Polşanın ev sahibliyi etdiyi III Avropa Oyunlarının tərkib hissəsi olan atletika üzrə komandalar arasında Avropa çempionatına start verilib. Yarışın ilk günündə 2-ci və 3-cü diviziondakı idmançılar mübarizə aparırlar. 3-cü divizionda yer alan təmsilçilərimiz arasında ən uğurlu nəticəni çəkicatma yarışlarında Anna Skidan göstərib. 3-cü cəhdindən etibarən göstəricilərini getdikcə daha da yaxşılaşdıran Anna yekunda 71.69 metr nəticəyə imza atıb. Bununla da 11 atlet arasında Azərbaycan idmançısı bütün rəqiblərini qabaqlayaraq 1-ci yeri tutub və divizionun qalibi adını qazanıb. Üçtəkanla tullanmada Aleksis Kopello 15.91 metr nəticə ilə yadda qalıb. Bununla da atletimiz 14 idmançı arasında 2-ci olub. Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda yarışıb. L.Vəliyeva 55.79 saniyə göstərici ilə 5-ci sırada qərarlaşıb. Anna Yusupova 5000 metr məsafəyə qaçışda iştirak edib. 17.37.97 dəqiqə nəticə ilə Anna 14 iştirakçının qatıldığı yarışda finişə 5-ci gəlib. 400 metr məsafəyə qaçışda Cavid Məmmədov 49.58 saniyə nəticə ilə 10-cu yeri tutub. Elman Abışov 800 metr məsafəni 2.06.12 dəqiqəyə qət edib və bu iştirakçılar arasında 14-cü nəticə olub. 100 metr məsafəyə qaçışda İlahə Quliyeva 12.39 saniyə göstərici ilə yarışı 10-cu yerdə başa vurub. 100 metr məsafəyə qaçışda kişilərin mübarizəsindəki təmsilçimiz Aleksey Əliəkbərov isə 11.23 saniyə nəticə ilə 11-ci olub.
Qeyd edək ki, fərdi yarışlarda oyunların mükafatçıları 3 divizionun hamısında mübarizə yekunlaşdıqdan sonra ümumi nəticələr əsasında müəyyən ediləcək.