Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında qılıncoynatmanın sablya növündə yarışlara yekun vurulub. Ötən gün gənc oğlan və qızlar arasında komanda yarışı başa çatıb.
Zərifə Hüseynova, Fərəh Abbasova və Fidan Quliyevanın təmsil olunduğu komanda dünya çempionatında yarmfinala kimi irəliləyən Bolqarıstan yığmasına 39:45 hesabı ilə uduzub. Xatırladaq ki, Zərifə Hüseynova daha öncə yeniyetmə qız sablyaçıların şəxsi yarışında gümüş medal qazanıb.
Murad Əkbərov, Maqsud Hüseynli, Ayxan Xasıyev və Saleh Məmmədovdan ibarət komandamız ilk görüşündə Ukrayna kollektivinə 28:45 hesabı ilə məğlub olub. Əvvəlcə keçirilən gənc oğlan sablyaçıların şəxsi yarışında isə adları qeyd olunan qılıncoynadanlarımız qrup mərhələsini uğurla adlasa da, pley-offda mübarizəni dayandırıb. Murad Əkbərov və Ayxan Hüseynovda 64-lüyə yüksəliblər.