Rüstəm Rəhimov: “Futbol elə səhvləri ilə gözəldir”

Rüstəm Rəhimov: “Futbol elə səhvləri ilə gözəldir”

O, Azərbaycanın üç ən yaxşı futbol hakimindən biridir. Üç dəfə (1987, 1990, 1991-ci illərdə) SSRİ-nin “10 ən yaxşı” hakimi siyahısına daxil edilib. Söhbət “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, ümumittifaq dərəcəli hakim, AFFA-nın Futbol Veteranları İttifaqının sədr müavini Rüstəm Rəhimovdan gedir.

1948-ci il martın 6-da Bakı şəhərində anadan olan müsahibimiz 75 illik yubileyini qeyd etməyə hazırlaşır. 2004-cü ildə UEFA-nın təsis olunmasının 50 illik yubileyi münasibətilə Azərbaycanın “Ən yaxşı hakimi”, 2010-cu ildə isə Milli Olimpiya Komitəsinin “Ən ədalətli hakimi” mükafatlarına layiq görülüb. Redaksiyamızın qonağı olan müsahibimizlə futbolçu kimi “Neftçi” komandasının heyətində çıxış etdiyi illərdən, idarə etdiyi oyunlardan və digər maraqlı məqamlardan danışdıq.

 

- Rüstəm müəllim, istərdik söhbətimizə futbola gəlişinizlə başlayaq. İncəsənət nümayəndələri ilə yaxın olduğunuz halda niyə məhz futbolu seçdiniz?

 

- Məktəbdə oxuduğum illərdə idmana, xüsusən də futbola böyük həvəsim olub. Uşaq vaxtı həmişə futbol oynayardıq. Doğru qeyd etdiniz, tanınmış mərhum aktyorumuz Fuad Poladovla eyni sinifdə oxumuşam. Mənim futbola, onun isə aktyorluğa həvəsi var idi. Futbola olan həvəsimə görə 1960-cı illərin əvvəllərində “Neftçi”nin hazırlıq qrupuna yazıldım. 1964-cü ildə artıq Azərbaycanın gənclərdən ibarət komandasının kapitanı idim. Sonra biz Minskdə keçirilən məktəblilərin Spartakiadasında iştirak etdik. 1966-cı ildə isə “Neftçi”nin əvəzedici heyətinə dəvət olundum.

- Həmin vaxtlar “Neftçi” öz tarixinin ən parlaq dövrünü yaşayırdı. Yəqin ki, belə bir komandanın əsas heyətində yer almaq sizin kimi gənc futbolçu üçün çətin idi.

 

- Bəli, qeyd etdiyiniz kimi, “Neftçi”nin ən qızıl vaxtları idi. Anatoli Banişevski, Kazbek Tuayev, Eduard Markarov, Valeri Hacıyev, Sergey Kramarenko, Yaşar Babayev və digər məşhur futbolçular bu klubun heyətində çıxış edirdi. Təsadüfi deyil ki, 1966-cı ildə “Neftçi” futbol üzrə SSRİ çempionatında bürünc medala sahib çıxmışdı. Həmin illərdə hər bir futbolçunun arzusu bu klubun heyətində oynamaq idi. Hər il mövsümün sonunda istedadlı futbolçular arasından seçim aparıb, əsas komandaya cəlb edirdilər. 18 yaşım olanda mənimlə yanaşı, Rafiq Əlizadə və Nikolay Smolnikov ölkənin bir nömrəli komandasına dəvət aldı. Komandanın heyətində demək olar ki, SSRİ yığmasının əksər üzvləri yer almışdı. Klubda elə adlı-sanlı futbolçular oynayırdı ki, əsas heyətə düşmək çox çətin idi. Təsəvvür edin ki, mərkəz müdafiəçi mövqeyində SSRİ yığmasının əsas heyətində çıxış edən Vyaçeslav Semiqlazov, Vladimir Bruxti, Nikolay Boqdanov, keçmiş voleybolçu İnna Rıskalın həyat yoldaşı Aleksandr Syomin və digər məşhur oyunçularla rəqabət aparmalı idim. Amma hərdən məşqçi icazə verirdi və bəzi oyunlarda iştirak edirdim. Lakin meydanda daha çox oyun keçirmək istəyirdim. Bunun üçün də komandanı tərk etdim. 1971-ci ildə Düşənbədə “Pamir” klubunda, sonra isə Kirovabadın (indiki Gəncə) “Dinamo” komandasında oynadım.

 

- Siz əsasən hakim kimi böyük uğur qazanmısınız və Azərbaycanın üç ən yaxşı futbol hakimindən biri olmusunuz.

 

- 1975-ci ildə karyeramı başa vurandan sonra Bakı Bədən Tərbiyəsi Texnikumunda işləməyə başladım. Məşhur futbol hakimi, qonşumuz Eldar Əzimzadə də həmin illərdə orada tədris hissə müdirinin müavini idi. O, mənə hakimliyə başlamağı təklif etdi. Etiraf edim ki, hakimliyə marağım yox idi. Bir gün Eldar müəllim xaricdən gəlmişdi və Azərbaycan çempionatının oyununu idarə etməli idi. Lakin bu oyunun idarəçiliyi mənə həvalə edildi. Buna qədər heç vaxt hakim kimi özümü sınamamışdım. Nə hakim paltarım, nə də fitim var idi. Eldar müəllim öz hakim formasını və fitini mənə verdi. Həmin oyunda Lənkəranın “Xəzər” və Suraxanını təmsil edən komandalar qarşılaşırdı. Bu oyunla hakimliyə başladım. SSRİ birinciliyi və kubok oyunlarında 120-dən çox oyuna təyinat almışam. Həmin vaxt SSRİ-də hakimə 80 oyuna görə gümüş, 100 oyuna görə isə qızıl medal verirdilər. Mən də idarə etdiyim oyunlara görə bu medallara layiq görülmüşəm. 1994-cü ildə “Birlik” kubokunun final oyununu idarə etdim. Bu oyunun idarəçiliyini qazandığım etimada görə mənə həvalə etmişdilər. Oyundan sonra hakimlik karyeramı başa vurdum, yalnız veteranların oyununu idarə edirdim. Sonuncu dəfə isə 2013-cü ildə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Azərbaycanın və Avropanın veteranlardan ibarət komandasının oyununu idarə etmişəm.

- Hakim kimi hansı qətiyyətli qərarlar vermisiniz?

 

- Təbii ki, hakimlərin verdiyi qərarlar çox vaxt müzakirə mövzusuna çevrilib. Mənim yüksək liqada penalti epizodlarında verdiyim qərarlarda səhvim olmayıb. İdarə etdiyim oyunlar zamanı üç dəfə SSRİ çempionunun taleyi həll olunub. Yadıma gəlir, 1985-ci ildə “Zenit” və Kiyevin “Dinamo” komandalarının oyununu idarə etdim. Sonra Kiyev təmsilçisi SSRİ çempionu oldu.

1987-ci ildə SSKA - “Ararat” oyununa təyinat aldım. Hesab 0:0 olarkən, kobud oyuna görə “Ararat”ın qapısına penalti zərbəsi təyin etdim. SSKA-nın futbolçusu onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək, komandasına qələbə qazandırdı. Oyundan sonra “Ararat” komandasının üzvləri hay-küy saldılar, komissiya yaratdılar. Dedilər ki, bilərəkdən onların qapısına penalti təyin etmişəm. Həmin vaxt “Futbol icmalı” verilişi olurdu. Verilişdə verdiyim qərar barədə təhlil aparıldı və qərarımın düzgünlüyü isbat olundu.

Bu oyunlardan başqa 1988-ci ildə “Dinamo Moskva” və “Dinamo Kiyev” komandaları arasında keçirilən prinsipial oyuna təyinat almışdım. 100 minə yaxın azarkeşin stadiondan izlədiyi oyunun 88-ci dəqiqəsində, hesab 1:1 olarkən Moskva təmsilçisinin qapısına penalti təyin etdim. Həmin görüşün də əhəmiyyəti çox böyük idi.

1990-cı ildə “Spartak” və “Dinamo” oyunun baş hakim idim. Həmin vaxt yığmanın əksər futbolçuları bu komandaların heyətində çıxış edirdi. Bir aydan sonra SSRİ yığması dünya çempionatına yollanmalı idi. 1991-ci ildə SSKA və “Şaxtyor” oyununu idarə etdim. Bu oyun çempionluğun taleyinə aydınlıq gətirdi. Yəni hakimlikdə belə qətiyyətli məqamlar olur. Futbolçu kimi qazandığım təcrübə hər zaman hakim kimi köməyimə çatıb.

 

- Bu gün futbol hakimlərinin işini asanlaşdırmaq üçün VAR sistemi və bir sıra yeniliklərdən istifadə olunur. Buna bir hakim kimi münasibətiniz necədir?

 

- Bizim dövrdə oyuna cavabdeh baş hakim idi. Yan hakimlər isə iki epizodda - top meydandan çıxanda və oyundan kənar vəziyyətdə kömək edirdilər. Digər məsələlərə isə qarışmırdılar. Çünki onlar kömək edəndə baş hakimin inspektor tərəfindən qiyməti aşağı düşürdü. Bu gün isə əksindədir. Köməkçilər, yan xətt hakimləri və dördüncü hakim məsələyə qarışır. Anlaşılmaz epizod olduqda isə VAR-a müraciət olunur. Bu da oyunun tempini aşağı salır. Bununla belə obyektivlik qorunur. Bizim dövrdə bunların heç biri yox idi, hakim ani anda qərar verməli idi. Fikrimcə, futbol elə səhvləri ilə gözəldir.

 

- Rüstəm müəllim, idmandan kənar hansı məşhurlarla dostluq əlaqələriniz olub?

 

- Mərhum aktyorlarımız Fuad Poladov və Ceyhun Mirzəyevlə bir məktəbdə oxumuşuq. Böyük sənətkarımız müğənni, bəstəkar Akif İslamzadə, Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski isə gənclik dostum olub. Mən İçəri Şəhərdə böyümüşəm. Həmin vaxt bütün məşhur simalar da orada yaşayıblar. Bu gün də sevilən bəstəkarımız Eldar Mansurovla dostluq edirəm. Bundan başqa muğam ustadı Əlibaba Məmmədov, opera müğənnisi Lütfiyar İmanov, bəstəkar Xəyyam Mirzəzadə, məşhur rejissorlar Arif Babayev, Vasif Babayev, AzTV-nin diktoru Rafiq Hüseynov, xalq artistləri Firəngiz Əhmədova, Mövsüm Sənani, Sidqi Ruhulla, Ələsgər Ələkbərov və başqa məşhur simalar qonşularımız olub.

 

- Bu gün gənc hakimlərə nələri tövsiyə edərdiniz?

- Obyektivliyi, öz peşəsinə sədaqətli olmağı! Belə olan halda peşəkarlıq da olur. Bu gün Azərbaycanın ən tanınmış futbol hakimlərindən olan Əliyar Ağayev, Zeynal Zeynalov, Rəhim Həsənov və başqalarının vaxtilə dərs demişəm. Əliyar Ağayevin UEFA Çempionlar Liqasının oyununa təyinat alması Azərbaycan futbol hakimliyinin növbəti uğurudur.

Tələbələrdən söz düşmüşkən Maksim Medvedyev, Rauf Əliyev, Tural Axundov kimi futbolçular da mənim tələbələrim olublar.

Bundan başqa 2002-ci ildə futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi olmuşam. Komandamızı Kiprdə keçirilən Avropa çempionatına apardım. Həmin vaxt Ceyhun Sultanov, Zaur Ramazanov kimi oyunçular komandanın heyətində yer alırdılar.

 

 

 

Azər Əlizadə