Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan avarçəkmə üzrə "Prezident Kuboku-2023” beynəlxalq reqatasının ikinci yarış gününə yekun vurulub. Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışların ikinci günündə idmançılar oğlanlar və qızlar arasında kayak və kanoe qayığı ilə 500, 1500 və akademik avarçəkmə üzrə 2000 metr məsafəyə yarışlarda mübarizə aparıblar.
Azərbaycan idmançıları günü 1 gümüş və 3 bürünc medalla başa vurublar. Komandamızın üzvlərindən gümüş medala 2005-2006-cı illər təvəllüdlü idmançılar kanoe üzrə birnəfərlik qayıqda Elmir Məmmədov sahib çıxıb.
2005-2008-ci illər təvəllüdlü qızlar arasında kanoe üzrə birnəfərlik qayıqda 500 metr məsafəyə yürüşdə Gülnarə Həmzəyeva, 2005-2006-cı illər təvəllüdlü oğlanlar arasında 2000 metr məsafəyə akademik avarçəkmə yürüşdə Nurlan Paşayev bürünc medallara layiq görülüb. Digər bürünc medala isə 2005-2006-cı illər təvəllüdlü oğlanlar arasında ikinəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşdə Ramil Mustafayev və Rüfət Rəhimov cütlüyü layiq görülüb.
Qeyd edək ki, 20 ölkədən 100-dək idmançının iştirak etdiyi yarışın ilk günündə Suqovuşan su anbarında kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüşlər təşkil olunub. Komandamız birinci yarış gününü 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla 5 medalla başa vurublar. Hazırda komandamızın aktivində ümumilikdə 1 qızıl, 2 gümüş və 6 bürünc medal var.
Turnirə sabah keçiriləcək akademik avarçəkənlərin yarışı ilə yekun vurulacaq. Qaliblərin mükafatlandırma mərasimi isə mayın 7-də Bakı bulvarında təşkil olunacaq.