"İqtisadçı” klubunun yeni əcnəbi voleybolçusu Ma Yun Ve müsahibə verib. Məlumat üçün bildirək ki, "Şanxay” klubundan transfer edilən oyunçu ilə 1 illik razılıq əldə olunub. 189 sm boya malik 27 yaşlı voleybolçu komandası ilə birlikdə 3 dəfə (2009, 2010, 2012) Çin çempionatının qızıl medallarına sahib çıxıb. 2005-ci ildən əsas yığmaya dəvət edilən Ma burada 189 oyunda qüvvəsini sınayıb. Millisi ilə o 2 dəfə Asiya Kuboku (2008, 2010), 2 dəfə Asiya çempionatı (2005, 2011) və 1 dəfə Asiya Oyunlarının (2010) qızıl medalına yiyələnib. O, həmçinin dünya Qran-prisinin (2007), Asiya çempionatının (2007, 2009) ikincisi, Pekin Olimpiadasının (2008) və Dünya Kubokunun üçüncüsü olub. Çin millisinin sabiq voleybolçusu yeni komandasına keçidi ilə bağlı bunları deyib: "Uzun müddət idi ki, ölkə xaricində oynamaq istəyirdim. Nəhayət, bu istəyim gerçəkləşdi. Səbirsizliklə mövsümün başlamasını gözləyirəm. Bakıda oynamaq mənim üçün bir təcrübə olacaq. Çalışacağam ki, orada özümü yaxşı tərəfdən göstərəm. Ümumiyyətlə, "İqtisadçı”nın əksər voleybolçuları təcrübəlidir. Hollandiya millisindən Manon Flier, Asiya çempionatından yaxşı tanıdığımız tailandlılar - Onuma Sittirak, Vilavan Apinyaponq, Pleumjit Zinkaov və Vanna Buakeva da mənimlə eyni komandadadır”. Təcrübəli voleybolçu komanda yoldaşları ilə ünsiyyət qurmaqda da çətinlik çəkməyəcəyini də bildirib.
"İngilis dilini bildiyim üçün bu cəhətdən problemim olmayacaq. Sadəcə, fərqli mühitə düşəcəyəm. Adət etdiyim insanların əhatəsindən yad bir yerdə olacağam” - deyə Ma vurğulayıb. Oyunçu yenidən öz ölkəsinin yığma komandasında çıxış etmək istədiyini də qeyd edib: "Mənim məqsədim yığma komandaya yenidən geri dönməkdir. Asiya çempionatında milliyə kömək edə bilmədim. Lakin ürəyim hələ də yığma ilə döyünür. Klubumda yaxşı oynamaqla yığmaya qayıdacağıma ümid edirəm. Ölkə xaricinə də əsasən bunun üçün üz tutmuşam ki, oyunumda inkişafa nail olum və millidə yenidən mübarizə aparım”.