"İqtisadçı” klubunun baş məşqçisi Bülənt Karslıoğlu Türkiyə mediasının diqqət mərkəzinə düşüb. Qonşu ölkənin məşhur portallarından biri özləri üçün mənfi hesab edilə biləcək statistika açıqlayıb. Məlum olub ki, Çempionlar Liqasında çıxış edəcək Türkiyə klublarının baş məşqçiləri italiyalı mütəxəssislərdir. Düzdür ÇL-də türkiyəli baş məşqçi var. Amma o Türkiyə klubunu təmsil etməyəcək. Belə ki, bu yarışda yeganə həmyerliləri olan Karslıoğlu Azərbaycan klubunun uğuru üçün əlindən gələni əsirgəməyəcək. "İqtisadçı” klubunun uğurları üçün çalışacaq mütəxəssis isə buna görə məyus olmadığını deyib: "Çempionlar Liqasında bir türk komandasının məşqçisi olmadığım üçün məyus deyiləm. Çünki biz peşəkarıq. Klublarımızın seçiminə hörmətlə yanaşmalıyıq. Türkiyəli mütəxəssislərə gəlincə isə, onları əcnəbi məşqçilərlə müqayisə etdikdə onların taktiki və ya texniki cəhətdən geri qaldığını fikirləşmirəm. Yerli məşqçilərə önəm verilsə, biz bunun şahidi olarıq. Xüsusilə bunu daha çox milli komandalara şamil etmək istərdim. Bu amil futbolda da özünü doğrultdu. Nə vaxt yığma komandaya türkiyəli mütəxəssis məşqçilik etdi, həmin ərəfədə də uğur qazanıldı”.
Karslıoğlu türkiyəli həmkarlarımıza "İqtisadçı” komandasında işlədiyinə görə fəxr etdiyini bildirib: "Bir gün türk komandası ilə Çempionlar Liqasında oynayacağıma, hətta milli komanda ilə birlikdə olimpiadada və dünya çempionatında iştirak edəcəyimə ürəkdən inanıram. Hazırda "İqtisadçı”da ikinci mövsümümü keçirəcəyəm. Azərbaycanda özümü əcnəbi kimi hiss etmirəm. Bura mənim ikinci vətənimdir. Azərbaycana gəldiyim ilk gündən hər kəs mənimlə mehriban davranır. Bu il də qarşımıza bir neçə məqsədlər qoymuşuq. Bunlardan əsası debüt edəcəyimiz Çempionlar Liqasında "dördlər finalı”na yüksəlməkdir. Həmçinin Super-liqada ötən il qazana bilmədiyimiz çempionluğu yenidən əldə etmək istəyirik”.
Qeyd edək ki, Türkiyə yeni mövsümdə Çempionlar Liqasında "Qalatasaray”, "Əczaçıbaşı” və "Vakıfbank”la təmsil olunacaq. Onların hər üçünə isə italiyalı məşqçilər rəhbərlik edirlər.