"Azərreyl” cavab görüşünə məğlub çıxacaq
"Azərreyl” voleybol klubu CEV kubokuna start verib. Bakı təmsilçisi Serbiyada "Partizan”ın qonağı olub. Matç gözlənilən kimi gərgin keçib. Hazırda yaxşı formada olan Belqrad təmsilçisi ev oyununu qələbə ilə bitirib.
Belə ki, matç Aleksandr Çervyakovun yetirmələri üçün yaxşı başlamayıb. Ardıcıl 2 hissədə məğlub olan voleybolçularımız ardınca bunun əvəzini çıxsalar da, tay-brekdə rəqib sevinib.
Matçda ən çox xal toplayan voleybolçuların adları açıqlanıb. Belə ki, Belqradda 2:3 hesabı ilə uduzduğumuz qarşılaşmada xüsusi fərqlənən olmayıb. Rəqibin heyətində Sladana Buliç, "Azərreyl”də Anastasiya Qurbanova məhsuldarlıq nümayiş etdirib. Onların hər ikisi 19 xal toplayıb. Aleksandr Çervyakovun digər yetirmələrindən Yekaterina Jidkova 16 və Dusanka Kariç 10 xala sevinib.
Qeyd edək ki, cavab matçı oktyabrın 31-də olacaq.
"Lokomotiv” klubu da CEV kubokunun 1/16 final mərhələsində ilk matçına çıxıb. Super-liqanı 4-cü yerdə bitirən "dəmiryolçular” paytaxtda Çexiyanın "Brno” klubunu qəbul edib.
Görüş gözlənildiyi kimi, Bakı təmsilçisinin asan qələbəsi ilə yekunlaşıb. Heç vaxt Azərbaycan klubları ilə bacarmayan "Brno” bu dəfə də paytaxtımızdan 3:0 hesablı məğlubiyyətlə ayrılıb.
Belə ki, Super Liqaya məğlubiyyətlə başlayan "Lokomotiv” ilk hissənin startında yaxşı oynayıb. Onlar hətta 6 top fərqi ilə önə keçməyi bacarıblar - 13:7. Lakin bundan sonra qonaqlar fəallaşaraq, hesabda tarazlığı bərpa ediblər - 17:17.
Təbii ki, bu, "Lokomotiv”in baş məşqçisi Kladio Kuellonu razı salmayıb və argentinalı çalışdırıcı taym-aut götürmək məcburiyyətində qalib. Onun tapşırıqları isə özünü çox gözlətməyib. "Lokomotiv” yenidən öz oyununu taparaq, hissəni öz xeyrinə başa vurub - 25:20.
İkinci hissədə "Brno” voleybolçularımızın hücumları qarşısında aciz qalib. Bunun nəticəsi olaraq, ilk və ikinci texniki fasilələrə üstün yollanan "Lokomotiv” yekunda 13 top fərqi ilə qalib gələrək, hissələrin fərqini 2-yə çatdırıb. Üçüncü hissə isə həlledici olub. Komandamız bu dəfə 25:17 hesabı ilə qalib gəlib.
Beləliklə, 3:0 hesabı ilə qələbə qazanan "Lokomotiv” cavab matçına ruh yüksəkliyi ilə çıxacaq. Cavab matçı oktyabrın 29-da keçiriləcək.
CEV kuboku
1/16 final mərhələsi, ilk oyunlar
23 oktyabr
"Lokomotiv” (Azərbaycan) - "Brno” (Çexiya) - 3:0 (25:20, 25:12; 25:17)
Hakimlər: Sergey Vaytsiakoviç (Belarus), Arzu Əmioğlu (Türkiyə)
Bakı. Voleybol Mərkəzi
CEV kuboku
1/16 final mərhələsi, ilk oyunlar
23 oktyabr
"Partizan” (Serbiya) - "Azərreyl” (Azərbaycan) - 3:2 (25:20, 25:15, 18:25, 22:25, 16:14)
Hakimlər: Alina Suciu (Rumıniya), Andreas Daniil (Kipr)
Belqrad. İdman Sarayı