İsveçrənin Lozanna şəhərində keçirilən 11-ci Beynəlxalq Atletlər Forumunun (IAF) ilk iş günü başa çatıb.
Azərbaycan Atletlər Komissiyasının sədri Rüstəm Orucovun da iştirak etdiyi forumda bütün ölkələri təmsil edən komissiya üzvləri ən vacib məsələləri müzakirə etmək üçün bir araya gəliblər. COVID-19 pandemiyasından sonra ilk dəfə BOK-un Atletlər Komissiyası tərəfindən təşkil edilən forumda təqdimatlar, müzakirələr və seminarlar üçün idmançı nümayəndələrin qlobal şəbəkəsi bir araya toplaşıb.
Forumun ilk günü komissiyanın son işlərinin icmalı və yenilənmiş strategiyası müzakirə edilib. Forum iştirakçıları AK-nın idarə olunması ilə bağlı fikir mübadiləsi apararaq, müxtəlif sessiyalarda iştirak ediblər.
Forumda Rusiya və ya Belarus pasportuna malik idmançıların beynəlxalq yarışlarda fərdi neytral idmançı kimi iştirakı ilə bağlı beynəlxalq federasiyalar və beynəlxalq idman tədbiri təşkilatçıları üçün BOK və AK tərəfindən təqdim olunan tövsiyələr də müzakirə edilib. Daha sonra idmançılara dəstək, Olimpiya Hərəkatının maliyyələşdirmə modeli və onları BOK vasitəsilə dəstəkləmək üçün mövcud proqramlar, o cümlədən Olimpiya Həmrəyliyi, "Athlete 365" və Ümumdünya Olimpiya Tərəfdaşları tərəfindən təqdim olunan proqramlar barədə də fikir mübadiləsi aparılıb.
Beynəlxalq Atletlər Forumuna oktyabrın 2-də yekun vurulacaq.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti