Milli Paralimpiya Komitəsində idman növləri üzrə baş məşqçilərlə görüş keçirilib. İclasda qurumun yeni prezidenti Hidayət Abdullayev, baş məşqçilər və əməkdaşlar iştirak ediblər.
H.Abdullayev milli komandaların hazırki fiziki və psixoloji hazırlığı, maddi-texniki bazasının durumu ilə maraqlanıb. Komitə prezidenti Paris-2024 Yay Paralimpiya Oyunlarına hazırlıq prosesinə diqqət çəkib. Qeyd olunub ki, bir ildən sonra keçiriləcək Oyunlarda iştirak üçün vacib olan reytinq xallarını qazanmaq məqsədilə milli komandalar qarşıdan gələn yarışlara çox ciddi şəkildə hazırlaşmalıdırlar.
Görüşdə paralimpiadaya hazırlıqla əlaqədar qarşıda duran vəzifələr geniş müzakirə edilib.
H.Abdullayev avqustda keçiriləcək Avropa Paralimpiya çempionatları və IBSA Dünya Oyunlarında iştirak edəcək idmançıların hazırlıqları ilə maraqlanıb, komandalara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Söhbət zamanı yeni idmançıların, o cümlədən müharibə əlillərinin paralimpiya idman növlərinə cəlb edilməsi, həmçinin, regionlarda fəaliyyətin gücləndirilməsinin vacib olduğu baş məşqçilərin diqqətinə çatdırılıb.