İyunun 26-da Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) işə başlayıb.
Konfransın birinci günündə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos çıxış ediblər.
Tədbirdə MINEPS VII konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd olunub və forumun gündəliyində duran məsələlər, gender bərabərliyi, “Prioritet Afrika”, "Gənclər liderlik edir” və gənclərin inkişafı mövzuları müzakirə olunub. Eyni zamanda, proqrama əsasən “Fit for life” layihəsinin əhəmiyyəti barədə məlumat verilib.
Panel iştirakçıları idmanın bu sahələrə təsiri ilə bağlı uğur hekayələrini və ən yaxşı təcrübələrini bölüşüblər.
Xatırladaq ki, konfransın əsas məqsədi idmanla bağlı beynəlxalq tendensiyaların qiymətləndirilməsi, bədən tərbiyəsi və idman sahəsində beynəlxalq strategiyalar üçün mexanizmlərin hazırlanmasıdır.
İyunun 29-dək davam edəcək konfransda 150-dək ölkənin bədən tərbiyəsi və idman sahəsinə məsul qurumlarının rəhbərləri və nazirlər iştirak edirlər.
Qeyd edək ki, konfransın rəsmi açılışı sabah keçiriləcək.