Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan kuboku yarışlarının açılış mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Həndbol Federasiyasının (AHF) kollektivi Fəxri xiyabanı ziyarət edərək, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Həmçinin görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.
“AHF Arena”da təşkil olunan yarışın açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və federasiyanın vitse-prezidenti Orxan Abbasov ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutduğunu və bütün sahələrdə olduğu kimi, idmanda da köklü dəyişikliklərin aparılmasında müstəsna xidmətlər göstərdiyini söyləyiblər.
Eyni zamanda, vurğulanıb ki, müasir müstəqil dövlətin hərtərəfli inkişafının əsasını qoyan ulu öndərin vaxtilə müəyyənləşdirdiyi strateji vəzifələr bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir bədii hissə ilə davam etdirilib.
Ardınca dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Ölkə kuboku turniri açıq elan edildikdən sonra komandalar yarış meydançasına dəvət olunublar.
Gənclər və İdman Nazirliyi və AHF-in birgə təşkilatçılığı ilə keçirilən yarışa 7-si kişilərdən, 5-i qadınlardan ibarət olmaqla 12 komanda qatılıb.
İlkin mərhələnin nəticələrinə əsasən, yarımfinala yüksələn komandalar finalçıları müəyyənləşdiriblər. Qadınların turnirində “Azəryol” “Azərsu”nu 27:8, “Qarabağ” “İdman Akademiyası”nı 27:23 hesabı ilə məğlub edib. Kişilərin mübarizəsində isə “Məhsul”a 30:23 hesabı ilə qalib gələn “İdman Akademiyası” ilə “Bakı”nı 34:27 hesabı ilə üstələyən “Təhsil” finala yüksəlib.