CEV kubokunda mübarizə aparan "Azərreyl”in rəqibi müəyyənləşib. "Dəmiryolçular” 1/8 final mərhələsində "Olomouts” klubu ilə qarşılaşacaqlar. Çexiya təmsilçisi bundan əvvəlki mərhələdə "Askö” (Avstriya) komandasını mübarizədən kənarlaşdırıb. Belə ki, doğma meydanda 3:0 hesabı ilə qalib gələn "Olomouts” səfərdə də rəqibini eyni hesabla məğlub edib - 3:0 (25:20, 25:10, 25:18). 1/8 final mərhələsinin ilk oyunları dekabrın 3-5-də, cavab matçları 1 həftə sonra olacaq. "Azərreyl” birinci görüşünü doğma meydanda keçirəcək.
Qeyd edək ki, "Azərreyl” 1/16 final mərhələsində "Partizan” (Serbiya) klubunu mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə vəsiqə qazanmışdı. Onu da nəzərə çatdıraq ki, komandamız birinci oyununu səfərdə keçirmişdi. Serbiyada keçirilən qarşılaşmaya "Partizan” klubu fəal başlamışdı. Birinci və ikinci hissədə qalib gələn komanda növbəti hissələrdə ardıcıl məğlub olmuşdu. Beləliklə, qalib gələn komandanın adını müəyyənləşdirmək üçün klublar tay-brekdə qüvvələrini sınamışdılar. Bu hissədə isə qarşılaşma xala-xal prinsipi ilə davam etsə də, sonda rəqib komanda qalib gəlmişdi. Növbəti mərhələyə yüksələcək komandanın adını müəyyənləşdirmək üçün tərəflər Bakıda cavab qarşılaşmasına çıxdılar. Komandamız bu oyunda mütləq 3:1 hesabı ilə qələbə qazanmalı idi. Çünki məğlub olacağı təqdirdə, komandamız növbəti mərhələyə yüksələ bilməyəcəkdi.
Doğma meydanda təşkil olunan qarşılaşmaya Aleksandr Çervyakovun yetirmələri fəal başladılar. Bu, hesab da özünü göstərdi. Təmsilçimiz birinci hissədə rəqibi nə az, nə çox, 16 top fərqi ilə məğlub etdi. İkinci hissədə isə Serbiya təmsilçisi üstünlüyə yiyələndi. Ardıcıl qazanılan xallar sayəsində rəqib komanda qələbəni bayram etdi. Lakin onların bundan artığına gücü çatmadı. Növbəti hissələrdə qalib gələn komandamız 3:1 hesabı ilə "Partizan” komandasını məğlubiyyətə uğratdı. Məhz bu qələbə sayəsində komandamız növbəti mərhələyə vəsiqəni özü üçün təmin etmiş oldu.