Bu günlərdə Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi qeyd edildi. Yubiley ərəfəsində respublikamızda bir sıra tədbirlər təşkil edildi. Bu tədbirlər arasında MOK-un təşkilatçılığı ilə keçirilən Azərbaycanın rəssam və heykəltəraşlarının idman mövzulu rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərindən ibarət "Olimpiya, incəsənət və idman" sərgisi, "Azərbaycanda Olimpiya Hərəkatı" foto müsabiqəsi böyük marağa səbəb oldu. MOK-un inzibatı binasında keçirilən "Olimpiya, incəsənət və idman" sərgisində nümayiş olunan əsərlər sərgiyə gələnləri heyran etdi. Bu layihələrin uğurla həyata keçirilməsində MOK-un baş məsləhətçisi, SSRİ idman ustası, AİBA və EABA dərəcəli hakim, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", "Tərəqqi" medalına və Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq görülmüş Nazir Rəhimovun böyük əməyi olub. Bu tədbirlərdən sonra Nazir müəllimlə görüşüb müsahibə aldıq.
- Nazir müəllim, 12 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edildiniz. İstərdik ki, təəssüratlarınızı çoxsaylı oxucularımızla bölüşəsiniz.
- MOK-un 30 illik yubileyi ərəfəsində ölkə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncamı ilə təltif olunmaq mənim üçün çox sevindirici və qürurverici haldır. Bu, Azərbaycanda idmanın inkişafında xidmətlərimə görə əməyimə verilən yüksək qiymətdir. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm.
- Nazir müəllim, yaxşı olardı ki, oxucularımıza idmana gəlişiniz barədə məlumat verərdiniz .
- 71 illik ömür yolumun 58 ilini sevdiyim sahəyə, idmana sərf etmişəm. İdman həyatımın böyük hissəsini təşkil edir. Çünki idman həm işim, həm də həyat tərzimdir. İdmana gəlişim bu günə kimi yadımdadır.13 yaşım var idi. İdmanla məşğul olmaq istəyirdim. Yaşadığım və doğulduğum məhəllədə, keçmiş Sovetski deyilən ərazidə məktəbdən kənar vaxtlarda məhələ uşaqları ilə bütün günü futbol oynayardım. Asfalt üzərində futbol oynayarkən dizlərim və dirsəklərim yıxılmaqdan həmişə zədəli olardı. Atam dəfələrlə topumu (o vaxt topa "kos" deyərdik) əlimdən alıb bıçaqla doğramışdı. Hər dəfə deyərdi "Bala, dərslərini oxu, bu "kos"dan sənə sənət olmayacaq". Nə isə... Təhsil aldığım 199 nömrəli orta məktəbin idman müəllimi Həmid Zalovun köməyi ilə akrobatika bölməsinə yazıldım. Həmin vaxt akrobatikanın nə olduğunu bilmirdim, hətta bu sözün mənasını da anlamırdım. Sözün düzü, mənim üçün fərqi yox idi ki, hansı idmanla məşğul olum. Təki idman olsun. Beləliklə, akrobatika idman növü ilə məşğul olmağa başladım. Respublika və Bakı birinciliklərinin qalibi oldum. Əlavə yeni idman növü ilə də məşğul olmaq istəyirdim. Bir gün sinif yoldaşlarıma qoşulub Mirzə Qafarovun məşqçilik etdiyi indiki Səbail rayonunda yerləşən Uşaq Gənclər İdman Məktəbində boks bölməsinə yazıldım. İdmana marağım o qədər böyük idi ki, həftənin tək günləri akrobatika ilə, cüt günləri isə boksla məşğul olurdum. Elə olurdu ki, bir gündə hər iki idman məşqinə gedirdim. Atam bir gün mənə dedi ki sən canına qəsd edirsən. Bir idmanla məşğul ol. Mən boksu seçdim. Boksda da kifayət qədər uğurlarım oldu. Şəhər, respublika, ümumittifaq miqyaslı yarışların qalibi və mükafatçısı adını qazandım. İdmançı karyeramı bitirdikdən sonra hakimlik fəaliyyəti ilə məşğul oldum. 1978-2011-ci illərdə ümumittifaq və beynəlxalq dərəcəli hakim kimi dəfələrlə dünya, Avropa çempionatlarına, kubok yarışlarına uğurla hakimlik etdim. Hərdən fikirləşirəm ki, idman mənə nə verib? İdman fiziki keyfiyyətlərimin üzə çıxmasına kömək edib. Cəldliyimi, gücümü, dözümlülüyümü artırıb, iradəmi möhkəmləndirib, çətin vəziyyətdə soyuqlanlı və səbrli olmağı, düzgün qərar çıxartmaq bacarığı kimi digər keyfiyyətlərin aşılamasında yardımçım olub. İdman mənə etibarlı dostlar, böyük hörmət, sevgi və nüfuz qazandırdı. Bəlkə də başqa sahə ilə məşğul olsa idim, bu qədər dostlarım və tanışlarım olmayacaqdı. Həyatımı idmana bağladığıma görə özümü çox xoşbəxt hesab edirəm. Bir sözlə, bu gün həyatda qazandığım bütün uğurlarıma görə idmana borcluyam.
- İstərdik bir qədər də MOK-un 30 illik yubileyi ərəfəsində təşkil olunan "Olimpiya, incəsənət və idman" və "Azərbaycanda Olimpiya Hərəkatı" sərgiləri barədə danışaq. Mümkünsə, komitənin muzeyində saxlanılan dəyərli sənət əsərlərinin toplanması barədə məlumat verəsiniz.
- Yeni minilliyin keçid dövrü çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin Mədəniyyət Komissiyası "Olimpiya, incəsənət və idman-2000" beynəlxalq müsabiqəsini keçirmək üçün "YUNESKO" ilə birgə müzakirələr aparmış və qərar qəbul edimişdi ki, hər 4 ildən bir Yay Olimpiya Oyunları ərəfəsində belə müsabiqələr keçirilsin. Beynəlxalq müsabiqənin münsiflər heyətinə BOK-un prezidenti Xuan Antonio Samaranç başçılıq edirdi. BOK beynəlxalq "Olimpiya, incəsənət və idman-2000" müsabiqəsində hər iki nominasiya üzrə I yer üçün 30 min, II yer üçün 20 min, III yer üçün isə 10 min ABŞ dolları mükafat təsis etmişdi. Beynəlxalq Olimpiya Komitəsi müsabiqə şərtlərinə uyğun olaraq Milli Olimpiya Komitələrinə müsabiqədə iştirak etmək üçün dəvət məktubları göndərmişdi. Məktubda göstərilmişdi ki, BOK keçirdiyi beynəlxalq "Olimpiya, incəsənət və idman-2000" müsabiqəsində hə iki nominasiya üzrə ilk 8 yerə layiq görülmüş 16 incəsənət əsəri Avstraliyanın Sidney şəhərində keçiriləcək XXVII yay Olimpiya Oyunları zamanı nümayiş etdiriləcək.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə müsabiqəyə rəngkarlıq, qrafika və heykəltəraşlıq işlərinin seçilib göndərilməsi üçün mənə tapşırıq verdi. Rəssam və heykəltəraşlarla əlaqələrimiz məhdud çərçivədə olduğu üçün təklif etdim ki, bu müsabiqənin yerli mərhələsini keçirək və müsabiqəmizdə I-III yerləri tutmuş hər iki nominasiyadan olan rəssam və heykəltəraşların işlərini BOK-a müsabiqəyə göndərək. Çingiz müəllim təklifimi bəyəndi və mənə müvafiq təşkilatı işlərin aparılması haqqında tapşırıq verdi. Beləliklə, "Olimpiya, incəsənət və idman-2000" Beynəlxalq müsabiqənin milli mərhələsi keçirildi. Müsabiqənin əsas məqsədi idman mövzusunda ən yaxşı 3 rəngkarlıq-qrafika və 3 heykəltəraşlıq işini seçib, beynəlxalq müsabiqəyə göndərmək idi. Sərgi başa çatdıqdan sonra hər iki nominasiyadan olan ilk 3 işi BOK-a beynəlxalq müsabiqəyə göndərdik.
- Lozanada keçirilən Beynəlxalq "Olimpiya, incəsənət və idman-2000" müsabiqəsində rəssam və heykəltəraşlarımızın əsərləri uğur qazana bildimi?
- BOK-un üzvü olan 198 ölkənin iştirak etdiyi möhtəbər Beynəlxalq müsabiqədə rəngkarlıq sahəsində Telman Abbasovun "Milli güləş" tablosu və heykəltəraşlıq sahəsində Zakir Mehtiyevin "Güləş fəndi" əsəri 4-cü yerə layiq görüldü. Onlar BOK-un diplomu və müsabiqə əsərlərinin kataloqu ilə mükafatlandırıldılar. Əlavə olaraq qeyd edim ki, bu iki sənətkarımızın əsərləri həm İsveçrənin Lozanna şəhərində "Olimpiya muzeyi"ndə sərgilənmiş, həm də uzaq Avstaliyanın Sidney şəhərində Olimpiya Oyunları keçirilən zaman nümayiş olunan 16 sənət əsəri arasında yer almışdı.
- Qeyd etdiyiniz kimi, əvvəlcə bu sahədə təcrübəniz az idi. Lakin sonradan belə uğurlu layihələrin keçirilməsini necə gerçəkləşdirdiniz?
- Doğrudur. 2002-ci ildə də Milli Olimpiya Komitəsinin 10 illik yubileyi ərəfəsində rəssam və heykəltəraşlarımızın iştirakı ilə "Olimpiya, incəsənət və idman-2002" respublika müsabiqəsini uğurla keçirdik. Sonrakı illərdə BOK-un keçirdiyi beynəlxalq müsabiqlərdə iştirak etmək üçün 2004, 2008, 2012 Yay Olimpiya Oyunları ərəfəsində belə müsabiqələr keçirirdik. Müsabiqələr başa çatdıqdan sonra sərgilər təşkil edirdik.
- Bu keçirdiyiniz müsabiqələr və sərgilər Milli Olimpiya Komitəsinə başqa nə kimi üstünlüklər qazandırdı?
- Belə müsabiqə və sərgilərin keçirilməsinin əsas məqsədi Azərbaycanda idmanın və Olimpiya Hərəkatının əsas ideallarının və dəyərlərinin hamı tərəfindən öyrənilməsi və təbliğ olunması, yaradıcılıqla məşğul olan rəssam və heykəltəraşlarla yaxın ünsiyyət qurmaq, onları idman mövzusunda yeni maraqlı sənət əsərləri yaratmağa sövq etmək idi. Belə ki, keçirdiyimiz müsabiqənin əsasnamələrində göstərirdik ki, müsabiqədə ilk üç yeri tutan incəsənət əsərləri Milli Olimpiya Komitəsinin sərvətinə çevrilir. Beləliklə, ən azı idman mövzusunda 6 gözəl sənət əsərinə sahib olurduq. Bundan başqa rəssam və heykəltəraşlar da bir neçə əsərlərini MOK-a hədiyyə edirdilər. MOK-un keçirdiyi müsabiqələrə qatılan rəssam və heykəltəraşlarımızın işlərini Azərbaycan Olimpiya Hərəkatına verilən töhfə kimi qəbul edirəm. Ona görə də MOK-da bu qədər sənət əsərləri toplanıb və qorunub saxlanılır. Hazırda həmin rəssamların, heykəltəraşların sənət əsərləri MOK-un inzibatı binasının bütün 4 mərtəbəsini bəzəyir.
- Yəqin ki, növbəti illərdə də bu müsabiqələr uğurla təşkil olundu?
- MOK karikaturaçı rəssamların beynəlxalq müsabiqə və sərgilərini də keçirib. Milli Olimpiya Komitəsi "Olimpiya dünyası" qəzeti ilə birgə də uğurla Beynəlxalq Karikatura müsabiqəsi və sərgisi təşkil edib. Bundan başqa Türkiyədə keçirilən Beynəlxalq karikatura müsabiqəsində də iştirak etmişik. Biz bu müsabiqədə bir rəssam və bir münsiflə təmsil olunduq. Sevindirici haldır ki, o dövrdə "Olimpiya dünyası" qəzetinin müxbir-rəssam əməkdaşı Soltan Soltanlı həmin müsabiqənin qalibi oldu.
- Bu gün artıq Milli Olimpiya Komitəsinin muzeyində biri-birindən dəyərli sənət nümunələri yer alıb. Muzeydə ən çox hansı məşhur sənətkarların əsərləri saxlanılır?
- Bəli, komitənin muzeyində təqribən 30-dan çox rəssamın 70-ə yaxın rəsm əsəri var. Heykəltəraşlıq əsərlərinin sayı isə 36 ədəddir. Bu əsərlərin hər biri qiymətlidir. Çünki bu, əsərlər fərdi yanaşmadır və həmin sənətkarın işini artıq heç kim təkrarlaya bilməyəcək. Bu gün bizim muzeyimizdə Azərbaycanın xalq rəssamı Xalidə Səfərovanın yetərincə gözəl əl işləri yer alıb. Onun işlərini bundan sonra heç kim təkrarlaya bilməyəcək. Təkrarlasa belə, o, Xalidə Səfərova olmayacaq. Xalidə xanımın işləri qızıl fondda yer alıb. Onun vaxtilə Xuan Antonio Samarança hədiyə etdiyi "Bədii gimnast” əsəri bu gün Lozannada "Olimpiya muzeyi"ndə saxlanılır. Bu, bizim üçün qürurvericidir ki, azərbaycanlı rəssamın əsəri Lozannada "Olimpiya muzeyi"ndədir. O, idman mövzusuna ən çox müraciət edən rəssam idi. Bundan başqa muzeyimizdə Telman Abbasovun, Hidayət Cəlilovun, Kərim Cəlalın, Mais Əliyevin və digər məşhur rəssamların, həmçinin heykəltəraş, xalq rəssamı, professor Natiq Əliyevin, Xanlar Əhmədovun, Əməkdar rəssam Zakir Mehdiyevin, Azad Əliyevin maraqlı heykəltəraşlıq əsərləri var.
- Milli Olimpiya Komitəsinin muzeyindəki sənət əsərlərinin sayının artırılması barədə planlar varmı?
- Bəli. Amma bunun üçün yenidən müsabiqələr təşkil etmək lazımdır. Razılıq əldə olunduqdan sonra yenidən Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə gələcəkdə rəsm və heykəltəraşlıq müsabiqələri keçirəcəyik. Bu müsabiqələrdən sonra Milli Olimpiya Komitəsinin muzeyi yeni əsərlərlə zənginləşəcək.
- Rəsm əsərləri və heykəltəraşlıq nümunələri Sizin üçün nə deməkdir?
- Bu suala cavab vermək çətindir. Rəssam və heykəltaraşların yaradıcılıq işlərinə baxanda bəzən düşünürsən ki, görəsən sənətkar burada nəyi demək istəyib, nəyi mesaj verib? Rəsm əsərinin görünməyən tərəfini axtarmaq həqiqətən də insana zövq verir. Hərdən çox yorğun olanda dostluq əlaqələrim olan rəssamlara və heykəltəraşlara zəng edib onların emalatxanalarına gedirəm. Orada onların əsərlərinə baxanda xeyli dincəlirəm. Mən o əsərləri sevirəm və bəyənirəm ki, onlar məni düşündürə bilir. Rəssamın bu əsərdə nə demək istədiyini tapmağa çalışıram. İncəsənət əsərinə baxarkən onun görünməyən tərəfini xəyalımda canlandırmaqdan zövq alıram.
- Nazir müəllim, istərdik bir qədər də yubiley ərəfəsində "Azərbaycanda Olimpiya Hərəkatı" mövzusunda təşkil olunan fotomüsabiqə və sərgi barədə danışaq. Bu müsabiqə də yetərincə böyük marağa səbəb oldu.
- İndi belə layihələrin təşkilatçısı kimi kifayət qədər təcrübəmiz var. Keçirdiyimiz fotomüsabiqəyə 20 fotoqraf tərəfindən 187 foto daxil oldu. Müsabiqəyə maraqlı şəkillər göndərilmişdi. İçəri Şəhərdə yerləşən "Fotoqrafiya evi"ndə həmin əsərlərin "Azərbaycanda Olimpiya Hərəkatı" adlı sərgisini təşkil etdik. Qaliblər Milli Olimpiya Komitəsi tərəfindən mükafatlandırıldılar. Bu layihəni gələcəkdə də davam etdirməyi düşünürük.
Hal-hazırda Azərbaycan Fotoqraflar Birliyi ilə sıx əlaqələrimiz var.
Azər Əlizadə