Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir. Həftəsonu “AHF Arena” da daha iki turun oyunları keçirilib. Çempionatın XXV turu liderin xal itkisi ilə yadda qalıb. Gərgin idman mübarizəsi vəd edən “Dinamo” - “İdman Akademiyası” görüşünün ilk hissəsi bərabərliklə başa çatıb.
Fasilədən sonra fürsətlərdən daha layiqincə yararlanan “dinamoçular” oyunu qələbə ilə başa vurublar - 26:23.
Turun digər oyunları maraqlı mübarizə ilə yadda qalıb. Bu, nəticələrdə də əksini tapıb. “Təhsil” “Bakı”nı 28:27, U-16 RİOEUGİM-i 23:22 hesabı ilə məğlub edib.
“İdman Akademiyası” ilə “Dinamo”nun XXVI turdakı dueli böyük maraqla gözlənilirdi.
Çempionluğa iddialı rəqiblərin növbəti görüşündə “Dinamo” yarış cədvəlinin lideri ilə xal fərqini azaltmaq niyyətində idi. Amma qonaqlar istəyini reallaşdıra bilməyiblər. Yüksək əzmkarlıq nümayiş etdirən “tələbələr” tapşırığı yerinə yetiriblər – 24:23.
Digər oyunlarda “Təhsil” “Bakı”ya 29:27, RİOEUGİM U-16-ya 31:22 hesabı ilə qalib gəlib.
İdman Akademiyası 54 xalla çempionatın lideridir. “Dinamo” ondan 12 xal geri qalır. “Məhsul” 41 xalla üçüncüdür. 4-cü pillədəki “Təhsil”in 36, 5-ci yerdəki “Bakı”nın 13 xalı var. RİOEUGİM və U-16 hərəyə 6 xalla sonrakı yerləri bölüşür.