“Kitablarım mənim üçün ən dəyərli sərvətdir”

“Kitablarım mənim üçün ən dəyərli sərvətdir”

Müdriklərdən biri deyib ki, kitablar bir nəslin digər nəsilə vəsiyyət etdiyi ən dəyərli mənəviyyatdır. Bəli, biz bu gün keçmişdə yazılan kitabların sayəsində yaşadığımız həyat bərəsində geniş məlumata sahib olmuşuq. Bir vaxtlar yazılmış etibarlı mənbələr həmin dövrdə baş verən hadisələrdən bizi xəbərdar edir. Heç kəsə sirr deyil ki, ölkəmizdə idman və Olimpiya Hərəkatı sahəsində yeni bir tarix yazılır. Bu tarixin hər bir rəqəmi uğur və qələbələrdən söz açır. Qısa zaman ərzində Azərbaycan idmanı böyük nailiyətləri ilə bütün dünyaya səs salıb. Məhz bu sahədə fəaliyyət göstərən pedaqoqlar və qələm əhli özlərindən sonrakı nəsillər üçün maddi-mənəvi bir irs yaradır. Belə pedaqoqlardan biri də professor Dilqəm Quliyevdir. Uzun illərdən bəri idman sahəsində yorulmaz fəaliyyət göstərən Dilqəm müəllim neçə-neçə kitab və monoqrafiyaların müəllifidir. Özünəməxsus analitik təfəkkürə malik olan pedaqoqun yazıları vaxtaşırı olaraq “Olimpiya dünyası” qəzetinin müxtəlif saylarında çap olunur. Pedaqogika üzrə elmlər doktoru ilə redaksiyamızda görüşüb, onunla maraqlı mövzularda söhbət etdik. Söhbət zamanı daha çox müəllifin ayrı-ayrı vaxtlarda çap olunmuş kitablarından danışdıq.                  


-     Dilqəm müəllim, ölkəmizdə idman sahəsində ən çox kitab müəllifi olan pedaqoqlardan birisiniz. Əslində, bir kitabın ərsəyə gəlməsi üçün insan ömründən xeyli vaxt gedir. Siz, şəxsən bu vaxtı necə tənzimləyirsiniz? 

- Vaxt insan üçün ən dəyərli bir hədiyyədir. Onun qədrini bilməli, ondan səmərəli istifadə etməlisən. Əvvəlcə qeyd edim ki, həyatımdan razı olan bir insanam. Uzun illərdən bəri çəkdiyim zəhmətin bəhrəsini gördükcə, həyat eşqim daha da artır. Fikrimcə, məni tanıyanların gözündə və düşüncələrində sadiq ailə başçısı, gözəl ata, mehriban baba və yaxın dost xarakteri  formalaşdıra bilmişəm. Tələbələrimdən də barəmdə hər zaman xoş sözlər eşitmişəm. Məhz buna görə həyata baxışım heç vaxt müsbətdən mənfiyə doğru dəyişməyib. Hesab edirəm ki, kitablarım mənim üçün ən dəyərli sərvətdir. Özümü, sözün əsil mənasında, varlı bir insan hesab edirəm. Yaradıcılıq xəzinəmdə 500-ə yaxın əsərim, 400-dən çox elmi-pedaqoji və publisistik mövzuda qəzet məqalələrim var. Yaşayıb, yaratmaq həvəsim günü-gündən artır. Müəllifi olduğum kitablar məni daha da ruhlandırır.

- Bu kitabların ərsəyə gəlməsi yəqin ki, asan başa gəlmir.

- Son bir neçə ildə müxtəlif mövzularda kitablarım işıq üzü görüb. Hər biri üçün yuxusuz gecələrimi sərf etmişəm. Buna görə heç də heyfislənmirəm. Azərbaycanda idman sahəsində ən çox kitabı olan pedaqoqlar sırasında özümü rəqibsiz hesab edirəm. Uzun illərdən bəri müxtəlif mövzulara müraciət etmişəm. Kifayət qədər idman dərsliklərinin, monoqrafiyaların müəlifi olmaq böyük xoşbəxtlikdir. Azərbaycan Milli Ensiklopediyasında bədən tərbiyəsi və idman bölməsində müəlliflik mənə məxsus olub. Hesab edirəm ki, illər keçəcək, müəllifi olduğum kitablarım gələcək nəsillər üçün miras qalacaq. Bu bir yaradıcı insan üçün ən gözəl və dəyərli nailiyyətdir.

-     Mövzu seçimində də rəngarənglik hiss olunur. Seçim yəqin ki, sırf özünüzə məxsusdur.

- Kitablarımda mövzu barədə rəngarənglik var. Onların hər biri barəsində saatlarla danışmaq olar. Məsələn, şəhid idmançılarımız barəsində bir neçə kitab çap etdirmişəm. Onların arasında ADBTİA-nın şəhid idmançılarına həsr etdiyim kitablar da var. Bundan başqa Qarabağ döyüşlərində, 44 günlük müharibədə canlarını Vətən uğrunda fəda edən idmançılara həsr etdiyim nəşrlərim var. Hesab edirəm ki, bu, qəhrəman övladların göstərdiyi şücayətlərin müqabilində elə də böyük iş sayılmır. Mən də öz növbəmdə vətənə xidmətimi bu cür nümayiş etdirməyə çalışmışam.

-     Yeri gəlmişkən, ötən il “Qarabağın idman tarixi” adlı kitabınızın Şuşada təqdimatı oldu. Yəqin ki, bu təqdimatın məhz Şuşada keçirilməsi ən böyük arzularınızdan biri idi.

- Əvvəlcə bu kitabın yazılmasının maraqlı tarixçəsindən qısa danışmaq istərdim. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqa etdiyi müraciətində qeyd etmişdi ki, 27 sentyabr tarixindən başlayan İkinci Qarabağ savaşı barədə çox yazılacaq və qazanılan qələbələr qələmə alınacaq. Məhz bu müraciətdən sonra “Qarabağın idman tarixi” adlı kitabını yazmaq qərarına gəldim. Kitab hazır olduqdan sonra Prezident İlham Əliyevə məktub ünvanladım. Məktubda Ali Baş Komandana “Qarabağın idman tarixi” adlı kitabının Şuşa şəhərində təqdimatının keçirilməsinə göstəriş verməsi ilə bağlı xahişimi bildirdim. Çox xoşbəxtəm ki, müraciətimə müsbət cavab gəldi. Şuşa şəhərində yerləşən Bülbülün ev muzeyində “Qarabağın idman tarixi” kitabının təqdimatı oldu. Buna görə çox sevincliyəm. Bu hadisə həyatımda ən yaddaqalan bir tarix olacaq. 


- Sizin müəllifi olduğunuz kitablar arasında xalq oyunlarına həsr olunmuş nəşr də diqqəmizi cəlb etdi. 

- Yəqin ki, “Azərbaycan xalq oyunları və əyləncələr” adlı monoqrafiyamı nəzərdə tutursunuz. Bəli, həmin əsərim XIX əsrin sonu XX əsrin əvvəllərini əhatə edir.  168 səhifədən ibarət monoqrafiyada Olimpiya Oyunları, “Avesta”dan götürülən mərasim oyunları, Azərbaycan xalqının fiziki mədəniyyət tarixi, xalq oyunları və əyləncələri, folklorda və Azərbaycan mütəfəkkirlərinin əsərlərində fiziki tərbiyə, şifahi xalq yaradıcılığında oyunlar və s. problemlər öz əksini tapıb. Qeyd edim ki, bu kitabın ərsəyə gəlməsi  asan olmayıb. İstəmirəm ki, əsrlərdən bəri öz dəyərini qoruyub saxlayan xalq oyunları unudulsun. Düşündüm ki, onları bir yerə toplayıb, gələcək nəsillərə ötürməkdə vasitəçi olum. Zənnimcə, kitabda həmin mövzunu tamamilə əks etdirə bilmişəm.       


-     Dilqəm müəllim, artıq yeni ilə qədəm qoymuşuq. Növbəti ildə hansı işləri görməyi, daha doğrusu, hansı kitabların nəşrini planlaşdırırsınız?

- Şübhəsiz ki, yeni kitablar və məqələlər üzərində işləyirəm. Bildiyiniz kimi, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Mən də öz növbəmdə ümummilli liderimizə həsr olunmuş yeni bir kitab çap etdirməyi planlaşdırıram. Demək olar ki, nəşrin ərsəyə gəlməsi üçün bütün materiallar tamamlanıb. Bundan başqa yeni ildə “Soyqırım: tarixi həqiqətləri”, “Ermənilərin Anadolu türklərinə qarşı törətdikləri soyqırımlar” və bir neçə kitabım işıq görəcək. 
Qeyd edim ki, “Olimpiya dünyası” qəzetində ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci və 1993-2003-cü illərdə ölkədə Olimpiya Hərəkatına, bədən tərbiyəsi və idmana göstərdiyi xüsusi diqqət və qayğıya həsr olunmuş silsilə məqalələrim də oxuculara təqdim olunacaq. Fürsətdən istifadə edib redaksiya rəhbərliyinə və sizə minnətdarlığımı bildirirəm, arzu edirəm ki, bu yeni ildə yeni uğurlar əldə edəsiniz. Birgə əməkdaşlığımız davamlı olsun. 

 

Anar Əhmədov