Çempionlar Liqasında komandalarımızın uğurlu startı

Çempionlar Liqasında komandalarımızın uğurlu startı




"Azəryol”, "İqtisadçı” və "Rabitə” qələbəni bayram etdilər

Qadın voleybolçular arasında Çempionlar Liqasına start verilib. Məlumat üçün bildirək ki, ötən mövsümdə olduğu kimi, bu ildə ölkəmiz ÇL-də 3 komanda ilə təmsil olunur. 2 komandamız birbaşa olaraq ÇL-yə vəsiqə qazanıb. Bir təmsilçimiz isə güzəştli kart ("wild kart”) vasitəsi ilə turnirdə iştirak etmək hüququna yiyələnib. Azərbaycan klublarından ilk olaraq mübarizəyə "Azəryol” kulubu başlayıb. Paytaxt təmsilçisi doğma meydanda İtaliyanın "Yamamay” komandasını qəbul edib. Bu görüş digər oyunlara nisbətən voleybolsevərlər tərəfindən maraqla gözlənilirdi. Çünki, "Azəryol” ötən il məhz bu komandaya məğlub olaraq "Dördlər finalı”na yüksələ bilməmişdi. İndi isə komanda qələbə qazanıb həmin məğlubiyyəti unutdurmaq istəyirdi. Bundan başqa komanda qalib gələcəyi təqdirdə əlavə stimul qazanacaqdı.
Ancelo Vercesinin yetirmələri onlara bəslənilən ümidləri doğrultdular. Baxmayaraq ki, qarşılaşma rəqibin hücumları ilə başladı. Belə ki, birinci hissədə Apennin yarımadasının təmsilçiləri ardıcıl qurduğu hücumlar sayəsində "Azəryol” klubunu çətin vəziyyətdə saldı. Komandamız hesabda 4 top fərqi ilə geri düşdükdən sonra baş məşqçi Ancelo Vercesi taym-aut götürmək məcburiyyətində qaldı. Onun tapşırıqları isə yetirmələrinə kömək etdi. "Azəryol” ilk texniki fasiləyə 1 top fərqi ilə məğlub yollansa da, ardınca komanda üstünlük qazandı - 11:10. Bundan sonra komandamız hətta 3 top fərqi ilə irəli çıxmağı da bacardı - 16:13. Lakin rəqib fərqin artmasına imkan verməyərək, yenidən top fərqində tarazlıq yaratdı - 17:17. Bundan sonra oyun xala-xal prinsipi ilə davam etdi. Qarşılaşmanın sonunda isə sevinən tərəf qonaq komanda oldu. İkinci hissənin əvvəlləri də gərgin mübarizə şəraitində keçdi. Burada "Yamamay” klubu gözəl oyun nümayiş etdirdi. Voleybolçularımızın top qəbulunda və blokda etdikləri səhvlər rəqibin top fərqində irəli çıxması ilə nəticələndi - 7:4. Bundan sonra komandamız öz oyununu nümayiş etdirməyə başladı. Voleybolçularımız əla oyun nümayiş etdirərək ilk texniki fasiləyə 2 xal fərqi ilə üstün yollandı. Bundan sonra da inamlı təsir bağışlayan Bakı təmsilçisi 25:20 hesabı ilə qələbə qazanaraq, hissələrin fərqini bərabərləşdirdi - 1:1. Üçüncü hissədə də "Azəryol” yaxşı oyun nümayiş etdirdi. İlk texniki fasiləyə 4, ikinci texniki fasiləyə 7 xal fərqi ilə üstün yollan komandamız bu üstünlüyü hissənin sonunadək qorudu və qələbəni bayram etdi. Dördüncü hissəyə "Yamamay” daha yaxşı başladı. Qonaqlar birinci və ikinci texniki fasilələrə üstün yolandılar. Ardınca "Azəryol” top fərqini 4-ə endirsə də (14:18), yekunda italiyalılar 25:17 hesabı ilə qalib gəldilər. Qalibi müəyyən etmək üçün komandalar tay-brekdə qüvvələrini sınamalı oldular. Tay-brek isə komandamızın üstünlüyü ilə keçdi. Hissənin ortalarından hesabda irəlidə olan "Azəryol” rəqibini 15:13 hesabı ilə məğlub edərək, matçın yekun nəticəsini müəyyənləşdirdi - 3:2.
Beləliklə, Ancelo Vercesinin yetirmələri Çempionlar Liqasına qələbə ilə başladı. Bu qələbə sayəsində komandamız 2 xal qazandı. Oyundan sonra ən çox xal toplayan voleybolçunun adı da məlum olub. Belə ki, qarşılaşmanın ən çox fərqlənən oyunçusu Adina Əliyeva olub. Hücumçumuz Busto Arsizio təmsilçisindən nə az, nə çox - 28 xal almağı bacarıb. Ancelo Vercesinin digər yetirmələrinə gəlincə, Polina Rəhimova, Çyara di Yulio 13, Kseniya Kovelenko 12, Anneris Varqas 9, Yuside Sillie 4, Yana Ağayeva 2, Cessika Consla Natəvan Qasımova hərəyə 1 xal toplayıblar. Rəqibin heyətində isə İlariya Spiroto daha məhsuldar olub. O, komandasının aktivinə 24 xal yazıb.
Qarşılaşma ilə bağlı "Yamamay” klubunun baş məşqçisi Karlo Parisi öz fikirlərini bildirib:
"Çox çətin oyun oldu. Çünki ilk hissədə qələbə qazanmağımıza baxmayaraq, ciddi çətinliklərlə üzləşdik. Xüsusilə, hücum xəttində problemlərimiz oldu. Hələ qarşıda oyunlarımız var. Biz daha çox məşq etməliyik və komandada uyğunlaşmanı daha yüksək səviyyəyə çatdırmalıyıq. Yoanna Voloşla Marika Biançini heç də ən yaxşı oyununu keçirməsələr belə komandaya böyük fayda verdilər. Ümumilikdə bütün oyunçulardan razı qaldım. Çünki onlar bacarıqlarını ortaya qoydular”, - deyə Parisi vurğulayıb.
Bu qrupun digər oyununda isə "Konegliano” (İtaliya) "Qalatasaray”ı (Türkiyə) qəbul edib. Bakı təmsilçi kimi burada da ev sahibləri 3:2 (25:23, 25:23, 19:25, 21:25, 18:16) hesabı ilə qələbə qazanıb.
ÇL-də mübarizə aparan digər təmsilçimiz "İqtisadçı” da debüt matçına çıxıb. Bakı təmsilçisi Serbiyada "Srvena Zvezda” klubunun qonağı olub. "Tələbələr” görüşü asan qələbə ilə başa vurublar. Belə ki, Bülənt Karslıoğlunun yetirmələri səfərdə heç də özlərini qonaq kimi aparmayıblar. "İqtisadçı” görüşün əvvəlindən üstünlüyü ələ alaraq oyunda top fərqini artırıb. Ardınca "Srvena Zvezda” top fərqini 3-ə endirib. İlk texniki fasilədə üstünlüyü 6 topa çatdıran Bakı təmsilçisi ikinci texniki fasilədə fərqi daha da artırıb - 16:7. İnamlı çıxışını davam etdirən komandamız birinci hissəni 25:15 hesabı ilə qalib gəlib. İkinci hissə isə serblərin hücumları ilə başlayıb. Əgər ilk hissədə "İqtisadçı” 4 top fərqi ilə öndə idisə, bu dəfə rəqib eyni hesabla irəli çıxıb - 5:1. Bundan sonra Karslıoğlu taym-aut götürmək məcburiyyətində qalıb. Lakin bu da bir nəticə verməyib. "Srvena Zvezda” texniki fasiləyə öndə yollanıb - 8:2. Fasilədən sonra komandamız əzmkarlıq nümayiş etdirib. Əvvəlcə hesabı bərabərləşdirən (12:12) "tələbələr” sonda 25:16 hesabı ilə qalib gəliblər. Üçüncü hissəyə də rəqib fəal başlayıb - 8:5. Amma "İqtisadçı” yenə rəqibin sevinməsinə imkan verməyib və bu dəfə seti 2 top öndə bitirərək, rəqibindən çox güclü olduğunu sübut edib.
Beləliklə, Belqradda əla oyun nümayiş etdirən "İqtisadçı” Çempionlar Liqasında debütünü 3 xalla bitirib. Qarşılaşmadan sonra oyunda ən çox fərqlənən voleybolçunun adı da məlum olub. Bakı təmsilçisinin oyunçusu Manon Flier bütün rəqiblərindən üstün olub. Hollandiyalı legionerimizin 15 zərbəsi dəqiq olub. Digər voleybolçularımızdan - Vilavan Apinyaponq 14, Onuma Sittirakla Pleumjit Zinkaov hərəyə 8, Ma Yun Ve 5, Kiuyue Vey 4, Li Çanq 3 və Kim Vilouqbi 1 xala sevinib. Rəqibin heyətində isə Lyubiça Keçman fərqlənib. O, 13 xal toplayıb.
Oyundan sonra hər iki komandanın məşqçiləri və voleybolçuları qarşılaşma ilə bağlı fikirlərini bildiriblər.

Bülənt Karslıoğlu ("İqtisadçı” klubunun baş məşqçisi):
"Komandamız tam heyətlə cəmi 10 gündür bir araya gəlib. Buna baxmayaraq, yaxşı oynayıb, qalib gəldik. Voleybolçular bir-birlərini tanıdıqca, istədiyim sistemə uyğunlaşdıqca daha güclü komanda olacağıq. Matça gəlincə, Belqrada qələbə qazanmaq üçün gəlmişdik. "İqtisadçı”nın həmişə hədəfi budur və 3 xalla da Azərbaycana dönürük. Həmçinin, Serbiyada qalibiyyət bizim üçün vacib idi. Çünki komandamız Çempionlar Liqasında debüt edirdi və başlanğıcın uğurlu olmasını istəyirdik. Sevinirik ki, Avropanın ən mötəbər klub turnirində ilk matçımız uğurla bitti”.

Vilavan Apinyaponq (""İqtisadçı” klubunun kapitanı”):
"Srvena Zvezda” gənclərdən təşkil olunan komandadır. Lakin buna baxmayaraq, onlar mümkün qədər yaxşı təsir bağışlamağa çalışdılar. Üstəlik, biz də çox səhvlər buraxdıq. Buna səbəb tam heyətlə cəmi 2 dəfə məşq keçməyimiz idi. Amma ümid edirəm ki, qarşıdakı matçlarda yaxşı oynayacağıq”.
Lyubiça Keçman ("Srvena Zvezda” klubunun voleybolçusu):
"İkinci və üçüncü setlərdə oyunda dönüş yaratmaq şansımız oldu. Lakin bu imkandan yararlana bilmədik. Biz uduzduğumuz üçün çox təəssüflənirik. "İqtisadçı” bizi yalnız təcrübəsi hesabına məğlub etdi. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik. Hətta belə güclü qrupda xal qazanacağımıza da ümid edirəm”.
Qrupumuzun digər matçında isə "Dinamo” (Moskva, Rusiya) "Pyaçentsa”ya (İtaliya) 3:1 hesabı ilə qalib gəlib.
Çempionlar Liqasında mübarizə aparan digər təmsilçimiz "Rabitə” isə Rusiyanın "Omiçka” klubunu qəbul edib. "Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən qarşılaşmanın maraqlı keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olardı. Belə ki, hazırda şimal qonşularımızın çempionatında 1-ci pillədə gedən omsklular yeni mövsümdə 14 matçdır məğlubiyyət nə olduğunu bilmirlər. Məlumat üçün bildirək ki, onların əsas oyunçusu Azərbaycan millisinin və "Rabitə”nin sabiq hücumçusu Natalya Məmmədovadır. Ondan Bakıda da uğurlu çıxış gözləməyə dəyərdi. Həmçinin, Azərbaycan klubları ilə səfər görüşündə qələbə qazana bilməyən "Omiçka” bu dəfə tilsimi qırmağa çalışırdı. Lakin bunun, heç də asan olmayacağını rəqib çox gözəl bilirdi. Çünki onlardan fərqli, Bakıda məğlubedilməz olan "Rabitə”nin uğurlu seriyanı dayandıracağı inandırıcı deyildi. Azərbaycan təmsilçisi həmişə Çempionlar Liqasına uğurla başladığından və qrup mərhələsində hansısa çətinlik çəkmədiyindən bu dəfə də komandaya ümidlər böyük idi.
"Rabitəçilər” onlara bəslənilən ümidləri doğrulda biliblər. Belə ki, komandamız birinci hissədə yaxşı oyun nümayiş etdirərək qələbəyə sevinib. İkinci hissədə isə qonaq komanda qələbə qazanıb. Üçüncü hissədə isə "Rabitə” yenidən Omsk təmsilçisini məğlubiyyətə uğradıb. Dördüncü hissədə yenidən "Omiçka” klubu qalib gəlib. Qalib gələn komandanın adına aydınlıq gətirmək üçün klublar tay-brekdə qüvvələrini sınamalı olublar. Xala-xal prinsipi ilə gedən qarşılaşmanın sonunda sevinən tərəf "Rabitə” klubu olub. Bu qələbə sayəsində komandamız aktvinə 2 xal yazdırıb.
Qeyd edək ki, qrupumuzun digər matçında "Dresdner” (Almaniya) "Beziers”ə (Fransa) 3:1 hesabı ilə qalib gəlib.
Məlumat üçün bildirək ki, "Rabitə” ötən il Çempionlar Liqasının "Dördlər finalı”na yüksəlmişdi. Türkiyənin İstanbul şəhərində təşkil olunan yarışın birinci oyun günündə Azərbaycanın "Rabitə” komandası ilə İtaliyanın "Yamamay” klubu qarşılaşdılar. Bu mərhələyə qədər heç bir görüşdə məğlubiyyətlə üzləşməyən paytaxt təmsilçisi bu oyundan da qələbə ilə ayrılaraq finala yüksəldilər. "Rabitə” Çempionlar Liqasının finalına yüksəlməklə yanaşı, həm də özünə məxsus Azərbaycan rekordunu təzələdi. Belə ki, Azərbaycan çempionu 2-dəfə həlledici mərhələyə-finala yüksəlməklə yeni rekorda imza atdı. Bu uğura hələ ki Azərbaycan klublarından heç biri nail ola bilməmişdi. Beləliklə, "dördlər finalı”nın həlledici mərhələsində "Rabitə” ilə "Vakıfbank” komandası görüşdülər. Bu görüşdə komandamızın hansı nəticəyə nail olacağını qabaqcadan proqnozlaşdırmaq bir qədər çətin idi. Çünki, rəqib kifayət qədər güclü idi. Bundan əlavə, oyunun Türkiyədə keçirilməsi də rəqibə üstünlük verirdi. Amma, komandamız da asan məğlub olmaq fikrində deyildi. "Rabitəçilər” bu oyunda da qalib gəlib, vətənə qızıl medalla dönmək niyyətində idilər. Komandamız bu hissədə "xala-xal” prinsipi ilə mübarizə aparsa da, sonda məğlub oldu. Bununla da, "Rabitə” gümüş medal qazandı.

Komandalarımızın qrup mərhələsində keçirtdikləri oyunlar
22 oktyabr
I tur

E qrupu
"Azəryol” (Azərbaycan) - "Yamamay” (İtaliya) - 3:2 (24:26; 25:20; 25:15; 17:25; 15:13)
Hakimlər: Mixaylo Melnik (Ukrayna), Tomas Murulo (Estoniya)
Bakı. Voleybol Mərkəzi

22 oktyabr
I tur

B qrupu
"Srvena Zvezda” (Serbiya) - "İqtisadçı” (Azərbaycan) - 0:3 (15:25, 16:25, 23:25)
Hakimlər: Sotirios Delikostides (Yunanıstan), Dobromir Dobrev (Bolqarıstan)
Belqrad. "Sumiçe” İdman Kompleksi

24 oktyabr
I tur

"Rabitə” (Azərbaycan) - "Omiçka” (Rusiya) - 3:2 (25:16; 20:25; 25:19; 23:25; 15:13)
Hakimlər: Yuri Bakunoviç (Belarus), Simone Santi (İtaliya)
Bakı, "Sərhədçi” Olimpiya Mərkəzi