Avropa Paralimpiya Oyunlarında 45 idmançımız təmsil olunacaq

Avropa Paralimpiya Oyunlarında 45 idmançımız təmsil olunacaq

Avqustun 5-21-də Niderlandın Rotterdam şəhərində Avropa Paralimpiya Oyunları keçiriləcək. Yarışda Azərbaycan komandası da təmsil olunacaq. Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə nümayəndə heyətinin missiya rəhbəri idman şöbəsinin aparıcı mütəxəssisi Leyli Aslanova təyin olunub.

Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran yarışlarda ölkəmiz ümumilikdə 45 idmançı ilə təmsil olunacaq. İdmançılar cüdo, boccia, qolbol, kamandan oxatma, güllə atıcılığı, taekvondo və badminton növlərində öz güclərini sınayacaqlar.

Qeyd edək ki, L.Aslanova Tokio-2020 Yay Paralimpiya Oyunlarında nümayəndə heyətinin missiya rəhbərinin müavini vəzifəsində çalışıb.