Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” keçiriləcək. Marafonda iştirak üçün qeydiyyat prosesinə martın 10-dan start verilib və mayın 1-dək davam edəcək. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. “Küləyə qalib gəl” şüarı altında keçiriləcək yarımarafon 21 kilometr məsafəni əhatə edir. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq.
“Bakı Marafonu 2023”ün mükafatlandırılması iki kateqoriyada keçiriləcək. Kişi və qadın kateqoriyalarının hər biri üzrə 1-ci yerin qalibi 3000 manat, 2-ci yerin qalibi 2000 manat, 3-cü yerin qalibi isə 1000 manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.
Qadın və kişi kateqoriyaları üzrə finiş xəttini ilk keçən tələbələr arasında “Gənc ol” (Azercell), eləcə də “Finiş xəttini ilk keçən ən yaşlı iştirakçı”, “Finiş xəttini ilk keçən korporativ iştirakçı”, “Ən kreativ kostyum” nominasiyalarında da mükafatların təqdimatı nəzərdə tutulur. Marafonun bütün iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 2000 iştirakçı isə “Bakı Marafonu 2023”ün medalları ilə təltif ediləcək.
Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılacaq. Burada müxtəlif əyləncə proqramları, yarışlar, idman tədbirləri keçiriləcək.