryolçular” qalib gələcəyi təqdirdə ikinci yeri özü üçün təmin edəcəkdilər. Məlumat üçün bildirək ki, bu komandalar arasında təşkil edilən birinci oyunda "rabitəçilər” qələbə əldə etmişdilər. Onlar ikinci və üçüncü görüşdə də rəqibi məğlub etmişdilər. Çempionatın sonuncu oyununa gəldikdə isə, "rabitəçilər” yenə rəqibə heç bir şans vermədilər. Onlar birinci hissədə rəqibi 6 top fərqi ilə məğlubiyyətə uğratdılar. Xala-xal prinsipi ilə keçən ikinci hissənin sonunda sevinən tərəf yenə "Rabitə” oldu. Üçüncü hissədə isə qarşılaşmanın taleyinə aydınlıq gəldi. Bu hissədə də rəqibindən üstün oyun nümayiş etdirən "Rabitə” ardıcıl olaraq 6-cı dəfə ölkə çempionu tituluna yiyələndi. Eyni xala malik olan "İqtisadçı” və "Azərreyl” komandaları isə hissələrin və topların fərqinə görə müvafiq olaraq, ikinci və üçüncü yerləri tutdular.
I tur
"Rabitə” - "Telekom” - 3:0 (25:19; 25:20; 25:18)
"Azəryol” - "Azərreyl” - 3:2 (18:25; 25:18; 30:28; 21:25; 15:12)
"İqtisadçı” - "Lokomotiv”